Onlayn ictimai-siyasi qəzet
Avqustun 25-i, çərşənbə axşamı səhər saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib.
Musavat.com xəbər verir ki, bu barədə flightradar24.com xidməti məlumat yayıb.
Təyyarənin bort nömrəsi RCH4555 olub.
Məlumata görə, təyyarə Bakı vaxtı ilə təxminən saat 09:50-də Latviyanın paytaxtı Riqadan havaya qalxıb və uçuşunu Moskva vaxtı ilə təxminən saat 10:04-də Vnukovoda başa vurub.
Xidmətin məlumatına əsasən, hazırda təyyarənin uçuşu izlənilmir. Buna səbəb kimi təyyarənin “əhatə dairəsindən kənarda olması və ya artıq eniş etməsi” göstərilir.
Təyyarənin son uçuşları ilə bağlı məlumatlar göstərir ki, layner avqustun 23-də Riqaya gəlib. Təyyarənin əvvəlki uçuş məntəqəsi kimi ABŞ-nin Merilend ştatındakı Kemp-Sprinqs şəhəri göstərilib. Burada ABŞ prezidentinin “Air Force One” təyyarələrinin bazalandığı Endryus aviabazası yerləşir.
“Boeing C-17 Globemaster III” uzaq məsafələrə qoşunların, hərbi texnikanın və yüklərin sürətli şəkildə daşınması üçün hazırlanmış ABŞ istehsalı ağır hərbi-nəqliyyat təyyarəsidir. Təyyarə 77,5 tona qədər yük, o cümlədən zirehli texnika, helikopterlər və iri ölçülü avadanlıq daşıya bilir. Həmçinin şəxsi heyətin və texnikanın paraşütlə desantını həyata keçirmək imkanına malikdir.
C-17-nin əsas xüsusiyyətlərindən biri nisbətən qısa və lazımi səviyyədə hazırlanmamış aerodromlardan belə qalxıb-enə bilməsidir. Zərurət yarandıqda təyyarə havada yanacaq doldura bilir.
Təyyarə ilk uçuşunu 1991-ci ildə həyata keçirib və 1995-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında istifadə olunur. Bundan əlavə, C-17 təyyarələrindən Böyük Britaniya, Avstraliya, Kanada, Hindistan və bir sıra digər ölkələrin silahlı qüvvələri də istifadə edir.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ