Onlayn ictimai-siyasi qəzet
Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2026) ikinci gününə start verilib.
Musavat.com xəbər verir ki, bu günün ilk mövzusu Xəzər dənizinin iqlim dayanıqlılığına həsr olunub.
“Daxili su hövzələrinin iqlim dayanıqlılığı: diqqət mərkəzində Xəzər dənizi” mövzusunda ilk panel müzakirəsinin açılışında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edib.
Nazir müavini bildirib ki, iqlim dəyişmələri dünyanın bir çox bölgələrində su ehtiyatlarına getdikcə daha ciddi təsir göstərir:
“Temperaturun yüksəlməsi, yağıntı rejiminin və çay axınlarının dəyişməsi, buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə və ekosistemlərə təsir etməklə yanaşı, əhalinin rifahı, ərzaq təhlükəsizliyi və iqtisadi inkişaf üçün də yeni çağırışlar yaradır. Xəzər dənizi regionumuz üçün bu çağırışların ən aydın nümunələrindən biridir. Xəzərin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq yalnız gələcəyə dair proqnoz mövzusu deyil, bu gün müşahidə etdiyimiz reallıqdır. Sahil xəttinin geri çəkilməsi, sahilyanı zonaların dəyişməsi, ekosistemlərin və yaşayış areallarının daralması, Xəzər suitisi və nərə balıqları kimi qiymətli növlər üçün yaranan risklər bu prosesin ekoloji nəticəsidir.

Eyni zamanda, bu dəyişikliklərin təsiri yalnız ətraf mühitlə məhdudlaşmır. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına, şəhərlərə, infrastruktura, nəqliyyata, limanların fəaliyyətinə və bütövlükdə sahilyanı iqtisadi fəaliyyətə ciddi təsirlər göstərə bilər. Bu isə öz növbəsində gələcək investisiya və inkişaf planlarının iqlim riskləri nəzərə alınmaqla yenidən qiymətləndirilməsini zəruri edir. Bu prosesin mürəkkəbliyi ondan ibarətdir ki, onun səbəbləri və nəticələri milli sərhədlərlə məhdudlaşmır”.
Nazir müavini vurğulayıb ki, iqlim dəyişmələri ilə yanaşı, antropogen amillər də mövcud riskləri gücləndirir:
“Buna görə də Xəzərin gələcəyinə dair effektiv yanaşma yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz. Xəzər ortaq su hövzəsidir və onun qorunması, ekoloji dayanıqlılığının təmin edilməsi, qarşıya çıxan çağırışlara uyğunlaşma bütün Xəzəryanı dövlətlərin birgə səylərini tələb edir. Bu baxımdan elmi tədqiqatların nəticələrinin siyasət və qərarların hazırlanması prosesinə daha səmərəli inteqrasiyası, su səviyyəsində baş verən dəyişikliklərin və mümkün gələcək ssenarilərin daha aydın şəkildə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, müxtəlif su səviyyəsi ssenariləri üzrə praktik uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi və onların yerli səviyyədə həyata keçirilməsi üçün imkanların genişləndirilməsi vacibdir.
Hesab edirəm ki, Xəzərin üzləşdiyi çağırışlar yalnız müəyyən bir region üçün deyil, iqlim dəyişmələrinə həssas olan digər daxili su hövzələri üçün də təcrübə formalaşdıra bilər. Bu baxımdan, burada aparılacaq müzakirələrin daha geniş regional və beynəlxalq əməkdaşlıq üçün də faydalı nəticələr ortaya qoyacağına inanıram”.
Nigar Həsənli
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ