Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp yenidən enerji bazarlarına yönəlik sərt bəyanatı ilə diqqət mərkəzinə düşüb. Neft qiymətlərinin son həftələrdə geriləməsi fonunda benzinin pərakəndə satış qiymətlərinin hələ də yüksək qalmasını tənqid edən Tramp yanacaq satıcılarından qiymətləri dərhal aşağı salmağı tələb edib.
O, qiymətlərin süni şəkildə yüksək saxlanılmasının qəbuledilməz olduğunu bildirərək, belə halların ciddi hüquqi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Maraqlıdır ki, ABŞ-də neftin ucuzlaşması fonunda benzinin qiymətinin aşağı salınması tələb edilərkən, dünya bazarında Azərbaycanın əsas ixrac markası olan “Azeri Light” neftinin qiyməti əksinə, artım nümayiş etdirib. Bu vəziyyət neft qiymətləri, yanacaq bazarı, vergi siyasəti və istehlakçıların ödədiyi məbləğ arasındakı mürəkkəb əlaqələri yenidən gündəmə gətirir.
Bəs neftin ucuzlaşması benzinin qiymətinə nə dərəcədə təsir etməlidir?
İqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında Trampın çağırışının ciddi iqtisadi əsası olmadığını deyib:
“Düşünürəm ki, bu, bilavasitə Tramp şousudur. Yəni bunu "Tramp şou" adlandırsaq, yanılmarıq. Çünki Tramp özü biznesmendir və çox yaxşı bilir ki, dünya bazarında neftin qiyməti düşən kimi benzinin pərakəndə satış qiyməti dərhal aşağı enə bilməz. Ona görə ki, benzinin son satış qiyməti təkcə neftin qiymətindən formalaşmır. Burada emal proseslərinin xərcləri, logistika, vergilər, ehtiyatların idarə olunması, satış marjası və digər amillər var. Neftin qiyməti düşən kimi bunların hamısı da dərhal aşağı düşürmü? Təbii ki, düşmür”.
İqtisadçı qeyd edib ki, neft qiymətlərinin azalması ilə benzinin qiymətinin ucuzlaşması arasında müəyyən zaman fərqi olur:
“Necə ki, neft bahalaşan kimi benzinin qiyməti də eyni anda dəyişmir, ucuzlaşma zamanı da eyni vəziyyət müşahidə olunur. Bazarın işləmə mexanizmi belədir və bunun üçün müəyyən müddət tələb olunur.
Ona görə də bu çağırışın ciddi iqtisadi əsası yoxdur. Məncə, burada əsas məqsəd iqtisadi mexanizmləri dəyişməkdən daha çox ABŞ ictimaiyyətinə və ümumiyyətlə dünyaya “qiymətlərin aşağı düşməsi üçün mən əlimdən gələni edirəm” mesajını verməkdir. Bu, daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki Tramp özü də çox yaxşı bilir ki, iqtisadiyyat diktə ilə idarə olunmur”.
Xalidə Gəray
Musavat.com
30 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ