Onlayn ictimai-siyasi qəzet
“Müharibə iyunun sonuna qədər başa çata bilər”. Bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O, ABŞ və “Könüllülər koalisiyası”nın üzvləri ilə danışıqların yeni bir mərhələyə çatdığını bildirib.
Amerikalı polkovnik-leytenant Daniel Devis isə sosial media səhifəsində bildirib ki, Rusiya ilə NATO arasında birbaşa toqquşma riski hər il artacaq. Onun sözlərinə görə, dünya sürətlə Rusiya ilə NATO arasında hərbi münaqişəyə doğru irəliləyir.
Öz növbəsində tanınmış jurnalist Taker Karlson sosial media saytında yazıb ki, Trampın ABŞ müdafiə büdcəsini 2027-ci ildə 1,5 trilyon dollara çatdırmaq qərarı ölkənin yeni dünya müharibəsinə hazırlaşdığını göstərir...
Bəs Zelenski nəyə əsasən Rusiya ilə müharibənin iyuladək bitəcəyini söyləyir?
İkinci yandan, NATO (ABŞ) və Rusiya arasında hərbi toqquşma mümkündürmü?
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında deyib ki, Zelenskinin açıqlamaları daha çox Ukrayna əhalisinə təskinlik vermək məqsədi daşıyır, o, “müharibə hələ uzun çəkəcək” deyə bilməz: “Bu, Ukrayna xalqını daha çox pessimizmə yuvarlanmasına yol açar”.
H.Oğuzun sözlərinə görə, Rusiya ilə ABŞ arasındakı münasibətləri gərginləşdirən əsas hadisə Pentaqonun rus tankerlərinə qarşı başlatdığı müharibədir: “Məlumdur ki, ağır sanksiyalara məruz qalan Rusiyanın iqtisadi çöküşünün qarşısını almaq üçün söykəndiyi əsas xarici gəlir mənbəyi “kölgə donanması” idi. Tramp hakimiyyətə gələr-gəlməz Rusiya neftini xarici müştərilərə satan “kölgə donanması”nı əsas hədəfə çevirmişdi. ABŞ hərbi gəmiləri Rusiyanın neft tankeri əl qoydu, Rusiya isə buna cınqırını belə çıxarmadı. ABŞ rəsmilərinin açıqlamaları onu göstərir ki, Vaşinqton bu “kölgə donanması”na aid digər tankerlərin də fəaliyyətinə mane olacaq. Nəticədə Rusiya ya xarici ticarət sahəsində bütün nəfəsliklərinin bağlanması ilə razılaşıb aclıqla imtahana çəkiləcək, ya da ABŞ-a simmetrik cavab verəcək”.
Siyasi şərhçi hesab edir ki, Rusiya ABŞ ilə rəqabətdə hər hansı müttəfiqdən yardım almaq imkanına malik deyil: “Məhz bu səbəbdən ABŞ çəkinmədən Rusiya ilə hesablaşmaya girəcək”.
E.Məmmədəliyev,
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ