Onlayn ictimai-siyasi qəzet
Bu gün – dekabrın 25-də AZAL-a məxsus mülki təyyarəmizin Qroznı üzərində vurulmasından bir il ötür. Təəssüf ki, Rusiya tərəfi, o cümlədən onun prezidenti faciə ilə bağlı verdiyi vədləri hələ də tutmayıb. Maraqlıdır ki, hələlik Qazaxıstan tərəfindən də dekabrın 25-də açıqlanacağı bildirilən hesabat yayılmayıb.
AZAL-ın vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib ki, qəza ilə bağlı təhqiqatlar illərlə davam edə bilər.
“Qazaxıstan dövlət komissiyasının tam hesabatına gəlinincə, adətən beynəlxalq qanunlarda dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edilir ki, hadisədən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur. Burada şərt qoyulmur, tövsiyə olunur. Çünki bunun nəticələri olduğu üçün bu sənədlər tənzimləyici rol oynayır. Bunu sonradan bütün dünya aviasiya qurumları nəzərə alır ki, belə hadisələr gələcəkdə bir daha baş verməsin”, – deyə Əmirov bildirib.

İlham Əmirov
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ötən ilin dekabrında təyyarə qəzasında həlak olanların ailələrinə və yaralananlara kompensasiya ödəmək, Kremlin həmin gün verdiyi vədlərə uyğun olaraq kompensasiya məsələsində hər şeyi edəcəyi və zərərçəkənlərə kömək olunacağı barədə öhdəlik götürsə də, bu vədlər hələ də yerinə yetirilməyib. Putin söylədiklərinin heç birini yerinə yetirmədi: nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Bundan başqa, Qazaxıstandakı qəza ilə bağlı yaradılan dövlət komissiyasının yekun hesabatı da açıqlanmayıb. Halbuki bütün faktlar ilk gündən bəllidir. Bu vəziyyətdə Kreml Rusiyada azərbaycanlıların diaspor təşkilatlarını nəzarətə götürməyə və özünə loyal şəxsləri diaspor rəhbərlərinə təyin etməyə başladı. Belə şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etməsi ehtimalı az idi.

Elxan Şahinoğlu
Politoloq Züriyə Qarayeva vurğulayır ki, təyyarə hadisəsinə qədər Azərbaycan–Rusiya münasibətlərində hər hansı ciddi problem müşahidə olunmurdu: “Əgər vardısa, alt qatlarda gizlənirdi. Bu da onunla bağlı idi ki, Rusiya Azərbaycanı və digər keçmiş sovet ölkələrini özünün köhnə imperiya sərhədləri daxilində görür. Rusiya hesab edir ki, bütün postsovet məkanında dominantdır. Lakin Azərbaycana münasibətdə Rusiya regionda müttəfiqlərinin təsirini azaldır. Qarabağdan rus hərbçiləri vaxtından tez getdi. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Ukrayna cəbhəsində Rusiyanın getdikcə daha böyük ölçüdə uğur qazana bilməməsi onu daha da aqressivləşdirdi. Ona görə də Azərbaycana təzyiq göstərmək üçün təyyarənin vurulması baş verdi.
Son bir il göstərir ki, Rusiya işi açmaq istəmir, cəzalandırmaq istəmir. Deməli, bu hadisə Rusiya üçün təzyiq vasitəsi olaraq qalır. Çünki təyyarə hadisəsindən sonra Rusiya rəhbərliyinin etirafına baxmayaraq, Moskva geri çəkilmədi. Azərbaycanın diaspor təşkilatlarının, Rusiya azərbaycanlılarının fəaliyyəti məhdudlaşdırıldı, deportasiyalar oldu, Dövlət Dumasının üzvləri və Rusiya mediası tərəfindən təhdidlər səsləndirildi, gərginlik yarandı. Yəni Rusiya geri çəkilmək istəmədiyini göstərdi”.

Züriyə Qarayeva
Politoloqun sözlərinə görə, bu vəhşiliklər Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb oldu və Prezident İlham Əliyev sərt reaksiya verdi: “Bu baxımdan iki ölkə arasında gərginlikdə həlledici məqam ondan ibarət oldu ki, Rusiya təyyarəni vurduqdan sonra azərbaycanlılara qarşı təzyiqlərə başladı və bununla bütün postsovet məkanında dominant olduğunu nümayiş etdirmək istədi. Lakin Bakıdan dərhal qətiyyətli bəyanat verildi: bizi müstəqil dövlət və müstəqil tərəfdaş kimi qəbul etməlidirlər. Nəticədə Ukraynaya gedən qaz infrastrukturu, SOCAR-ın obyektləri, səfirliklər və konsulluqlar hədəfə alındı. Bunlar təsadüfi deyildi və Rusiya reallığı dərk edərək nəhayət əməliyyatlarını məhdudlaşdırmaq məcburiyyətində qaldı. Bu gün də diaspor rəhbərlərinə təzyiqlər davam edir, lakin hadisə ilə bağlı 11 rusiyalı biznesmenin istintaqa cəlb olunması Azərbaycanı Moskvanın iştirakı olmadan sülh prosesini inkişaf etdirməyə yönəldir. Amma artıq çox gecdir: Rusiya Donbasda elə bir vəziyyətə düşüb ki, etiraf belə mümkün deyil. Sadəcə, Düşənbə görüşündə Putinin verdiyi sözə əməl etməməsi Rusiyaya olan etimadı ciddi şəkildə sarsıldıb”.
“Yeni Müsavat” xatırladır ki, 2024-cü il dekabrın 25-də Bakıdan Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıya hərəkət edən Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarə qəzaya uğramazdan öncə Qroznı hava limanına təcili eniş etmək istəsə də, yerə enə bilməyib. Faciə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin baxış zamanı təyyarənin gövdəsində çoxsaylı deşiklər və ciddi zədələr aşkar edilib. Bu fakt hadisənin sırf texniki nasazlıqdan qaynaqlanmadığı ehtimalını gücləndirib. Qəza ilə bağlı həm Azərbaycanda, həm də Qazaxıstanda cinayət işi açılıb.
Hadisədən dərhal sonra Qazaxıstanın fövqəladə hallar orqanlarının yaydığı ilkin məlumata görə, “qara qutu”lar tapılaraq araşdırmaya cəlb olunub. Dekabrın 26-da Azərbaycan da qəza ilə bağlı əməliyyat qərargahı yaradıb. Qəzanın ilk günlərində Rusiya tərəfi hadisənin hava şəraiti ilə əlaqəli ola biləcəyini irəli sürüb.
Dekabrın 27-də “Rossiyskaya” adlı nəşr AZAL təyyarəsinin Qroznı üzərində olarkən Rusiya HHM sisteminin aktiv vəziyyətdə olduğunu, 2025-ci ilin yanvarında isə Rusiya İstintaq Komitəsinin məsələ ilə bağlı ilkin rəy yayaraq, təyyarənin “Pantsir-S1” raketi ilə vurulması faktının təsdiqləndiyini iddia etdiyini yazıb.

Bütün bunlara baxmayaraq, Rusiya tərəfi məsuliyyəti açıq şəkildə üzərinə götürməyib. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı bu hadisənin dəqiq və obyektiv araşdırılmasını, habelə məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ