İnsanlara hürriyət, millətlərə istiqlal!

Zığ qəbiristanlığında qurban gözləyən təhlükə - VİDEO

Xətai rayonunun Zığ qəsəbəsində, Zeytunluq massivi yaxınlığında yerləşən qəbiristanlıq bu gün real təhlükə mənbəyinə çevrilib. İllərdir budanmayan, qurumuş, əyilmiş ağaclar istənilən an aşaraq faciəyə səbəb ola bilər.

Qəbiristanlığa yaxınlarının məzarını ziyarət etməyə gələn sakinlər narahatdır. Təhlükə göz önündədir, amma cavabdeh qurum susur. Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, nəticə yoxdur. Halbuki söhbət kosmetik problemdən yox, insan həyatı üçün birbaşa riskdən gedir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Mirdamət Seyidovun mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qalıb. Bildirilir ki, qurum rəhbərliyi məsələyə reaksiya vermək istəmir.

Azərbaycanda yaşıllaşdırma sahəsində illərdir dolaşan bir ifadə var – “yaşıl dollar”. Bu anlayış təsadüfən yaranmayıb. Ağac kölgəsində təkcə bitkilər yox, şişirdilmiş smetalar, qaranlıq müqavilələr, görünməyən dövriyyələr də boy atıb. Elə əsas suallar da buradan başlayır:

Niyə yaşıllaşdırma kimi ixtisas tələb edən sahəyə peşəkar mütəxəssislər deyil, bu sahə ilə əlaqəsi olmayan şəxslər rəhbərlik edir?

Qarabağ veteranı, kənd təsərrüfatı üzrə mütəxəssis Məmməd Təvəkkül oğlu
Seyidovun dövlət rəhərliyinə ünvanladığı müraciət də məhz bu kontekstdə diqqət çəkir. İllərlə bu sahədə çalışmış bir mütəxəssisin dedikləri təsadüfi narazılıq deyil. O yazır ki, peşəkarları ixtisassız adamlarla əvəz etdilər: “Ona görə də bu qurumda direktorlar tez-tez dəyişir”.

Bu cür iradlara cavab vermək əvəzinə isə tanış ssenari işə düşür: mediaya hücum, “sifarişli yazı”, “ağzıgöyçək jurnalist” ritorikası… Halbuki cəmiyyətin sualı sadə və legitimdir.

Yaşıllaşdırma artıq təkcə ekoloji məsələ deyil – bu, büdcə vəsaitlərinin taleyi məsələsidir.
Bakı şəhərinin yaşıllaşdırılması illərdir gündəmdədir. Yaşıllıqlar azalır, amma bu sahəyə ayrılan vəsaitlər fonunda “iş görənlərin” maddi çəkisi artır. Uzun müddət “toxunulmaz”, “sakit, amma gəlirli” hesab edilən bu sahə indi daha çox diqqət mərkəzinə düşüb.

İki il əvvəl təqaüdçü Mirdamət Seyidovun birliyin rəhbərliyinə gətirilməsindən sonra isə suallar daha da artıb. Onun bu sahədə bilik və bacarıqları ilə bağlı narahatlıqlar səssizdir – elə kağız üzərində qalan, hələ əkilməmiş ağacların olmayan yarpaqları kimi. Əvəzində mediada mədhiyyələr çoxalıb. Onu müdafiə edənlər Seyidovu “sədaqət nümunəsi”, “əqidə adamı”, “sadə həyat tərzi keçirən məmur” kimi təqdim edirlər. Amma əsas sual açıq qalır:

Yaşıllaşdırmanı sədaqətlə idarə etmək kifayətdirmi, yoxsa bu sahə bilik, peşəkarlıq və hesabatlılıq tələb edir?

Yaşıllaşdırma sadəcə ağac əkmək deyil. Burada tenderlər var, dərmanlar var, əkin materialları var, budama aktları və milyonlarla manatlıq büdcə vəsaiti var. Kağız üzərində bir ağacın qiyməti var, torpaqda isə başqa mənzərə. Sənədlərdə budama aparılıb, amma budanmış ağacı görən yoxdur. Xəstəliklərlə mübarizə yazılıb, amma dərmanların harada və necə tətbiq edildiyi məlum deyil.

Bu suallar cavablandırılmadıqca, növbəti faciə üçün sadəcə vaxt gözlənilir…

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR