İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondundan büdcəyə transfert azaldılır

Azərbaycanın 2027-ci il üzrə dövlət büdcəsinin 39 milyard 234,0 milyon manat həcmində proqnozlaşdırılan gəlirlərinin 39,5 faizi və ya 15 milyard 480,0 milyon manatı neft-qaz sektorundan, 60,5 faizi və ya 23 milyard 754,0 milyon manatı isə qeyri-neft-qaz sektorundan təmin olunacaq.

Musavat.com Maliyyə Nazirliyinin açıqladığı ilkin büdcə parametrləri sənədinə istinadən xəbər verir ki, 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47,0 faizini və ya 18 milyard 430,0 milyon manat təşkil edəcək. Bu, cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520,0 milyon manat və ya 9,0 faiz, 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74,8 milyon manat və ya 12,7 faiz çoxdur.

Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80,6 faizi və ya 14 milyard 850,0 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 faizi və ya 3 milyard 580,0 milyon manatı neft-qaz sektorunun payına düşəcək.
Dövlət Gömrük Komitəsi gələn il büdcəyə 6 milyard 865,0 milyon manat təmin edəcək. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3,0 milyon manat, 2025-ci ilin faktı ilə müqayisədə 495,1 milyon manat çoxdur.

Gələn il dövlət büdcəsi gəlirlərinin 11 milyard 900,0 milyon manatı və ya 30,3 faizi Dövlət Neft Fondundan transfert olunacaq. Bu, 2026-cı ildə nəzərdə tutulan 12 milyard 855 milyon manatdan 7,4 faiz azdır.
2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 855,0 milyon manatı və ya 2,2 faizi səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin(2026-cı ildə 600 milyon manat), 599,0 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 585,0 milyon manatı və ya 1,5 faizi isə sair gəlirlərin payına düşəcək.

Dövlət büdcəsinin 42 milyard 400,0 milyon manat (ÜDM-in 30,1 faizi) həcmində proqnozlaşdırılan xərclərinin 26 milyard 400,0 milyon manatı və ya 62,3 faizi cari xərclərə, 13 milyard 800,0 milyon manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2 milyard 200,0 milyon manatı və ya 5,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb. Bu isə dövlət borcuna xidmət xərclərinin 2026-cı ilin proqnozu ilə müqayisədə 257,6 milyon manat, yaxud 10,5 faiz azalacağı deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR