Onlayn ictimai-siyasi qəzet
İdxaldan asılı ölkələrdə rüsum artımı birbaşa qiymətlərə təsir edir, yük istehlakçının üzərinə düşür
Yanvarın 1-dən etibarən Azərbaycanda kərə yağının idxal rüsumu 5 faizdən 15 faizə qaldırılıb. Son aylarda hər ay orta hesabla 80 qəpik–1 manat bahalaşan kərə yağının qiymətlərinin rüsum artımı fonunda daha sürətlə yüksələcəyi istisna edilmir. Məsələn, hazırda bazarda 1 kiloqramı 25 manata satılan kərə yağının bu ildən etibarən 29–30 manata təklif olunacağı ehtimal edilir.

Məsələ ilə bağlı iqtisadçılar bildirirlər ki, idxal rüsumlarının artırılması qiymətlərə təsirsiz ötüşmür. Onların fikrincə, yaxın aylarda kərə yağında ən azı 8–10 faiz bahalaşma gözlənilir. Xüsusilə köhnə ehtiyatlar tükəndikdən sonra, mart ayından etibarən bazarda daha ciddi qiymət artımı müşahidə oluna bilər. Qeyd olunur ki, 2017-ci ildə tətbiq edilən 15 faizlik idxal rüsumu sonradan 5 faizə endirilmişdi və bu güzəşt cari ildə uzadılmayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan kərə yağına olan tələbatını əsasən idxal hesabına ödəyir. 2025-ci ilin 10 ayı ərzində ölkəyə ümumi dəyəri 121 milyon 60 min dollar olan 16 min 763 ton kərə yağı idxal edilib. Rəsmi statistikaya əsasən, eyni dövrdə Azərbaycandan 26 milyon 322 min dollar dəyərində 3 min 779 ton kərə yağı ixrac olunub.
İxracın əsas istiqaməti Rusiya olub. Belə ki, 10 ayda bu ölkəyə 23 milyon 998 min dollar dəyərində 3 min 437 ton kərə yağı satılıb. İdxalda isə lider ölkə İrandır. Hesabat dövründə İrandan 42 milyon 117 min dollar dəyərində 6 min 994 ton kərə yağı alınıb. Növbəti yerlərdə Yeni Zelandiya (3 min 632 ton) və Səudiyyə Ərəbistanı (1 min 284 ton) qərarlaşıb.
Bununla yanaşı, Ukrayna, Rusiya, Hindistan, Türkiyə, Uruqvay, Almaniya, Belçika, Finlandiya, Fransa, İspaniya, İtaliya, Litva, Lüksemburq, Polşa, Portuqaliya və Danimarkadan da Azərbaycana kərə yağı idxal edilib. İxrac edilən ölkələr sırasında isə Rusiya ilə yanaşı Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkmənistan və İraq yer alır.
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, idxal rüsumunu tətbiq edən dövlətdir və qiymət artımına görə məsuliyyəti yalnız sahibkarların üzərinə yükləmək düzgün deyil. Onun sözlərinə görə, bazarda inhisarçılıq amili mövcud ola bilər və bu məsələ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin diqqət mərkəzində olmalıdır.

“Lakin sahibkarın inhisarçı olub-olmamasından asılı olmayaraq, rüsum qərarı dövlət tərəfindən verilir. Bu baxımdan, sahibkarları hədəfə almaq doğru yanaşma deyil. Faktiki olaraq, rüsum artımı o deməkdir ki, yağı istehlak edən vətəndaş əlavə ödəniş edir”, – deyə X.Kərimli vurğulayıb.
İqtisadçı qeyd edib ki, bu addımın mümkün məqsədlərindən biri də yerli istehsalçıların qorunması və dəstəklənməsidir. Ümumilikdə isə idxal rüsumlarının üç əsas funksiyası var: istehlakı tənzimləmək, büdcəyə əlavə vəsait cəlb etmək və yerli istehsalı stimullaşdırmaq. Bu baxımdan, rüsum siyasəti dövlətin iqtisadi maraqlarına xidmət edir.
Dünya təcrübəsi göstərir ki, kərə yağı və digər süd məhsulları bazarı əksər ölkələrdə dövlətin müəyyən müdaxiləsi ilə tənzimlənir. Bu məhsullar gündəlik istehlak səbətinə daxil olduğu üçün hökumətlər qiymətlərin kəskin dəyişməsinə biganə qalmır. Avropa İttifaqında əsas diqqət yerli istehsalın qorunmasına yönəlib: fermerlər subsidiyalarla dəstəklənir, dövlət ehtiyatları yaradılır və qiymətlər sürətlə qalxdıqda bu ehtiyatlar bazara çıxarılır. İdxal rüsumları mövcud olsa da, məqsəd qiymətləri artırmaq deyil, daxili istehsalı qorumaqdır. Eyni zamanda, inhisarçılığa ciddi nəzarət həyata keçirilir.
ABŞ-də də oxşar mexanizmlər tətbiq olunur. Dövlət fermerlərə minimum alış qiyməti zəmanəti verir, istehsalı subsidiyalaşdırır və bazar tarazlığını qorumağa çalışır. Güclü daxili istehsal sayəsində idxal rüsumları qiymətlərə ciddi təsir göstərmir.
Yeni Zelandiya isə daha liberal model seçib. Burada kərə yağı bazarı əsasən azad bazar prinsipləri ilə fəaliyyət göstərir, rüsumlar ya çox aşağıdır, ya da ümumiyyətlə tətbiq edilmir. Qiymətlər əsasən dünya bazarından asılıdır və dövlət fermerlərin məhsuldarlığının artırılmasına fokuslanır.
Azərbaycanla oxşar iqtisadi quruluşa malik Rusiya və Türkiyə kimi ölkələrdə isə rüsum və subsidiyalar paralel tətbiq olunur. Qiymətlər kəskin artdıqda hökumətlər adətən idxal rüsumlarını müvəqqəti azaldır və ya ixraca məhdudiyyətlər qoyaraq daxili bazarda bahalaşmanın qarşısını almağa çalışır.
Ümumilikdə dünya təcrübəsi göstərir ki, yalnız idxal rüsumlarının artırılması nadir hallarda effektiv tənzimləmə aləti olur. Əksər ölkələrdə bu siyasət subsidiyalar, ehtiyat mexanizmləri və bazara nəzarət tədbirləri ilə balanslaşdırılır. İdxaldan yüksək dərəcədə asılı olan ölkələrdə isə rüsum artımı birbaşa qiymətlərə təsir edir və əsas yük istehlakçının üzərinə düşür.
Afaq Mirayiq
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ