İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh bu tarixə qaldı – Paşinyan prosesi pozur  

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilə qədər vaxt müəyyənləşdirdiyini deyib. Paşinyan qarşısına belə bir məqsəd qoyduğunu bildirərək, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması və ratifikasiyasını əsas vəzifələrindən biri kimi təqdim edib.

Lakin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əsas məsələ yalnız sülh müqaviləsinin imzalanması deyil, həm də tərəflərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi, regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də uzunmüddətli təhlükəsizliyin təmin olunmasıdır.

Bu baxımdan Paşinyanın 2031-ci ili hədəf göstərməsi sual doğurur: Ermənistan hökuməti sülh prosesini niyə bu qədər uzun müddətə hesablayır?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında Paşinyanın mövqeyini anlaşılmaz və məntiqsiz hesab etdiyini bildirib: “Paşinyan faktiki olaraq “oturduğu budağı özü kəsir”. Çünki hazırda onun mövqeyi nisbətən güclüdür, radikal müxalifət isə zəifdir. Belə bir şəraitdə gələn il konstitusiya referendumu keçirərək Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəanı çıxara və sülh sazişinin imzalanmasına nail ola bilər. Belə olduğu halda, niyə birdən-birə sülh sazişinin 2027-ci ildə deyil, dörd il sonra imzalana biləcəyini söyləyir? Bu, anlaşılmazdır. Çünki qarşıdakı dörd il ərzində elə hadisələr baş verə bilər ki, Paşinyan hətta hakimiyyətini də qorumaya bilər".

Elxan Şahinoğlu: “Sərhədin müəyyənləşməsi Ermənistanın birmənalı şəkildə  Qarabağın Azərbaycan torpağı kimi tanınmasıyla nəticələnəcək” - Veteninfo.Az

Elxan Şahinoğlu hesab edir ki, sülh sazişinin indidən imzalanması Paşinyanın ölkə daxilində mövqelərini daha da gücləndirə bilər: “Eyni zamanda, Ermənistanın Rusiyadan asılılığı azalar, Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr genişlənər. Hətta gələcəkdə Azərbaycanın Ermənistana qaz ixrac etməsi də mümkün ola bilər. Bütün bunlar baş verə biləcəyi halda, sülh məsələsini 2031-ci ilə qədər uzatmaq əslində məntiqsizdir”.

Onun fikrincə, bu məsələ Azərbaycanı o qədər də narahat etmir, sülh sazişi imzalanmadan da yolumuza davam edə bilərik: “Çünki əsas problemi həll etmişik, ərazi bütövlüyümüzü təmin etmişik və hazırda sülh quruculuğu prosesi də az-çox irəliləyir. Sülh sazişinin imzalanması Paşinyanın özünə lazımdır. Çünki mövcud qeyri-müəyyənlik uzun müddət davam edə bilməz. Bu müddət ərzində radikal qüvvələr Paşinyana təzyiqlərini artıra, siyasi baxımdan fəallaşa bilərlər".

Elxan Şahinoğlu əlavə edib ki, Paşinyan mövqeyinə yenidən baxmalıdır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR