Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili keçmiş baş nazir İrakli Qaribaşviliyə özünə nisbətən daha yüngül cəza verilməsindən narazılığını açıq şəkildə ifadə edib.
Saakaşvili bildirib ki, onu 3 milyon dollar məbləğində vəsaitin mənimsənilməsində deyil, rəsmi səfərlərlə bağlı xərclərin “israfı”nda ittiham ediblər və bu iş üzrə 9 il azadlıqdan məhrum ediblər. Sabiq prezidentin sözlərinə görə, Qaribaşvilinin evindən 6 milyon dollar aşkar edildiyi halda, məhkəmə ona cəmi 5 il həbs cəzası çıxarıb. Saakaşvili hesab edir ki, Qaribaşvili uzun müddət həbsdə qalmayacaq və yaxın zamanda azadlığa buraxılacaq.
Qeyd olunur ki, Qaribaşvili cəzasını Saakaşvilinin də saxlanıldığı Rustavi həbsxanası №12də çəkəcək.
Xatırladaq ki, daha əvvəl Qaribaşvilinin vəkili ittihamların hüquqi formulunun dəyişdirildiyini açıqlayıb. Müdafiə tərəfinin bildirdiyinə görə, cinayət dövlət qulluğu ilə bağlı deyil və exs-baş nazir yalnız biznes fəaliyyətindən əldə etdiyi gəlirləri gizlədib.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ