İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın izi Avropanın polis sistemində üzə çıxdı 

Avropanın hüquq-mühafizə orqanlarının istifadə etdiyi xüsusi proqram təminatının arxasında Rusiya vətəndaşlarının dayandığı üzə çıxıb. ABŞ-də aparılan istintaq nəticəsində məlum olub ki, Avropa ölkələrinin polis qurumlarına və Amerika təhlükəsizlik strukturlarına texnologiya satan şirkətin proqramları əslində Rusiyada hazırlanırmış. Həmin texnologiyanın Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) də satıldığı iddia edilir.

Musavat.com xəbər verir ki, söhbət rəsmi qərargahı ABŞ-nin Virciniya ştatında yerləşən “Oxygen Forensics” şirkətindən gedir.

Şirkət mobil telefonlardan və kompüterlərdən məlumatların çıxarılması və təhlili üçün xüsusi proqram təminatı hazırlayır.

ABŞ Ədliyyə Nazirliyinin irəli sürdüyü ittihama görə, şirkət Amerika mənşəli müəssisə kimi təqdim edilsə də, əslində beş Rusiya vətəndaşının nəzarətində olub. Proqram təminatının hazırlanması və idarə olunması da Rusiyada həyata keçirilib.

Şirkətin fəaliyyəti Avropa İttifaqının maliyyələşdirdiyi layihələrə və bir sıra Avropa ölkələrinin hüquq-mühafizə sistemlərinə qədər uzanıb.

“Oxygen Forensics” 2014–2016-cı illərdə Avropa İttifaqından 1,9 milyon avrodan artıq maliyyə dəstəyi alan EVIDENCE layihəsi çərçivəsində məsləhətləşmələrə cəlb edilib. Layihənin məqsədi cinayət işlərində elektron sübutların toplanması və Avropa ölkələri arasında mübadiləsini təkmilləşdirmək olub.

Şirkətin texnologiyasından 2023-cü ilə qədər davam edən INSPECTr layihəsində də istifadə edilib. Bu layihə müxtəlif proqramlar vasitəsilə əldə olunmuş rəqəmsal sübutların vahid sistemdə təhlilini asanlaşdırmaq məqsədi daşıyıb.

Avropa Komissiyası isə şirkətin həmin layihələrin rəsmi iştirakçısı olmadığını və birbaşa maliyyə vəsaiti almadığını açıqlayıb.

Araşdırmanın ən diqqətçəkən hissəsi şirkətin Rusiya xüsusi xidmət orqanları ilə mümkün əlaqələridir.

ABŞ prokurorluğunun iddiasına görə, “Oxygen Forensics”in arxasında dayanan beş Rusiya vətəndaşı “MKO Systems” adlı digər şirkətə də nəzarət edib. Həmin müəssisə eyni texnologiyanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə satıb.

Beləliklə, Avropa və Amerika hüquq-mühafizə orqanlarının istifadə etdiyi texnologiyanın Rusiya təhlükəsizlik strukturlarına da təqdim edildiyi bildirilir.

Şirkətin proqram təminatının Almaniya, İspaniya, İtaliya və Polşanın hüquq-mühafizə orqanları tərəfindən alındığı və ya istifadəsinə icazə verildiyi müəyyənləşdirilib. Rumıniya və Latviya polisi də bu ilin sentyabrına qədər həmin məhsulları satın alıb. Macarıstan polisi isə 2024-cü ilin dekabrında şirkətlə təxminən 27 min avroluq müqavilə bağlayıb.

Araşdırmaya görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən digər proqram çərçivəsində “Oxygen Forensics”in texnologiyası Mərakeşin təhlükəsizlik orqanlarına da təqdim olunub. Avropa vəsaiti hesabına Mərakeş polisi üçün şirkətin əməkdaşlarının iştirakı ilə təlimlər təşkil edilib.

ABŞ-də aparılan istintaq çərçivəsində şirkətin rəhbəri Li Rayber saxlanılıb. Proqramların hazırlanmasına rəhbərlik etdiyi bildirilən Rusiya vətəndaşı Oleq Davıdov isə Londonun Hitrou hava limanında İstanbula uçmağa hazırlaşarkən həbs edilib. ABŞ onun ekstradisiyasını tələb etməyi planlaşdırır.

Amerika hakimiyyəti şirkətin bank hesablarına, 57 domeninə və digər elektron infrastrukturuna həbs qoyub.

Ən ciddi sual isə Avropa hüquq-mühafizə orqanlarının topladığı məxfi məlumatların təhlükəsizliyi ilə bağlıdır.

Rəqəmsal hüquqların müdafiəsi ilə məşğul olan “Access Now” təşkilatının hüquq məsləhətçisi Natalya Krapiva bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələri illərdir şirkətin Rusiya ilə əlaqələri barədə xəbərdarlıq edirdilər.

Onun fikrincə, Rusiya xüsusi xidmət orqanlarına da satılan texnologiyanın Avropa cinayət işlərindəki elektron sübutların emalı üçün istifadəsi həssas məlumatların təhlükəsizliyi ilə bağlı ciddi araşdırma tələb edir.

Krapiva Avropa İttifaqını və həmin proqramlardan istifadə edən dövlətləri onların tətbiqini dayandırmağa, şirkətin Qərbin hüquq-mühafizə sistemlərində on ilə yaxın necə fəaliyyət göstərdiyini araşdırmağa çağırıb.

Bununla belə, ABŞ Ədliyyə Nazirliyi mühüm məqamı xüsusi vurğulayır: hazırkı cinayət işində proqram təminatında zərərli kodun olduğu və ya şirkətin müştərilərin sistemlərinə, yaxud məlumatlarına icazəsiz giriş əldə etdiyi iddia edilmir. İstintaqın əsas predmeti şirkətin Rusiya vətəndaşlarına məxsus olmasının və proqramların Rusiyada hazırlanmasının gizlədilməsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR