İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəhrəmanlığın Natiq Qasımov zirvəsi - Azərbaycan əsgərinin gerçək DÖYÜŞ və inanılmaz SEVGİ salnaməsi

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun şücaəti ölkəmizin qəhrəmanlıq salnaməsinə əbədi həkk olunub.

O, düz 32 il əvvəl, 1992-ci ilin sərt qışında Xocalının Pirlər kəndi ərazisindəki kilsədə 5 gün düşmən mühasirəsində təkbaşına döyüşüb. 5 gün ərzində ard-arda hücumlarla ermənilərin öydüyü, tərifini göylərə qaldırdıqları “general” Vitali Balasanyanın dəstəsi onu döyüşdə məğlub edə bilməyib.

BALASA.jpg (300 KB)

Məcbur olub erməni hiyləsinə, faşist üsuluna əl atıblar – “təslim olmasaz, əsirləri güllələyəcəyik” şərtinə kilsədən təkcə Natiq Qasımov əlində üçrəngli Azərbaycan bayrağı ilə çıxanda düşmən çaşbaş qalıb. Kilsədən böyük bir dəstənin çıxacağını gözləyən düşmən sürüsü oradan əlində bayraq bir əsgərin çıxdığını görəndə azğınlaşıb. Natiq Qasımov əsir götürülüb. Özünü fəda etməklə 21 Azərbaycan vətəndaşını xilas edib. O gündən barəsində ən müxtəlif məlumatlar olsa da, sonrakı taleyi haqda hələ ki, dəqiq məlumat yoxdur. Bu, gerçək qəhrəmanlıq salnaməsi isə heç zaman unudulmayıb!

2024-cü il, iyunun 25-də Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyev sərəncam imzalayıb.

serencam.jpg (60 KB)

Bu sərəncam vətən oğlu Natiq Qasımovun qəhrəmanlığı, mətanət və mərdliyi, Vətənin azadlığı və müstəqilliyi uğrunda fədakarlıq etmək bacarığına verilmiş ali qiymətdir.

NATİQ QAR.jpg (215 KB)

Qardaşı Nofəl Qasımov Musavat.com-a deyib ki, Ali Baş Komandan İlham Əliyev ailələrinə böyük sevinc bəxş edib:

“Bu sevinc mənə ikiqat bəxş olundu. Ad günümdə, 64 yaşımın tamam olduğu gün qardaşıma Milli Qəhrəman adı verildi. 32 ildir ki, yaşlı anam bu günü gözləyirdi. Biz ötən illərdə Natiqin sağ-salamat gəlməsini gözləmişik, istəmişik. Təəssüf ki, taleyi barədə hələ də məlumatımız yoxdur. Biz onun taleyi barədə məlumatı əldə edə bilməsək də, ən azı göstərdiyi qəhrəmanlığın qiymətləndirilməsini gözləyirdik. Sağ olsun Ali Baş Komandan, cənab İlham Əliyev, istəyimizi, arzumuzu həyata keçirdi. Cənab Prezidentə təşəkkür edirəm. Natiqin şücaətinə görə ona Milli Qəhrəman adı verildi”.

Musavat.com-un ARAYIŞI:

Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçüb. Məktəbi bitirdikdən sonra Mingəçevirdəki Azərbaycan DRES-də çilingər, “Kosmos” kinoteatrında kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra Mingəçevirə qayıdıb. Xocalıda erməni vəhşiliyini görəndən sonra könüllü olaraq Vətənin müdafiəsinə yollanıb.

Nofəl Qasımov bildirib ki, Natiq “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib:

“Xocalı faciəsindən sonra özünə yer tapa bilmirdi. Natiq anama bir məktub yazıb cəbhəyə yollanmışdı.

ANASİM.png (667 KB) 

Cəbhədən də evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm. 1992-ci ilin martında “Qarabağ şahinləri” batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. O zaman həmin yüksəklik Ağdamın təminat yolunu nəzarətdə saxlamağa imkan verirdi. Ona görə də elə oradakı qədim alban kilsəsində məskunlaşıblar. Ermənilər bir neçə dəfə həmin mövqeyi ələ keçirməyə cəhd ediblər. Döyüşlərdə komandir və bir neçə nəfər həlak olub. Bir neçə döyüşçü isə geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin 2 gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnib. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalıb.

Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirib. 5 gün təkbaşına Vitali Balasanyanın rəhbərlik etdiyi ermənilərə yüksəkliyi tam olaraq ələ keçirməyə imkan verməyib. O zaman ora Qarabağda döyüşmək üçün Ermənistandan gələn muzdlu Karser adlı bir erməni gəlib. O, ermənilərə təklif edib ki, kilsəyə gedib oradakı azərbaycanlıları danışıqla təslim etməyə gücüm çatar. Vitali Balasanyan ona deyib ki, kilsədə böyük bir dəstə var, güclü müqavimət göstərirlər, hücumla oranı ala bilmirik. Karser kilsənin qabağına gəlib, danışıq aparıb, içəri daxil olanda Natiq onun alnının ortasına bir güllə vurub. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən istifadə ediblər. O zaman Xocalıdan olan məktəb direktoru Cəfər müəllimi təcridxanadan gətirib kilsəyə göndəriblər. Cəfər müəllim kilsəyə gedib, içəri daxil olub, görüb ki, Natiq təkdir.

TEKDİR.jpeg (518 KB)

Natiqə ermənilərin şərtini çatdırıb. Ermənilərin şərti də belə olub ki, kilsədəkilər təslim olmasalar, Xocalıdan əsir götürülənlər güllələnəcək. Natiq Cəfər müəllimdən su istəyib. Cəfər müəllimdə su olmayıb. Cəfər müəllim Natiqi ən son görənlərdən biri idi. Danışırdı ki, Natiqdən niyə qaçmadığını soruşub. Ona deyib ki, komandirə söz verib, bayrağı və postu qoyub gedə bilməz, sona qədər vuruşacaq. O zaman 2 gülləsi qalıbmış. Cəfər müəllimə deyib ki, 20-dən çox əsirin güllələnməsinə razı ola bilməz. Kilsədən çıxıb, əlində bayraq və silahla ermənilərə tərəf addımlayıb. Güllənin birini də atıb, ermənilərə tərəf bağırıb onları yanına çağırıb. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, yanında Cəfər müəllimi görüb Natiqin üstünə tökülüşüblər. Üst-başını axtarıblar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilməyiblər. Kilsəni aramsız avtomat atəşinə tutublar. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləniblər. Natiq əlində üçrəngli bayrağımız erməni terrorçularının arasında irəliləyərkən orada italyan jurnalist də olub. Natiqin əlində bayraq fotosunu da həmin jurnalist çəkib”.

NATİQ BAYRAQ.jpg (218 KB)

Nofəl Qasımov qeyd edib ki, qardaşının qəhrəmanlığı haqda Cəfər müəllimdən eşidib, sonradan “Oqonyok” jurnalında Natiqin o məşhur fotosunu görüb:

“Natiq təslim olandan sonra Cəfər müəllimlə birgə Əsgəran qalasına aparılıblar. Cəfər müəllimi orada milis şöbəsinin təcridxanasına salıblar. Natiqi isə hərbi komendant olan mənzilə aparıblar. Cəfər müəllim Natiqi görən sonuncu azərbaycanlı olub. 1992-ci ilin martında ermənilər Cəfər müəllimi 21 əsirlə bərabər dəyişiblər. Natiqdən isə bu günə qədər də dəqiq məlumatımız yoxdur. Ermənilər tərəfində əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir”.

Nofəl Qasımov deyib ki, qardaşının axtarışı ilə illərlə özləri də məşğul olublar:

“O zaman bir nəfər gəlib bizi tapdı. Dedi ki, Natiq guya Kirovakandadır, sağdır. O zaman bizdən 1 milyon pul istədilər. Qohum-qardaş yığışıb pulu düzəltdik, elə o adamın özü ilə bərabər Qırmızı körpüyə getdik. Adama dedim ki, Natiqi gətir, pulu apar. O da getdi, gəlmədi. Belə başa düşdük ki, bizi aldatmaq üçün Natiqin Kirovakanda olmasını uydurub, pul qoparmaq istəyib. Natiqin harada olmasını bu gün ancaq Vitali Balasanyan bilir. O da Qarabağ işğaldan azad olunanda qaçıb Ermənistana keçə bildi.

Natiq haqda çəkilən filmdə onun sorğu-sualında iştirak etmiş ermənilərdən biri deyir ki, Natiqi doğradılar. 1992-ci ildə Allahverdi Bağırovla da görüşmüşdük. O zaman Balasanyan deyən yox idi, ona Vitali deyirdilər. Allahverdi Bağırov mənə demişdi ki, Vitali Balasanyanla danışıb, o da Allahverdi Bağırova deyib ki, Natiq kilsədə onun çoxlu əsgərini qırıb. Vitali Allahverdi Bağırova demişdi ki, biz onu diri-diri yandırmışıq, onun heç nəyi qalmayıb.

BALASA.jpg (89 KB)

“Oğul” sənədli filmi çəkiblər, orada da Natiqin sorğu-sualında iştirak etmiş erməni deyir ki, Natiqi doğrayıblar. Hazırda dövlətimiz axtarışları davam etdirir. Dövlət qurumlarından tez-tez mənimlə əlaqə saxlayırlar. Hələ ki, real bir məlumat yoxdur”.

Nofəl Qasımov bildirib ki, Vətən müharibəsindən sonra Natiq Qasımovun böyük fədakarlıqla döyüşdüyü həmin kilsədə olub:

“Dövlətimiz təşkil etdi, ora getdik. Kilsə daxilində Natiqin dayanıb düşmənə güllə atdığı yerdə oldum. Oradan, Natiqin ayağını qoyub sonuncu dəfə düşmənə güllə atdığı yerdən torpaq götürdüm. Düzdür, Natiqin Mingəçevirdəki Şəhidlər xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında adı var”.

NOFELİ .png (868 KB)

Nofəl Qasımov qeyd edib ki, qardaşı Natiq könüllü döyüşlərə qatılanda eyni binada yaşadıqları bir qızı sevirmiş:

“O qız ailə qurmadı. Bu gün də Natiqin yolunu gözləyir. Mingəçevirdəki Şəhidlər xiyabanında Natiqin rəmzi məzarı yanındakı oturacaqda tez-tez onu görürəm. Anam o qıza çox dedi ki, Natiq yoxdur, biz özümüz də ondan bir xəbər ala bilmirik, ailə qur, özünü bizim kimi bədbəxt eləmə. Getmədi. Çətindir, biz də əlimizdən gələni etdik...

Əgər dövlət Natiqin nəyinsə tapmasa, istərdik ki, bir yer versinlər, kilsədən gətirdiyim o torpağı ora qoyub dəfn edək. Onunla təsəllimiz üçün bir yer olar. Natiq 5 gün orada, o torpağın üstündə dayanıb, oranı qoruya bilib. O torpağa son günlərinin nəfəsi hopub. Vitali Balasanyan deyirsə ki, onu yandırıblar, onun nəyi ola bilər? Ümidimiz onadır ki, Natiqin əsir götürülməsində iştirak edən ermənilərdən biri onun yerini göstərər.

NATİQ İGİD.jpeg (444 KB)

Ürəyimdə də bir inam var, gözləyirəm ki, Ali Baş Komandanın verdiyi göstərişi yerinə yetirəcəklər, Natiqin qalıqlarını da olsa, tapacaqlar. Belə ehtimal var ki, Xocalı ərazisindədir. Natiqin qəbri olmasa da, dövlətin ona heykəl qoyacağına inanıram. Ona heykəl qəhrəmanlıq göstərdiyi, 22 nəfəri ölümdən qurtardığı Xocalıda da, yaşadığımız Mingəçevirdə də, anadan olduğumuz Gədəbəydə də qoyula bilər. Ali Baş Komandanımız harada məsləhət bilsə, orada qoyulsun”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR