Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Çerniqov vilayətinin Priluki şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 5 nəfərin həlak olduğunu, 26 nəfərin isə yaralandığını açıqlayıb.
Musavat.com xəbər verir ki, yaralananlar arasında 5 uşaq da var.
Dövlət başçısının sözlərinə görə, dağıntılar altında hələ də insanların qalması ehtimal olunur.
"Putinin ad günündə Rusiya ordusu Çerniqov vilayətinin Priluki şəhərində yaşayış binasını məhv edərək "hədiyyə" təqdim etdi", - deyə Zelenski vurğulayıb.
Zelenski həmçinin Dnepr, Kremençuk, Zaporojye və Kiyev şəhərlərində də yaşayış binalarının zərər gördüyünü diqqətə çatdırıb.
Verilən son məlumatlara görə, Kiyevdə 2 nəfər, Aleksandriya şəhərində isə daha 2 nəfər həyatını itirib.
Ukrayna lideri kütləvi hücumun əsas hədəflərindən birinin energetika infrastrukturu olduğunu bildirib.
O qeyd edib ki, Rusiya bu hücum zamanı ballistik raketlər də daxil olmaqla 70-ə yaxın raket və çoxsaylı PUA-lardan (dronlardan) istifadə edib.
"Rusiyanın ballistik raketləri bizim üçün ən böyük təhlükə və problem olaraq qalır. Hazırda Hava Hücumundan Müdafiə (HHM) sistemləri Ukrayna üçün həyati əhəmiyyət kəsb edir", - deyə Zelenski əlavə edib.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ