İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç seçkilərində Azərbaycan təmsilçiliyi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə və partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev keçirilən parlament seçkilərini müşahidə ediblər.

Musavat.com xəbər verir ki, dəvət İsveçdə hakimiyyətdə olan sağ-mərkəzçi Moderat Partiyası tərəfindən olub.

Səfər müddətində AMİP nümayəndələri Moderat Partiyasının rəhbərliyi, İsveç Riksdaqının və Avropa Parlamentinin bu siyasi təşkilatı təmsil edən üzvləri ilə bir sıra görüşlər keçiriblər. Görüşlərdə İsveçdəki siyasi proseslər, seçkilərin gedişi və tərəflər arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Seçki gecəsində isə Arzuxan Əlizadə və Elşən Mustafayev İsveçin Baş naziri Ulf Kristersson, Ədliyyə naziri Gunnar Strömmer, Xarici işlər naziri Maria Malmer Stenergard, eləcə də digər hökumət nümayəndələri və deputatlarla birlikdə seçkinin nəticələrinin açıqlanmasını izləyiblər.

Hazırkı hesablamalara əsasən, səslərin 95,3 faizi hesablanıb. Moderat Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçi koalisiya 49,2 faiz, Sosial Demokratların başçılıq etdiyi sol koalisiya isə 49,4 faiz səs toplayıb. Xaricdə yaşayan seçicilərin səslərinin hesablanması hələ başa çatmayıb. Yekun nəticələrin həftə sonunadək açıqlanacağı gözlənilir.

Səfər çərçivəsində İsveçdə yaşayan azərbaycanlılarla da görüş keçirilib. Görüş zamanı soydaşlarımızın İsveçin ictimai-siyasi həyatında daha fəal iştirakının təşviq edilməsi, ölkədə baş verən siyasi və sosial proseslərə cəlb olunmalarının artırılması məsələləri müzakirə olunub. Tərəflər gələcəkdə İsveçdəki azərbaycanlı icması ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Səfərdə əsas diqqət ölkənin parlament seçkilərinin müşahidəsinə, İsveçin hakim siyasi qüvvəsi ilə əlaqələrin inkişafına və bu ölkədə yaşayan azərbaycanlılarla münasibətlərin gücləndirilməsinə yönəlib.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2026

16 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR