İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhün uzun yolu – günlə ölçülən savaşın barışığı illərlə çəkir

Son 37 ilin hadisələri bizə öyrədib ki, heç vaxt baş verənlərə “hər şey yaxşı olacaq” prizmasından baxmaq, “prosesin axırı bizə sərfəli variantda bitəcək” havasına girmək olmaz.

Son 5 ili çıxsaq, heç vaxt heç nə biz istəyən kimi alınmayıb. 1988-ci ildən ta 2020-ci ilə qədər xalqımızın məruz qalmadığı məşəqqət, zülm, itki olmayıb.

Bu illərdə dərimizdə “arxalı köpək qurd basar” məsəlinin hikmətini də yaşamışıq, “qonşuya ümid olan şamsız yatar” kəlamının acısını da dadmışıq. Hələ “oğrunun bağırtısının bağrımızı yardığı”, “güvəndiyimiz dağlara qar yağıdığı” da olub. Lap sonda anlamışıq ki, “suda boğulanın xilası öz əllərindədir”.

Ona görə də bu gün Azərbaycan və Ermənistan rəhbərləri arasında Əbu-Dabidə keçirilən görüşün nəticələri barədə gözləntimizi çox yüksək tutmamalıyıq.

Gerçəklikləri düzgün qiymətləndirmək lazımdır. Birinci gerçəklik odur ki, Ermənistanda əhalinin və siyasi müxalifətin mühüm kəsimi özünü haqsız yerə məğlub olmuş sayır və revanş hissi ilə alışıb-yanır.

Onların ritorikası elədir ki, guya Qarabağ bunların əzəli, qaim-qədim ərazisi imiş və Azərbaycan hücum edərək onu ermənilərin əlindən alıb. Bu, Ermənistanda hakimiyyət uğrunda aparılan mübarizənin ən zərbəçi arqumentidir.

Tarixi təcrübə göstərir ki, bir xalqı həyəcanlandırmaq, daha dəqiqi, qızışdırmaq üçün ən körükləyici üsul onu gələcəyi sarıdan qorxutmaq, mövcudluğuna təhlükə olduğuna inandırmaqdır.

Ermənistandakı revanşistlər məhz belə edirlər, deyirlər, ayağa qalxmasaq, qisas almasaq, Türkiyə və Azərbaycan Ermənistanı bu və ya digər şəkildə işğal edəcək, erməniləri köləyə çevirəcəklər.

Dünyanın indiki vaxtında belə bir şeyin olmayacağını onlar özləri də bilirlər, amma xalqı qızışdırmaq, meydana çıxarmaq, Paşinyanı devirmək üçün başqa üsulları yoxdur.

Bəs Paşinyan devrilsə, indiki revanşistlər öz övladlarını, kişi qohumlarını səfərbər edib Azərbaycanın üstünə gələcəklərmi? Yəqin ki, yox. Erməni müxaliflər hakimiyyətə gəlsələr, yenə kasıb ermənilərin ölkədə qalmış oğullarını səfərbər edib, qırğına verəcək, dincələcəklər.

Hazırda hakimiyyətdə olan, “Erablur” panteonunun Qarabağda həlak olmuş erməni əsgərlərlə necə sürətlə və ləbələb dolduğunu görən qüvvələr isə artıq reallıqla barışıblar.

Baş nazir Paşinyanın özü də, komandası da “Böyük Ermənistan” xülyasından əl çəkmiş kimi görünür. Vovayeviç hələ ötən il demişdi ki, bizə ərazisi 29 min kvadrat kilometr olan ölkənin təhlükəsiziyini təmin etmək lazımdır.

Nə Türkiyənin, nə də Azərbaycanın müasir Ermənistandan bir kənd və ya 1 hektar boş ərazi qoparmaq niyyəti yoxdur. Hər kəsin torpağı özünə bəsdir.

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin “İrəvan bizimdir” deməsinin arxasında real dövlət niyyəti durmur. Bu sözü, yalnız dövlət başçısının dilindən səsləndiyi və siyasi tələbə çevrildiyi halda ciddiyə almaq olar.
Rəsmi Bakının isə Ermənistandan daha konkret tələbləri var. Onların təmin edilməsi sülh sazişinin imzalanması üçün əsas şərtdir.

Həm də həmin tələblər Ermənistan üçün alçaldıcı və ya yerinə yetirilməsi çətin olan biçimdə deyil. Məsələn, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir. Çoxmu çətindir? Deyil. Çünki bu torpaqlar heç vaxt Ermənistan dövlətinin olmayıb və ona iddia irəli sürmək absurddur.

İkincisi, Ermənistanın konstitusiyasında Azərbaycanın ümdə maraqlarına zidd olan ifadələr var və onlar dəyişdiirlməliidr. Bu da çox çətin deyil. Çünki söhbət konstitusiyanı əsaslı şəkildə dəyişməkdən yox, ona yüngülvarı düzəlişlər etməkdən gedir.

Hazırkı hökumətə qarşı olan müxalifət qüvvələri isə elə qələmə verirlər ki, guya konstitusiyaya hər hansı düzəliş edilsə, Ermənistan dövlətçiliyi əldən gedəcək.

Başqa necə ola bilər ki? Qonşu dövlətlə düşmənçilik büsatında ola-ola, əsas qanununda ona ərazi iddiası edə-edə, onunla sülh sazişi imzalamaq mümkün deyil. Bu, olsa-olsa, vaxt qazanmaq üçün onu aldatmaq cəhdidir.

Bu, baxımdan Ermənistanın başqa yolu yoxdur, o sülh içində yaşamaq istəyirsə, qalıcı sülh sazişi bağlamağa məcburdur. Hipotetik olaraq, Ermənistan yenidən Azərbaycanla savaşaraq bir-iki adsız təpə və ya adlı dərə işğal etsə belə, bu, o demək deyil ki, Azərbaycan onunla sülh müqaviləsi bağlayacaq.

Azərbaycan üçün ən əlverişsiz, işğal ağrısının şiddətli, 700 mindən çox qaçqın və köçkünü yerləşdirməyin, dolandırmağın problem olduğu illərdə də rəsmi Bakı ədalətsiz sülhə qol qoymadı.

Demək, sülh üçün başlıca şərt tərəflərin öz sərhədləri daxilində durmasıdır. Hazırda hər iki tərəf öz çəpərinin içindədir. İki ölkənin sərhədlərinin demarkasiya və delimitasiyası kimin öz çəpərini bir metr arxaya, kimin irəliyə çəkməli olduğunu göstərəcək.

Belə olandan sonra sülh sazişinin bağlanması zəruru və qaçılmazdır. Ermənistan bundan imtina edəcəksə, cığallıq, oyunpozanlıq etmiş olacaq.

Bu iki dövlət arasında razılaşdırılmalı məsələlər çoxdur - Zəngəzur dəhlizindən tutmuş ta kommunikasiyaların bərpasına qədər. Hələ gələcəkdə diplomatik münasibətlərin qurulmasını da qeyd etmək olar.

Ancaq bunların hamısı sülh sazişindən sonrakı işdir. Bugünkü görüş isə sülh sazişinin reallaşmasına doğru atılan iri bir addımdır. Sülhün yolu uzundur. Günlə ölçülən savaşların barışığı illərlə çəkir.

Mərdiməzarlıq edən olmasa, yaxın dönəmlərdə həmin sazişin imzalanmasını görəcəyik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyun 2026

31 May 2026

29 May 2026

23 May 2026

21 May 2026

19 May 2026

15 May 2026

13 May 2026

11 May 2026

08 May 2026

06 May 2026

04 May 2026

02 May 2026

29 Aprel 2026

27 Aprel 2026

24 Aprel 2026

20 Aprel 2026

18 Aprel 2026

15 Aprel 2026

13 Aprel 2026

11 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

30 Mart 2026

27 Mart 2026

25 Mart 2026

23 Mart 2026

21 Mart 2026