Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi davam etdirilir. Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
Musavat.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərdən biri Mehriban Abasquliyeva ifadə verib.
O, ekspert rəylərinin həqiqəti əks etdirmədiyini iddia edib. Deyib ki, yanğın olan palatada sağ qalanlar var.Yanğın olmayan palatada isə ölənlər qeydə alınıb. Müttəhimin sözlərinə görə, ilkin versiyaya əsasən yanğın palatada yerləşən avadanlıqlardan və ya elektrik naqillərində baş verib.
Onun sözlərinə görə, yanğının mənbəyi kimi göstərilən sol küncə yaxın divarda digər hissələrlə müqayisədə daha çox qaralma müşahidə olunub. Mehriban Abasquliyeva ekspert rəylərində ciddi ziddiyyətlərin olduğunu bildirib:
“Yanğının baş verdiyi palatada olmuş və sağ qalmış 5 yeni doğulmuşun heç birində kəskin inhalyasion zəhərlənmə və kəskin tənəffüs çatışmazlığı diaqnozu müəyyən edilməyib. Amma yanğın olmayan palatalarda 3 körpənin məhz bu səbəbdən öldüyü göstərilib. Bu rəy həqiqətə uyğun deyil”.
Mehriban Abasquliyeva iddia edib ki, yanğından sonra Respublika Perinatal Mərkəzinin üç həkimi Kliniki Tibbi Mərkəzə gedərək təxliyə olunan körpələrin müalicəsinə kömək etmək istəyib. Onun sözlərinə görə, həmin mərkəzin rəhbərliyi buna imkan verməyib:
“Kliniki Tibbi Mərkəzin həkimləri üç yenidoğulmuşun ölümünü dəm qazı ilə zəhərlənmə kimi göstərməklə məsuliyyətdən yayınmağa çalışıblar”.
O bildirib ki, yanğın olmayan otaqlarda yerləşən körpələrin bədənində his və qətran izlərinin olması barədə tibbi sənədlərdə yazılan qeydlər də şübhəlidir:
“Körpələr qapalı küvezlərdə olublar. Belə halda onların bədənində his izlərinin olması mümkün deyil”.
Müttəhim əlavə məhkəmə-tibbi ekspertizası keçirilməsini tələb edib. O, həmçinin Perinatal Mərkəzinin neonatoloqları - yenidoğulmuşların sağlamlığının qorunması, müalicəsi və profilaktikası ilə məşğul olan həkimlər Aysarə Mirzəyeva, Könül Məmmədova, Dilarə Əsgərova, Sədaqət Eminbəyli və Zeynəb Əliyevanın şahid qismində məhkəmədə dindirilməsinə dair vəsatətlə çıxış edib. Mehriban Abasquliyeva növbə çəkən tibb personalının həm vəzifə borcunu, həm də yanğın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozduğunu bildirib.
Onun sözlərinə görə, hadisə zamanı blokda faktiki olaraq yalnız həkim Validə Əliyeva qalıb və o da körpələrə nəzarət etmək əvəzinə sənədlərlə məşğul olub. Mehriban Abasquliyeva iddia edib ki, tibb personalı yanğın barədə yanğından mühafizə xidmətinə də məlumat verməyib. Onun dediyinə görə, bəzi tibb işçiləri körpələri küvezdən çıxarmaq əvəzinə palatanı tərk ediblər, yalnız tibb bacısı Əsmayə Məmmədova üç körpəni xilas edə bilib.
Xatırladaq ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. İstintaqın məlumatına görə yanğın mərkəzin 4-cü mərtəbəsində yerləşən yenidoğulmuşların intensiv terapiya palatasında baş verib. Hadisə nəticəsində 7 körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə 361 min manat maddi ziyan dəyib. İstintaqın qənaətinə görə mərkəzin direktoru Mehriban Abasquliyeva müəssisənin imkanlarını nəzərə almadan xəstə qəbulunun sayını iki dəfə artırıb. Bu isə elektrik şəbəkəsinin həddindən artıq yüklənməsinə və nəticədə yanğına səbəb olub. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin yoxlamaları zamanı yanğın siqnalizasiya sisteminin nasaz olduğu, daxili yanğın su kranlarının işləmədiyi, elektrik təsərrüfatında ciddi nöqsanların olduğu müəyyən edilib.İstintaqın qənaətinə görə, bu nöqsanların aradan qaldırılmamasında mərkəzin rəhbərliyi məsuliyyət daşıyır. Cinayət işi üzrə keçmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.
Məhkəmənin növbəti iclası 1 aprel tarixinə təyin edilib.
E.Məmmədəliyev,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ