Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın və onun lideri İlham Əliyevin dünya miqyasında artan nüfuzu ölkəmizin reytinqini getdikcə yüksəldir. Hər dəfə dövlətimizin başçısının beynəlxalq aləmdə tanınmış agentliklərə və televiziyalara verdiyi müsahibələr böyük rezonans doğurur. Azərbaycan Prezidentinin bugünlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə beynəlxalq ictimaiyyətdə maraqla qarşılanıb. Müsahibədə qeyd edilir ki, ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.
Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi dövlətimizin başçısının müsahibəsinə istinadən deyib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır:
“İki qardaş ölkə arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər yeni inkişaf mərhələsinə qədəm qoymuş və ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlmişdir. İki ölkə prezidentləri arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır”.

Komitə sədri dost və qardaş ölkələr arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq son beş ildə müntəzəm 15 qarşılıqlı səfər, sıx təmaslardan, bu əlaqələrin dinamik inkişaf və əməkdaşlığın daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradılmasından söhbət açıb:
“Bu səfərlər çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər iki müstəqil, güclü və suveren dövlətlər arasında müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı. 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi”.
Ç.Qənizadə hazırda iki ölkə arasında siyasi münasibətlərin iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşdiyni vurğulayaraq, həyata keçirilən layihələrin ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarının daha da möhkəmləndirildiyini bildirib. O, Azərbaycan Prezidentinin Özbəkistana qarşıdakı səfərini də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.
Komitə sədri dövlətimizin başçısının müsahibəsində iqtisadi-ticari əməkdaşlığın son illərdə sürətli inkişaf dinamikasının da yer aldığını, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artdığını və Hökumətlərarası Komissiyanın iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib: “Energetika sektorunda, həmçinin tranzit daşımalarında artım müşahidə olunur. Humanitar əlaqələrin inkişafında, təhsil sahəsində və media sektorunda əməkdaşlıq ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür.
Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir”.
Ç.Qənizadə müsahibənin beynəlxalq aləmdə böyük maraq doğurduğunu qeyd edərək diqqətçəkən məqamlardan birinin də dövlətimizin başçısının Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dinamik şəkildə inkişafı barədə sələndirdiyi fikirlərin olduğunu deyib: “Qeyd edilib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir”.
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ