Onlayn ictimai-siyasi qəzet
Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının bəzi ərazilərində su təminatında fasilə yaranıb.
Musavat.com xəbər verir ki, dünəndən etibarən sözügedən ərazilərdə sakinlər susuz qalıblar. “İri Şəhərlərin Su Təchizatı” QSC suyun verilişinin oktyabrın 7-si səhər saatlarına qədər bərpa olunacağını bildirsə də, bu gün günorta saatlarına qədər bəzi ərazilərdə su təchizatı bərpa edilməyib.
Sakinlər bildirirlər ki, artıq bir gün yarımdır su problemi ilə üzləşirlər. Bu isə xüsusilə çoxmənzilli binalarda və su ehtiyatı saxlamaq imkanı məhdud olan ailələr üçün ciddi çətinlik yaradıb.
Məsələ ilə bağlı “İri Şəhərlərin Su Təchizatı” QSC-dən Musavat.com-a bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ərazinin relyef xüsusiyyətləri ilə əlaqədar olaraq planlaşdırılandan bir neçə saat artıq vaxt aparıb.
Qurumdan qeyd edilib: “Hazırda təmir işləri yekunlaşıb, şəbəkə üzərində qaynaq işləri başa çatdırılıb və xəttin su ilə doldurulması prosesi həyata keçirilir. Gün ərzində suyun ünvanlar üzrə mərhələli şəkildə əvvəlki rejimlə verilməsi təmin ediləcək”.
Qeyd edək ki, su təminatında yaranan fasilə magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Şahanə Rəhimli
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ