İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranda hakimiyyəti dəyişə biləcəkmi?

Xamenei hansısa yolla zərərsizləşdirilsə, qanuni prezident Pezeşkian həbs edilsə, parlamentin sədri də qaçsa, 1979-cu ildən revanş gözləyən Pəhləvilərdən biri də gəlib taxtda otursa, dünyanın İran problemi həll olunacaqmı?

Tramp 250 illik tarixə malik (1776-cı il, 4 iyul) qüdrətli bir ölkənin “ikiqat” (bundan əvvəl də ölkə rəhbəri olub) prezidenti kimi, ola bilsin, 3 minillik İran tarixi – məsələn, Əhəmənilər, Sasani imperiyaları və ya Səfəvilər dövləti – barədə doğru-dürüst nəsə bilməsin. Trampın Tehranı etirazçılara güllə atılacağı halda ölkəni yenidən vura biləcəyi hədəsi gerçək deyil. Çox sadə bir səbəbdən – Minnesotada günahsız miqrantın öldürülməsinə haqq qazandırdı, bu qətlə etiraz edənlərə elə Tehran rejimi kimi dəyənək göstərmiş oldu. Onlar da bir az dirəşsələr, etiraz aksiyaları ABŞ-nin başqa şəhərlərinə də yayılsa, Tramp da onların üzərinə ordu göndərəcək. Əgər hələ göndərməyibsə...

Picture background

İranda son günlər nə baş verdiyi bəllidir, amma nəticənin necə olacağı çox dumanlıdır. Məsələn, həftənin əvvəlində ABŞ kəşfiyyatı İrandakı hökumət əleyhinə etirazların hakimiyyət üçün təhlükə yaratmadığına inanırdı, amma indi bu qiymətləndirməni yenidən nəzərdən keçirirlər. Kəşfiyyat rəsmisi bildirib ki, “etirazlar bu dəfə ciddidir və biz onları izləməyə davam edəcəyik”. Hərdən o təəssürat yaranır ki, molla rejimi müəyyən fasilələrlə (sonuncusu 2022-də olub) ölkədə kontrollu aksiyaların qarşısını qəsdən almır. “Qazan qapağı”nı qaldıraraq cəmiyyətin parını (buxarını) çıxarır...

Tramp fərqindədir ki, İranın problemi Venesuela kimi sadə deyil, yəni Maduronu aradan götür, etiraz edən olmasın, sən də dövlətin neftinə çök. Yəni Xamenei hansısa yolla zərərsizləşdirilsə, qanuni prezident Pezeşkian həbs edilsə, parlamentin sədri də qaçsa, 1979-cu ildən revanş gözləyən Pəhləvilərdən biri də gəlib taxtda otursa, dünyanın İran problemi həll olunacaqmı? Səhəri gün İranda ABŞ səfirliyi açılacaq, xalq Amerikanın qurduğu oyuncaq hakimiyyətə itaətmi edəcək?

Bunun niyə belə olmayacağının səbəblərinin izahına girişsək, yazı çox uzanar. İran çox qəliz regionda, yumşaq desək, çox qəliz ölkədir; həm də nə qədər zəifləsə də, hələ də çox kinli, topu-topxanası və rejimə sadiq ordusu var. O da həqiqətdir ki, milyonlarla azərbaycanlı kimi, digər xalqlar da on illərdir bu rejimin üzündən sanksiyalardan əziyyət çəkirlər. İran əhalisi zəngin təbii ehtiyatları ilə bu cür yaşamamalıdır. İndi küçədəki etirazları şeytan hesab etdikləri ABŞ-nin, İsrailin “quyruğuna” bağlamaqla iş bitmir. Dünyada dinsiz ölkə yoxdur, İslam ölkəsi də təkcə İran deyil. Amma İran kimi dindən təsirlənən ikinci bir dövlət də çətin tapasan...

Picture background

Trampın son açıqlaması da bu gün ciddi müzakirə mövzularından oldu. Prezident “The New York Times” qəzetinə açıqlamasında “xarici siyasətimi beynəlxalq hüquqla deyil, yalnız öz əxlaqım və ağlımla uyğunlaşdırıram” deyib. İş o yerə çatıb ki, Senat Trampa ordu ilə bağlı özbaşına (öz ağlı ilə) qərar verməyi yasaqlayan (indiki halda Venesuelaya) qətnamə qəbul edib, amma prezident bu qərarı da qanunsuz hesab edir. Bunun adı nədir?

Trampın əvvəlki prezidentliyi dövründə İran siyasəti indiki kimi dialoqdan çox təzyiqə və güc nümayişinə əsaslanırdı. Hakimiyyətə gələn kimi İranla 2015-ci ildə imzalanmış nüvə razılaşmasından heç bir tutarlı əsas olmadan çıxdı, sazişi “zəif və təsirsiz” adlandırdı. Dövlətin rəsmi silahlı gücünü – SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatları siyahısına salmaq da onun hakimiyyəti illərində baş verdi. Məqsəd İranı yeni, daha sərt şərtlərlə razılaşmağa məcbur etmək idi, amma əksinə, münasibətlər yenə düşmənçiliyə çevrildi. Günlərin birində isə İran məsələləri üzrə müşaviri Con Boltonu gözlənilmədən vəzifəsindən qovdu. Dedi ki, Bolton İranla bağlı son dərəcə sərt mövqe tutur və onu müharibəyə təhrik edir. Tramp doğrudan da birinci prezidentlik dövründə İrana birbaşa hərbi zərbə endirməyə risk etmədi.

Picture background

2024-cü ildə hakimiyyətə qayıdanda isə İran onun qoyub getdiyi kimi iddialı ölkə deyildi. Əsas proksi-gücləri sıradan çıxarılmış və zəiflədilmişdi. Ona görə Tramp İsrailə İranla müharibəyə icazə verdi, özü də nüvə obyektinə ağır bomba atdı. Amma 12 günlük müharibənin nəticələrini hər iki tərəf ustalıqla gizlətdi. Bilinmədi ki, kim uddu, kim uduzdu – ən əsası, İranın nüvə silahı əldə etməsinin qarşısı alındımı, hələ də bəlli deyil. ABŞ və İsrail İrana raket zərbələri vursa, molla rejiminin başının altından nə çıxacaq – bu da bir sualdır...
Dini dövlət olan ərəb krallıqlarında hakimiyyət dəyişmir, adlar dəyişir. İranda prezidentlər dəyişir, hətta bir-birinə zidd baxışları olanlarla əvəzlənir. Amma ölkədə ciddi olaraq heç nə dəyişmir, çünki din dövlət üstündə qurumdur. Vaxtilə Türkiyədəki ordu kimi. Tayyib Ərdoğan sivil Türkiyədə o “üstqurumu” dövlətdən ayırmaq üçün 22 ildir əziyyət çəkir.

Picture background

İndi “Xamenei yoxdursa, dini lider də yoxdur” demək sadəlövhlük olardı. Bu keçid isə mütləq olmalıdır, amma onu nə vaxtsa elə etmək lazımdır ki, dövlət bu dəyişikliyin altında qalmasın. Qonşumuzdakı İran viran olmasın, çünki bunun bizə xeyri olmaz. İndi “o top”a girənlər var, amma zənnimcə, Azərbaycana faydasız müzakirələrdir.

Tanrı bu qarmaşada Azərbaycanımızı qorusun.

Nazim Sabiroğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR