Onlayn ictimai-siyasi qəzet
Polşada mağazalardan birində satışa çıxarılan məhsul azərbaycanlının diqqəti və prinsipial mövqeyi sayəsində böyük qalmaqala çevrilib.
Musavat.com xəbər verir ki, məhv olmuş separatçı rejimin simvolikasının əks olunduğu məhsulla bağlı etirazlardan sonra şirkət geri addım ataraq onun satışını dayandırıb.
Varşavada yaşayan Elnur İbişov mağazalardan birində satışa çıxarılan məhsulun üzərində məhv olmuş separatçı rejimin bayrağının təsvir edildiyini görüb.
Məsələyə prinsipial mövqe nümayiş etdirən Elnur İbişov məhsulun Polşanın “Henry Studio” şirkəti tərəfindən istehsal olunduğunu müəyyənləşdirib. O, şirkətə faktlara əsaslanan etiraz məktubu göndərərək səhvin aradan qaldırılmasını, həmin təsvirin məhsuldan çıxarılmasını və Azərbaycanın ərazi bütövlüyünün gələcək nəşrlərdə dəqiq şəkildə əks etdirilməsini tələb edib.
Elnur İbişov bununla kifayətlənməyərək məhsulun satışa çıxarılmasına etiraz edib və məsələ ilə bağlı müvafiq qurumlara müraciət edib. Hadisənin ictimailəşdirilməsindən sonra Polşada yaşayan digər azərbaycanlılar da məsələyə reaksiya veriblər.
Bundan sonra Azərbaycanın Polşadakı səfirliyi məsələyə müdaxilə edərək məhsulların istehsalı və satışı ilə məşğul olan “Henry” şirkəti ilə əlaqə saxlayıb və kəskin etirazını bildirib.
Şirkətin direktoru Çezare Popel baş verənlərə görə üzr istəyib. O bildirib ki, separatçı rejimin simvolikasının məhsul üzərində yer alması qəsdən edilməyib və bu, “insan amili” nəticəsində baş verib.
Şirkət həmin məhsulların istehsalını və satışını dayandırıb. Bildirilib ki, anbarda qalan, eləcə də alıcılar tərəfindən geri qaytarılan bütün nüsxələr dövriyyədən çıxarılaraq məhv ediləcək.
Bundan əlavə, belə halın gələcəkdə təkrarlanmaması üçün istehsal prosesində dəyişikliklər edilib. İstehsalçı oxşar hadisənin bir daha baş verməməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.
Şirkət rəhbəri Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini də xüsusi vurğulayıb.
Qeyd edək ki, “Henry” əsasən təqvim, açıqca, rəngləmə məhsulları və digər nəşriyyat-poliqrafiya məhsullarının istehsalı və ixracı ilə məşğuldur.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ