İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlarda qəfil ürək ölümünün səbəbi bu imiş... - Kardioloqdan XƏBƏRDARLIQ

Paytaxtda 2008-ci il təvəllüdlü yeniyetmənin infarktdan ölməsi geniş müzakirələrə səbəb olub.

Sabunçu rayonunda, məktəb həyətində qəfil halı pisləşən 2008-ci il təvəllüdlü bir yeniyetmənin həyatını itirməsi hamıda haqlı suallar yaradıb: İnfarkt niyə bu qədər gənc yaşlarda baş verə bilir? Bu hallar həqiqətən artır, yoxsa sadəcə daha çox görünür? Valideynlər övladlarında hansı əlamətlərə diqqət etməlidir və riskləri minimuma endirmək üçün nə etmək olar?

Kardioloq İdris Xəlilov mövzu ilə bağlı Musavat.com-a deyib ki, qəfil ürək ölümü (QÜÖ) adətən 1–2 saat ərzində qəfil meydana gələn və çox vaxt mədəciklərin fibrilasiyası nəticəsində ürəyin dayanması ilə baş verən haldır:

b544edf06e70d92ec373c2e7fce14463.jpg (21 KB)

“Uşaqlarda və gənclərdə qəfil ürək dayanması nadir rast gəlinir və əsasən həyat üçün təhlükəli aritmiyalar və ürəyin elektrik-keçirici sisteminin patologiyaları ilə bağlı olur. Bunun ən çox rast gəlinən səbəbləri arasında irsi və genetik ürək xəstəlikləri xüsusi yer tutur. İon kanalı pozğunluqları zamanı ürəyin elektrik sistemi normal görünsə də, hüceyrə membranındakı ion kanallarının fəaliyyəti pozulur. Uzun QT sindromu, Brugada sindromu və katexolaminə-həssas polimorfik VT kimi xəstəliklər gənclərdə və xüsusilə idman zamanı qəfil ölümün ən geniş yayılmış səbəblərindəndir. Həmçinin hipertrofik və dilatasion kardiomiopatiyalar, eləcə də aritmogen sağ mədəcik kardiomiopatiyası da bu risk qrupuna daxildir. Ürək damarlarının anadangəlmə anomaliyaları, viruslar və bəzən peyvənd və ya infeksiya sonrası inkişaf edən miokarditlər də qəfil ürək ölümünə səbəb ola bilər. Miokardit gənclərdə ciddi, lakin çox vaxt diaqnozu çətin qoyulan risk faktorudur. Travma ilə bağlı səbəblər, xüsusilə ağır və qaydasız idman növləri zamanı baş verən zərbələr, tam sağlam uşaqlarda belə bu cür hallara yol aça bilər”.

Həkim qeyd edib ki, ürəyin elektrik sistemində struktur pozğunluqları – AV blok, sinus düyününün disfunksiyası kimi hallar da təhlükəli aritmiyalar yarada bilər:

“Elektrolit pozğunluqları, xüsusilə aşağı kalium, aşağı maqnezium və şiddətli susuzlaşma da ürəyin elektrik sabitliyini pozaraq risk yaradır. İlan və arı zəhəri, enerqetik içkilər, stimulyatorlar, narkotik vasitələr və QT intervalını uzadan dərmanlar kimi faktorlar da ölümcül aritmiyaların səbəbi ola bilər. Konkret ölüm hallarının KİV və sosial şəbəkələrdə geniş müzakirəsi əhali arasında əsassız narahatlıq və təşviş yaradır, bu isə doğru yanaşma deyil. Belə halların araşdırılması yalnız mütəxəssislər tərəfindən aparılmalı və bu prosesin sadə olmadığı nəzərə alınmalıdır. Bütün yeni doğulan uşaqların standart kardioloji müayinələrdən keçməsi bu patologiyaların vaxtında aşkarlanmasına və çox zaman müalicə olunmasına imkan verir. Ölkəmizdə bunun üçün bütün tibbi imkanlar mövcuddur. Eyni zamanda, tam sağlam görünən uşaqlarda belə hər hansı narahatlıq və ya diskomfort yaranarsa, vaxt itirmədən kardioloqa müraciət edilməlidir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR