İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Sevastopolu vurdu; Rusiya ABŞ-ı suçladı

Bu gün Ukraynanın Krım ərazisinə - Sevastopol şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 119 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Krımın Rusiya tərəfindən təyin olunan rəhbəri Mixail Razvojayev açıqlayıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu gün günortadan sonra Sevastopol istiqamətində Amerika istehsallı beş ATACMS raketi atıb. Rusiya tərəfi 4 raketin məhv edildiyini, birinin döyüş başlığının hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində(?!) Sevastopol çimərliyinə doğru istiqamətlənərək havada partladığını, nəticədə çimərlikdə olan insanların həlak olduğunu, yaralandığını açıqlayıb.

Daha sonra Rusiya təhlükəsizlik qüvvələri ATACMS raketlərinin Ukraynanın Nikolaev şəhərindən buraxıldığını bildirib, atış nöqtəsinin məhv edilməsi üçün tədbirlər görüldüyünü elan edib.

Ukrayna tərəfi isə çimərlik ərazisində Rusiyanın raketi vurmaq üçün istifadə etdiyi Pantsir-S1 raketinin partladığını elan edib.

Ukraynalı hərbi analitik Aleksandr Kovalenko Pantsir-S-in bu cür hədəflərlə döyüşmək üçün nəzərdə tutulmadığını deyib. Onun sözlərinə görə, Ukraynanın atdığı raketlər kasetli olmayıb, Rusiyanın onları vurmaq istədiyi raket kasetli olub.

Rusiya Müdafiə Nazirliyi isə zərbəyə görə ABŞ-ın məsuliyyət daşıdığını bəyan edib. Nazirlik iddia edir ki, ATACMS əməliyyat-taktiki raketləri üçün bütün uçuş missiyaları Amerika mütəxəssisləri tərəfindən ABŞ-ın öz peyk kəşfiyyat məlumatlarına əsasən daxil edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR