İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqin incə məsələsi - Mərkəzi Asiya qitə ölkələrinin mərkəzinə çevrilir

30 il öncə, yenicə müstəqillik qazanmış postsovet ölkələrinin bir hissəsi yaranmış əlverşsiz geostrateji durumdan, sürəkli iqtisadi böhrandan, SSRİ-nin dağılması ilə qırılmış iqtisadi əlaqələrin “bəxş etdiyi” problermlərdən yaxa qurtarmaq üçün öz aralarında yaxınlaşma cəhdi göstərəndə bu təşəbbüsə skeptik yanaşanlar çox idi.

Bu arada Ukraynanı, Gürcüstanı, Moldovanı və Azərbaycanı birləşdirən və GUAM adlanan bir təşkilat da yaranmışdı və düşünülürdü ki, bu təşkilat həm siyasi, həm iqtisadi sferada fəaliyyət göstərəcək. Sonradan Özbəkistan da bu təşkilata qoşuldu, ancaq çox tezliklə təşkilatdan ayrıldığını bəyan etdi.

Daha sonra, 25 il öncə BMT-nin patronajlığı ilə Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram – SPECA ortaya çıxdı. Bu proqramın iştirakçı ölkələrinin dövlət və hökumət başçıları dünən Bakıda yeni zirvə görüşünü keçirirdilər. Hazırda SPECA-ya Azərbaycan sədrlik edir.

Bu iyirmi beş il ərzində Azərbaycanın və Orta Asiya respublikalarının arasında hərtərəfli əlaqələr böyük ölçüdə bərpa olunub, uğurla inkişaf edib. Ancaq SPECA-ya üzv dövlətlərin zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənib və artıq sammit baş tutub.

Görünür, indiyə qədər SPECA ölkələrinin zirvə görüşlərinin olmaması o üzdən olub ki, xüsusilə son 10 ildə bu dövlətlərin rəhbərləri saysız-hesabsız görüşlər keçiriblər, sazişlər, müqavilələr imzalayıblar. Xüsusilə də bu görüşlər Türk Dövlətləri Birliyinin çərçivəsində daha da intensiv səciyyə alıb.

Ancaq indi format bir qədər də genişlənib. Artıq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı, sammitdə Tacikistan, Gürcüstan və Macarıstanın rəhbərləri də iştirak edirlər. Yeni tərkibdə keçirilən zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağı gözlənilir.
SPECA-nın indiki vaxtı ilə yeni yarandığı dönəmin situasiyası eyni deyil. O zaman proqramda iştirak edən ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Hər dövlət öz müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün öz bildiyi kimi hərəkət edirdi. Hətta bir çoxlarında belə şübhələr vardı ki, bu, müvəqqəti perioddur, müstəqilliyin ömrü uzun olmaya, yenidən hansısa birlikdə, səlahiyyətləri məhdudlaşdırılmış, federal subyektə çevrilmiş halda yaşamaq lazım gələr. Ancaq müstəqil dövlətçilik ömrü artıq bir qərinəyə çatmış müstəqil dövlətlər indi əmindirlər ki, onlar beynəlxalq birliyin tamhüquqlu üzvləridir və onların dövlətçiliyini heç nə təhdid etmir.

Ona görə də artıq dövlət suverenliyini möhkəmləndirmiş respublikalar iqtisadi cəhətdən sürətlə inkişaf etməyi, öz resurslarından, coğrafi mövqelərindən yararlanaraq dünyanın firavan ölkələrinin sırasına qoşulmağı hədəfləyiblər.

Bundan ötrü ən başlıca amil siyasi sabitlikdir. Sabitlik olmayan regionda heç bir iqtisadi inkişaf ola bilməz. SPECA ölkələrinin arasında ciddi problemlər yoxdur. Yalnız Qırğızıstan və Tacikistan arasında müəyyən fikir ayrılıqları var, o da tərəflərin qarşılıqlı səyləri ilə həll edilə biləcək şəkildədir. Yerdə qalan SPECA üzvlərində sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir, qarşılıqlı və hərtərəfli əlaqələrin günbəgün genişlənməsi müşahidə olunur.

SPECA-nın onurğa sütununu təşkil edən türk dövlətlərinin arasındakı anlaşma və həmrəylik digər üzv dövlətlər üçün mayak rolunu oynayır. Son bir ildə bu dövlətlərin rəhbərlərinin görüşləri, qarşılıqlı səfərləri o qədər intensiv xarakter alıb ki, bunun faydası artıq həm siyasi, həm iqtisadi müstəvidə aydın şəkildə büruzə çıxmaqdadır.

Qonşuları ilə daimi çəkişmələrdə, müharibə vəziyyətində yaşayan, uzaq ölkələrdəki havadarlarına güvənərək özünü regional təcrid durumuna salan Ermənistan müstəqillik dövründə yeritdiyi bu siyasətin mərhumiyyətlərini yaşamasına baxmayaraq, tutduğu yoldan geri dönmək istəmir. Bu dövlət özünü daha böyük dövlətlərin savaş poliqonuna çevirməklə milli mənafeyinə uyğun addım atdığını düşünərkən yanılır və yanıldığının fərqində deyilmiş kimi görünür.

SPECA dövlətləri isə bərabərhüquqludurlar. Bu təşkilata üzv olmaq onların suveren hüquqlarını məhdudlaşdırmır, yenə də öz müstəqil xarici və daxili siyasətlərini aparırlar.

Azərbaycanın və Türkiyənin Mərkəzi Asiya ölkələri ilə həm mədəni, həm iqtisadi, həm də siyasi əlaqələrinin güclənməsi tarixi zərurətdir. Məlum olduğu kimi, Avropa artıq “doymuş məhlul”a çevrilib, Şərq ölkələri ilə inteqrasiyaya xor baxır, iqtisadi əlaqələrin genişlənməsinə ciddi dəstək vermir. Demək olar ki, bütün Avropada anti-miqrant dalğası baş qaldırıb, ksenofobiya, rasizm, nasizm halları artıb.
Belə bir durumda Şərq ölkələrinin, xüsusilə də region ölkələrinin öz aralarında hərtərəfli əlaqələri gücləndirməkdən, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdən başqa yolları yoxdur.

Ona görə də gələcəkdə Avropa Birliyinə bənzər Asiya Birliyinin, eləcə də “Şengen zonası”na oxşar ittifaqların yaranması qaçılmazdır.

Bundan ötrü TDB və SPECA kimi birliklərin üzvü olan ölkələrin hər cür potensialı var. Ortada siyasi iradənin olduğu da görünür. Başlıcası, prosesə start vermək və nə ləngimədən, nə də tələsmədən, ardıcıl ritmlə məqsədə doğru irəliləməkdir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR