İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosovonun eks-prezidenti Haşim Taçi 25 il həbs cəzasına məhkum edilib

Haaqada Kosovodakı xüsusi müharibə cinayətləri üzrə tribunal bu gün Kosovo azadlıq ordusunun (KOA) keçmiş lideri və qismən tanınmış respublikanın keçmiş prezidenti 58 yaşlı Haşim Taçini 25 il həbs cəzasına məhkum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, qətl, işgəncə və qanunsuz həbs də daxil olmaqla müharibə cinayətlərində təqsirli bilinib.

1990-cı illərin sonlarında bölgənin Serbiyadan müstəqilliyi uğrunda mübarizə aparan Kosovo ordusunun digər üç keçmiş lideri - Kadri Veseli, Rexep Selimi və Yakup Krasniqi ilə birlikdə mühakimə olunan keçmiş prezident müharibə cinayətlərində təqsirli bilinib. Haaqa məhkəməsi Taçini Kosovo ordusunun komandiri kimi Serbiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 96 siyasi müxalifətçinin və şəxsin qətlində məsul bilib.

Hökmü oxuyan hakimin sözlərinə görə, Kosovonun keçmiş prezidenti "vəzifəsindən, liderliyindən, gücündən və səlahiyyətindən istifadə edərək" müharibə cinayətləri törədib. Siyasətçi günahını boynuna almayıb.

Taçi Kosovonun müstəqillik uğrunda mübarizəsində əsas rol oynayıb. Hərbi keçmişindən əlavə, o, 2016-cı ildən 2020-ci ilə qədər qismən tanınmış respublikanın baş naziri, xarici işlər naziri və Kosovo prezidenti vəzifələrində çalışıb. 2020-ci ildə Taçi Haaqa məhkəməsi tərəfindən 1998-1999-cu illərdə müharibə cinayətləri ilə bağlı ittihamını təsdiqlədikdən sonra prezidentlikdən istefa verib. Kosovonun keçmiş lideri könüllü olaraq Haaqaya gedib.

“The Insider”in məlumatına görə, Kosovo albanları və serblər arasında gərginliyin artması 1989-cu ildə Belqradın bölgənin geniş muxtariyyətini ləğv etməsi və albanların dövlət qurumlarından və polisdən kütləvi şəkildə işdən çıxarılması ilə baş verib. Bir neçə illik dinc müqavimətdən sonra təşəbbüs Kosovo azadlıq ordusuna keçib və onlar 1996-cı ildə polis bölmələrinə, serb mülki şəxslərinə və alban "əməkdaşlar"a hücum etməyə başlaylblar. Həmin dövrdə ABŞ-nin xüsusi nümayəndəsi Robert Gelbard KOA-nı "birmənalı terrorçu qrup" adlandırıb və daha sonra Haaqa məhkəməsi Lapuşnik düşərgəsində məhbuslara işgəncə verdiyinə və öldürdüyünə görə düşərgə gözətçisini həbs cəzasına məhkum edib.

Belqrad bu hücumlara cəza əməliyyatları ilə cavab verib: 1998-ci ildə Drenitsadakı KOA bazalarına edilən hücumda qadınlar və uşaqlar da daxil olmaqla onlarla insan öldürülüb, tammiqyaslı müharibə başlayıb və yüz minlərlə alban qaçqın olub.

Rambuye danışıqlarının uğursuzluğundan sonra NATO 1999-cu ilin mart ayında BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan Yuqoslaviyanı bombalamağa başlayıb və nəticədə təxminən 2000 mülki şəxs ölüb. Paralel olaraq, Serbiya qüvvələri 850.000-dən çox Kosovo albanını deportasiya edib və məcburi köçkünə çevirib. Buna görə sonradan Haaqa məhkəməsi Yuqoslaviya rəhbərliyini "cinayətkar sui-qəsd"də iştirak etməkdə günahlandırıb. 1999-cu ilin iyun ayında müharibənin sonuna qədər təxminən 215.000 serb və digər qeyri-albanlar Kosovodan qaçıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR