Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə təhlükəsizlik arxitekturası yenidən formalaşır. Belə ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Birgə Müdafiə Sazişinin ardınca Suriya da bu ittifaqa qoşulmaq imkanını nəzərdən keçirir. Siyasi şərhçilərə görə, Dəməşqin mümkün üzvlüyü həm Suriyanın təhlükəsizlik siyasətinə, həm Türkiyənin regiondakı roluna, həm də ərəb və müsəlman ölkələri arasında hərbi-strateji əməkdaşlığın gələcəyinə təsir göstərə bilər.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz mövzu ilə bağlı Musavat.com-a danışıb. Generalın fikrincə, Suriyanın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Birgə Müdafiə Sazişinə qoşulmaq niyyəti ölkənin suverenliyini bərpa etmək, ordusunu gücləndirmək, İsrailin hücumlarına qarşı çəkindirmə yaratmaq və İran mərkəzli təhlükəsizlik asılılığından uzaqlaşmaq istəyindən irəli gəlir:
"Dəməşq rəhbərliyi bu mexanizm vasitəsilə ərəb və İslam dünyasına yenidən inteqrasiya etməyi, beynəlxalq legitimlik qazanmağı, ölkənin yenidən qurulması üçün siyasi və iqtisadi dəstək əldə etməyi hədəfləyir.
Suriyanın iştirakı sazişi üç ölkə arasındakı məhdud müdafiə tərəfdaşlığı çərçivəsindən çıxararaq Türkiyədən Körfəzə və Cənubi Asiyaya uzanan daha geniş regional təhlükəsizlik arxitekturasına çevirə bilər. Türkiyənin hərbi və müdafiə sənayesi potensialı, Səudiyyə Ərəbistanının maliyyə-siyasi gücü, Pakistanın hərbi təcrübəsi və Suriyanın geostrateji mövqeyi birləşdikdə Yaxın Şərqdə yeni çəkindirmə mərkəzi yarana bilər.
Bu inkişaf xüsusilə İsrailin Suriya üzərindəki hərbi fəaliyyət sərbəstliyini məhdudlaşdıra bilər".
Yücel Karauz vurğulayıb ki, Suriyanın üzvlüyü İsrailə qarşı avtomatik müharibə öhdəliyi kimi qiymətləndirilməməlidir:
"Sazişin məqsədi münaqişə yaratmaq deyil, mümkün hücumun qiymətini yüksəltməklə onun qarşısını almaq olmalıdır. Əks halda ittifaq üzvləri istəmədikləri regional müharibəyə cəlb oluna bilərlər.
İran baxımından sazişin “sünni hərbi bloku” təsiri bağışlamaması vacibdir. İranı birbaşa hədəfə alan struktur regional qütbləşməni daha da dərinləşdirə bilər. Əgər dövlətlərin suverenliyi, sərhəd təhlükəsizliyi, terrorla mübarizə və xarici müdaxilələrin qarşısının alınması əsas götürülərsə, bu struktur daha əhatəli təhlükəsizlik mexanizminə çevrilə bilər.
Türkiyənin əsas gözləntiləri Suriyanın ərazi bütövlüyünün qorunması, mərkəzi dövlət hakimiyyətinin gücləndirilməsi, SDQ/YPG də daxil olmaqla dövlətə tabe olmayan silahlı strukturların ləğv edilməsi və ya mərkəzi sistemə inteqrasiyası, Türkiyə sərhədlərindəki təhlükələrin aradan qaldırılmasıdır. Suriyalı qaçqınların təhlükəsiz və könüllü qayıdışı da yalnız belə sabitlik şəraitində mümkün ola bilər".
Yücel Karauz qeyd edib ki, Ankara, həmçinin Suriya üzərindən Körfəzə uzanan avtomobil yollarının, dəmir yollarının, enerji və ticarət dəhlizlərinin yenidən açılmasını istəyir:
"Suriyada sabitliyin təmin edilməsi Türkiyənin Körfəz bazarlarına çıxışını asanlaşdıracaq, Türkiyə şirkətlərinə yenidənqurma prosesində mühüm imkanlar yaradacaq və ölkənin regional logistika mərkəzi mövqeyini gücləndirəcək".
Bununla belə, general hesab edir ki, Suriyanın üzvlüyünə tələsmək olmaz:
"Əvvəlcə Suriyada vahid və legitim ordu yaradılmalı, silahlı qrupların statusu müəyyənləşdirilməli, kollektiv müdafiənin hansı hücumları əhatə edəcəyi aydınlaşdırılmalı və ortaq qərar mexanizmləri qurulmalıdır. Buna görə ilk mərhələdə tam üzvlük əvəzinə müşahidəçi statusu, hərbi təlim, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sənayesi əməkdaşlığına əsaslanan mərhələli model tətbiq edilə bilər.
Nəticə etibarilə, Suriyanın iştirakı düzgün idarə olunarsa, Yaxın Şərqdə müharibə ittifaqı deyil, çəkindirmə və sabitlik mexanizmi yarada bilər. Türkiyənin məqsədi yeni cəbhə açmaq deyil; Suriyanın parçalanmasının qarşısını almaq, sərhəd təhlükəsizliyini təmin etmək, terror təhlükəsini aradan qaldırmaq və Türkiyədən Körfəzə qədər uzanan sabit təhlükəsizlik və iqtisadiyyat qurşağı formalaşdırmaq olmalıdır".
Xalidə Gəray
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ