İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdə çalınan savaş şeypuru kimin üçündür? – Rusiyanın 102-ci bazası barədə iddialar var

Ermənistan-Ukrayna-Rusiya-Azərbaycan xəttində dolaşıq bir situasiya yaranıb.

Məsələnin mahiyyəti belədir: Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsi bu günlərdə iddia irəli sürüb ki, Rusiya Gümrüdəki bazasında hərbçilərinin sayını artırır, təyyarələrlə bazaya əlavə hərbçlilər göndərir və bu Azərbaycanla gərginləşən münasibətlərin fonunda baş verir.

Yəni Ukrayna tərəfinin inandırmasına görə, Rusiya həmin qüvvələri Azərbaycana qarşı istifadə etmək üçün toplayır.

Ermənistan tərəfi isə bu iddiaları təkzib edib, ölkənin XİN-i bəyanat yayıb ki, ölkə ərazisi qonşularına qarşı hərbi əməliyyatlar üçün istifadə edilə bilməz.

Amma bu, o demək deyil ki, Rusiya Gümrüdəki hərbi kontingentin şəxsi heyətinin sayını artırmayıb. Erməni tərəfi sadəcə, öz ərazisinin üçüncü dövlətlər tərəfindən heç bir qonşu dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edilə bilməyəcəyini bildirib.

Məgər Rusiya özünü Ermənistanda “başqa dövlət” kimi hiss edir? Xeyr. Rusiya hələ də özünü postsovet məkanının böyük hissəsində (Baltikyanı ölkələr xaric) “baş dövlət” sayır və bütün davası da bu statusu əldən verməməkdir.

Başqa sözlə, Moskva Gümrüdəki hərbi bazada xidmət keçən 5 min nəfərlik hərbi kontingentə əlavə hərbçilər qoşarkən Ermənistandan icazə almaya bilər. Bu halda yayılan informasiyaların həqiqət hissəsi böyüyür. Xüsusilə də ona görə ki, Rusiyada bu sayaq isterik tutmalar, tələsik qərarlar verilməsi halları tarixən çox olub.

Fəqət onu da nəzərə almaq lazımdır ki, Ukrayna Rusiya ilə şiddətli müharibə aparan tərəfdir. Bu, son 80 ildə Avropa qitəsində analoqu olmayan elə bir qanlı, amansız müharibədir ki, artıq tərəflər “hər şey daxil” konseptinə keçiblər, bütün sahələrdə, bütün cəbhələrdə vuruşurlar.

Bu baxımdan “Gümrüdəki hərbi bazanın gücü Azərbaycana qarşı istifadə olunması üçün artırılır” iddia-xəbəri Rusiya-Ukrayna arasındakı informasiya müharibəsinin bir epizodu kimi nəzərdə tutula bilər.

Təbii ki, Ukrayna Rusiyanın düşmənlərinin artmasında, ona qarşı ikinci, üçüncü cəbhənin açılmasında maraqlıdır, ona görə də bu saat Kiyev Rusiya ilə istənilən ölkəni vuruşdurmaq üçün informasiya təxribatı törədə bilər.

Ancaq bu iddianı təkzib edən tərəf ilk növbədə Rusiyanın özü olmalıydı. O isə indilikdə susmağa üstünlük verir.

Məsələnin başqa bir tərəfi də var: əgər Rusiya gerçəkdən də Gümrüdəki hərbi bazasında hərbçilərin sayını artırıb, bazasını gücləndirirsə, bu, heç də qonşu dövlətlərdən biri ilə hərbi münaqişəyə girmək üçün olmaya bilər.

Ona görə ki, Rusiya Ermənistanın indiki rəhbərliyi ilə də münaqişədədir. Nikol Paşinyan Rusiyaya rəğbət bəsləyən erməni müxalifətini sıxma-boğmaya alıb zəiflətdiyi kimi, Rusiyaya güvənən dini müxalifətlə də dərin intriqa içindədir. Bu saat Kremlin anti-Paşinyan qüvvələrə hərbi dəstək verməsi üçün bütün şərtlər hazırdır. Moskva 102-ci bazanı hərəkətə gətirməklə Paşinyana ciddi problem yarada bilər.

Son illərdə bir neçə dəfə təkrarladığımız kimi, Rusiyanın keçmişində bu cür “hərbi müdaxilə”lərə dair bir çox parlaq nümunələr var. Qısa şəkildə Budapeşt-1956, Praqa-1968 və Kabul-1979 olaylarını xatırlaya bilərik. Xüsusilə də sonuncu çox ibrətamizdir. O zaman SSRİ rəhbərliyi Əfqanıstanın devrilmiş və qətlə yetirilmiş lideri, kommunist Nurməhəmməd Tərakinin qisasını çox ləngitmədən aldı, Kabuldakı prezident sarayına hücum etdi, hakimiyyətə yiyələnmiş kommunist Hafizulla Əmini devridi və öldürdü. Məsələ bitdi.

Rusiya eyni şeyi İrəvanda da edə bilərmi? Əlbəttə, edə bilər. Kreml belə məsələlərdə incə qəlbli, duyğusal deyil, zərbəni vurur, sonra “həyat davam edir”, “məcburən belə etdik”, “daha dəhşətli şeylər ola bilərdi” lirikasına güc verir.

Ancaq hazırda İrəvan 1979-cu ildəki Kabul deyil. İndi Ermənistanda 5 min rus hərbçi varsa, o qədər də amerikalı və avropalı kəşfiyyatçı, diplomat, hərbçi, mühafizəçi var. Onlar Paşinyanı və komandasını, eləcə də əsas hökumət binasını “xarici müdaxilə”dən qorumağa hazırdırlar.

Ona görə də əsas məsələ Gümrüdəki rus bazası ilə bağlı deyilənlərin həqiqət olub-olmamasını öyrənməkdir. Orada savaş şeypuru çalınırsa, hərəkətlənmə və gücləndirmə olubs, davam edirsə, bu, xeyir əlaməti deyil. Bu, “Tütək səsi” filmindəki Cümrünün havalanıb tütək çalmasına bənzəməz.

Hər halda, ayıq-sayıq olmaq lazımdır. Nə heç kəsin dilinə, felinə uymaq lazım deyil, nə də deyilənləri qəribçiliyə salmaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyun 2026

31 May 2026

29 May 2026

23 May 2026

21 May 2026

19 May 2026

15 May 2026

13 May 2026

11 May 2026

08 May 2026

06 May 2026

04 May 2026

02 May 2026

29 Aprel 2026

27 Aprel 2026

24 Aprel 2026

20 Aprel 2026

18 Aprel 2026

15 Aprel 2026

13 Aprel 2026

11 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

30 Mart 2026

27 Mart 2026

25 Mart 2026

23 Mart 2026

21 Mart 2026