İnsanlara hürriyət, millətlərə istiqlal!

Tıxacda qalan hesablayıcı

Növbəti dərs sezonu başlayıb və Bakıda şagird-tələbə-valideyn-müəllim kontingenti yenə qara günlərini qablaşdırıb, necə deyərlər. Çünki hər yer dözülməz tıxacdır, bu basabasla dərsə gedən, dərsdən gələn uşaqlarda elm və təhsilə hansı münasibət formalaşacaq, bunu təxmin eləmək çətin deyil.

Bəzi hörmətli oxucular təklif edir ki, hərə öz evinin yanındakı məktəbə getsin, bununla problem müəyyən qədər həll olunar. Məsələn, Ruslan bəy yazır: “Qızım Yasamalda, evimizin yanındakı məktəbdə oxuyur. O məktəbə Xırdalan və Əhmədlidən (!) gələn uşaqlar var. Eyni zamanda, Yasamaldan da Əhmədliyə gedən şagirdlər olur. Bu valideynlər uşaqlarına niyə zülm edir? Onsuz hamısı sonra repetitorla hazırlaşır. Repetitorsuz ali məktəbə girən olur?”

Yaxşı sualdır və təklif də məntiqlidir. Ancaq bəs, misal üçün, tələbələr neyləsin? Hər məhəllədə universitetlərin də korpuslarını açmalıyıqmı? Dünən minlərlə tələbə avtobus dayanacaqlarında bəzən saat yarım gözləməli olub.

Həmişəki problemi bu sezon daha da kəskinləşdirən detal, əlbəttə, metrodakı “islahat”dır. Orda xətləri ayırırlar, nəticədə ən mərkəzi və tələbə-şagird baxımından qaynar stansiyalar de-fakto işləmir. Nəqliyyat idarəsi xətlərə əlavə 100 avtobus buraxdığını söyləyir. Elementar riyazi hesablama bunun Fatıya (oxu: AYNA xalaya) tuman olmayacağını açıq-aşkar göstərir.

Bakıda 1 metro qatarı 5 vaqondur. Hər vaqonun tutumu 300-330 sərnişindir. Deməli, metroda 1 qatar azı 1500 sərnişin daşımaq gücündədir. Avtobusların ən son və uzun modellərində isə tutum 80 sərnişindir. Hər dayanmış, “ləğv edilmiş” metro qatarının əvəzinə xəttə azı 20 avtobus buraxılmalıdır. Metro düzgün çalışanda interval 3 dəqiqə olur, yerüstü nəqliyyat isə 15 dəqiqəyə gələndə Allahımıza şükür edirik. Uzun sözün qısası, Bakı kimi meqapolislərdə yerüstü nəqliyyat heç bir halda yeraltı nəqliyyatı əvəz edə bilməz.

“Ekspress” adıyla buraxılan avtobuslar da yaralı barmağa çarə deyil, çünki bunlar adətən bir metro stansiyasında tam dolur və yalnız başqa, sonuncu dayanacaqda boşalır. Nəticədə bu marşrutlar ara dayanacaqlarda gözləyənlərə, türkün sözü, arxasını göstərib keçir. Hələ, camaatımız muştuluğumu versin, deyəsən bu günlərdə maşın yarışması yaxınlaşır. Yəni, əsl kef onda olacaq. Molla Nəsrəddin demişkən, filin dişisi də gəlir.

Əslində, təbii artımın ildən-ilə aşağı düşməsi sayəsində yaxın illərdə bu “tıxacda qalan şagird-tələbə” problemi həll olacaq, öz-özünə sorulub-sovrulub gedəcək. Bunun əlamətləri artıq bəzi paytaxt məktəblərində də görünməyə başlayıb. 2-3 il qabaq əgər hansısa məktəbdə sinif nömrələri “A”-dan başlayıb “L” hərfinəcən çatırdısa, indi “A, B, C, D” bəs eləyir.

Dəli şeytan deyir ki, Azərbaycanda təbii artımın azalmasına tıxaclar və nəqliyyat məsələsi də ciddi təsirini göstərir. Kim istəyər uşağı belə tıxaclarda ləhləsin? Ümumiyyətlə, tıxacda qalan adamların sonra dünyaya uşaq gətirmək kimi ciddi və enerji yüklü proseslərə gücü qalırmı? İndi söz əlaqədar...

Əlbəttə, bu cür işləri, prosesləri hesablamaq, planlar qurmaq üçün dövlətin əlində ciddi statistik orqanlar olmalıdır. Yalan-palanın mənası yoxdur, kimi aldadırıq ki? Bu baxımdan mən Statkomun son dövrlər bəzi doğru hesabatlar yaymasını tərifləmişdim. Məsələn, iqtisadi durğunluq barədə rəqəmlər, kənd təsərrüfatında, sənayedə, turizmdə azalmalar və sairə... Ancaq indi orda 3-4 şöbə müdirini birdən işdən çıxarmağa başlayıblar.

Hər halda, mən ümid edirəm işdən çıxarılanlar düz sayanlar olmayıb, əksinə, yalan rəqəm istehsalçıları imiş. İnşallah, onların bundan sonrakı ömrü tıxacda keçsin, biz də baxıb həzz alaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR