İnsanlara hürriyət, millətlərə istiqlal!

Manaf deputatlığa namizəd olsa...

 

Dünəndən etibarən ölkəmizdə yüzlərlə (bəlkə də minlərlə) adamın bir-birinə “bəy (müəllim), sən namizədliyini hansı dairədən verəcəksən” sualı ilə müraciət etməsi mərhələsi başlanıb.

Maraqlı və gözəl sualdır, adamın izzət-nəfsini oxşayır, personasının mühümlüyünü təsdiq edir, adama qürur yaşadır.

Qərara gəlmişəm ki, jurnalist dostlarımın, partiya üzvü olan tanışlarımın hamısına bu sualla müraciət edim, qoy qürur duysunlar. Pulla deyil ki, müftə şeydir. Biz hər bir vətəndaşımıza qürur yaşamaları üçün imkan yaratmalıyıq.

Açığı, əvvəlki illərdən fərqli olaraq, bu il hələ ki mənə bənzər sualla müraciət edən olmayıb. Yalnız parlamentin özünü buraxmaq söhbəti yeni çıxanda bir əməkdaşımızla bu mövzuda söhbət etmişik – o da, savadlı adamlar demişkən, hipotetik səpkidə.

Əməkdaşımız məndən soruşdu ki, bax, biri sən, deputat olmaq istəməzsənmi. Səmimisini dedim ki, istəyərəm. Əməkdaşımız hiss etdi ki, “istəyərəm” sözündən sonra vergül işarəsi və “amma” bağlayıcısı da var, dedi, bəs niyə istəmirsən. Dedim, çünki seçilə bilmərəm.

Gerçəkdən də zırıltı işdir. Bu kampaniya böyük zəhmət, N qədər pul, güclü tərəfdarlar korpusu, Şarl de Qolldan füzun natiqlik istedadı tələb edir. Bu, “Trendyol”dan ayaqqabı sifariş etmək deyil, pulunu hesaba yatırasan, iki həftədən sonra paketləyib gətirələr.

Yadıma düşür ki, 14 il əvvəl mənə təxminən belə bir təkliflə (“bəlkə öz dairənizdən namizəd olasınız”) müraciət etmiş hörmətli şəxsə demişdim ki, bəy, bizim kənddə belə bir çoxişlənən ata sözü var, deyirlər, ağacda almanı iki dənə görməsən, selbə atma, mən ağacda heç nə görmürəm.

Düzdür, o vaxt selbə atılacaq ağac vardı, amma zəndlə baxanda görünürdü ki, sərv ağacıdır, hər ağacdan ucadır, amma ta neynəyəsən ki, əsli qıtdır, budağında bar yoxdur. Durub ha selbə at, heç nə düşməyəcək.

Bir də var, barlı ağac qonşunun çəpərinin qırağında ola, sən də selbə atasan, qoz tökülə, amma çəpərin o üzünə düşə.

Ona görə də həmkarıma dedim ki, praqmatik olmaq lazımdır, qalib gəlməyəcəyin yarışmaya qatılıb özünü yıpratmağa ehtiyac yoxdur. “Yəni heç özünü sınamaq, təcrübə toplamaq üçün də lazım deyil?” Bu sualın cavabı da belədir: “Yox”. Bunu izah edən bir idiomatik ifadə var, onu yazmaqdan vaz keçirəm. (Sadiq oxucum Anar Həsənli mesaj yazıb soruşacaq ki, o nə ifadədir, inboksuma yaz).

“Bəs deputat seçkisi sırf Norveçdəki kimi ideal dürüstlükdə keçirilsə, kim seçilər” sualına da səmimi cavab vermək lazım gəldi. “Manaf seçilər” dedim.

Zarafat eləmirəm, dəqiq bilirəm ki, o seçilər. Çünki xalq arasında hörməti böyükdür, bir zəngi ilə dava yatızdırır, qan barışdırır, məsələ həll edir, rayona gələndə alaqapıda adamı lüks avtomobillərdən ibarət kortej qarşılayır, müşayiət edir, rayonun hər kəndində dostları, qohumları, fanatları var.

Tutaq ki, dörd nəfərik – tanınmış jurnalist, məşhur iqtisadçı, məşhur vəkil və Manaf, namizədliyimizi vermişik və xalqın qabağında debata çıxmışıq. Mən çıxışımda deyirəm ki, indiyədək 10 mindən çox yazı yazmışam, həmişə haqq-ədalətin yanında olmuşam. Manaf deyir, düzdür, mən yazı yazmamışam, amma barəmdə çox yazıblar, bəzən də özüm yazdırmışam, Ədalətlə də çox toy oxumuşuq. Gurultulu alqışlar səslənir: “Yaşa, Manaf!”

İqtisadçı namizəd deyir, indiyədək dünyanın 80 ölkəsində mühazirə oxuyub. Manaf deyir, dünyanı çox gəzməyib, amma gözəl məmləkətin 80 rayonunu gəzib, hamısında da toy oxuyub, xalqın xeyrinə, şərinə yarıyıb. Gurultulu, sürəkli alqışlar.

Vəkil deyir, son 30 ildə yüzlərlə günahsız insanı məhkəmələrdə müdafiə edib. Manaf deyir, o da dəfələrlə qadın müğənniləri, təhqir olunanları müdafiə, onlara sataşanları da “nakazat” edib. Alqışlar davam edir.

Bu alqışlardan sonra səsvermənin nəticələrini özünüz təsəvvür edin. Gerçəklik budur.

Ona görə də realist olmaqda fayda var. İntəhası, fikir verirəm ki, çox adam gerçəkliyi qəbul etmək istəmir, açıqca hiss olunur ki, danışıqlarında, oturuşlarında, hətta gülüşlərində seçib-seçilmək həvəsi var. Ta nə deyim, işləri avand olsun. Ambisiyanın boynu yoğun olanda boğmaq olmur.

Yadıma düşür ki, 2000-ci il seçkisində bir yaxın və ambisiyalı adam deputatlığa namizəd olmaq istəyirdi, mane oldum, başqa, daha məşhur, daha imkanlı adam namizəd oldu və uduzdu. Namizəd ola bilməyən dost minnətdar olmalıykən uzun müddət mənimlə mısmırıqlı gəzdi. Adamı 5-10 min manat qabağa salmışdım, amma o, elə bilirdi ki, namizəd olsa, özü seçiləcəkmiş.

P.S. İnşallah, müğənni qardaşımız Manaf bu yazını ideya kimi qəbul edib, namizədliyini irəli sürməz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR