Onlayn ictimai-siyasi qəzet
İran hakimiyyətinin ali dini rəhbər Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başladığı barədə xəbərlər yayılıb. Aylarla təxirə salınan mərasim üçün xüsusi koordinasiya mərkəzi yaradılıb. Rəsmilər ölkə daxilindən və xaricdən çoxsaylı iştirakçının gözlənildiyini bildirirlər.
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi deyib ki, dəfn mərasiminin təşkili ilə bağlı bütün dövlət qurumları arasında koordinasiya təmin edilir.
“Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər”, - deyə Mahmudi bildirib.
Dəfn mərasimində çoxlu insanın iştirak edəcəyi gözlənilir. ABŞ və İsraillə gərginliyin davam etdiyi zamanda mərasim təhlükəsizlik riskləri daşıya bilərmi?
Musavat.com xəbər verir ki, Əli Xameneinin dəfn mərasimi Yaxın Şərqdə son onilliklərin ən böyük siyasi-dini kütləvi mərasimlərindən biri ola bilər.
Ekspertlərin fikrincə, bu baxımdan təhlükəsizlik riskləri kifayət qədər yüksək qiymətləndirilir. Ekspertlər hesab edir ki, risklər bir neçə istiqamətdə özünü göstərə bilər.

Birincisi, xarici təhlükə amilidir. Milyonlarla insanın toplandığı məkanlar potensial hədəf kimi qiymətləndirilə bilər. Ona görə də hətta birbaşa hücum ehtimalı aşağı olsa belə, İran xüsusi xidmət orqanları mümkün diversiya, kəşfiyyat fəaliyyəti və ya terror aktı risklərini nəzərə alaraq görünməmiş təhlükəsizlik tədbirləri tətbiq edəcəklər.
Mərasimə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, dini liderlərin və regional siyasi fiqurların qatılması gözlənilirsə, təhlükəsizlik məsələsi daha da mürəkkəbləşəcək. Belə hallarda hava məkanının məhdudlaşdırılması, xüsusi mühafizə zonalarının yaradılması və nəqliyyatın ciddi nəzarətə götürülməsi qaçılmaz olacaq.
Kütləvi insan axını ilə bağlı risklər də meydana gələ bilər. Tarix göstərir ki, milyonlarla insanın iştirak etdiyi dini və siyasi mərasimlərdə əsas təhlükələrdən biri izdihamdır. Sıxlıq, nəqliyyatın iflic olması, insanların idarə olunmasında çətinliklər və fövqəladə hallara operativ reaksiya problemləri insan tələfatına səbəb ola bilən risklər sayılır.
Daxili sabitlik məsələsi baxımından da risklər mümkündür. Əli Xamenei İran İslam Respublikasının simvolik fiqurlarından biri olduğuna görə onun dəfni şübhəsiz, həm də siyasi xarakter daşıyacaq. Hakimiyyət bu mərasimdən dövlətin gücünü və sistemin davamlılığını nümayiş etdirmək üçün istifadə etməyə çalışacaq. Eyni zamanda, təhlükəsizlik qurumları mümkün etiraz aksiyaları, təxribat və ya hökumət əleyhinə çağırışların qarşısını almağa çalışacaqlar.
ABŞ və İsraillə gərginliyin davam etdiyi şəraitdə belə bir dəfn mərasimi yalnız dini mərasim deyil, həm də böyük geosiyasi və təhlükəsizlik hadisəsi hesab ediləcək. İranın təhlükəsizlik strukturlarının minlərlə əməkdaşı, hərbi qüvvələr, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat xidmətlərini səfərbər etməsi gözlənilir.
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ