Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Ukrayna arasında savaşın daha amansız məcraya adlaması, hər iki ölkəyə məxsus ordunun mülki, yaxud qeyri-mülki fərqi qoymadan, qarşılıqlı şəkildə raket və dronlarla bir-birini hədəfə alması savaşın yaxın aylarda dayanacağına ciddi şübhələr yaradır.
ABŞ-nin, həmçinin digər ölkələrin sülhyaratma təşəbbüsləri də nəticəsiz qalıb. Bu isə fəlakətlərin miqyasının daha da genişlənəcəyini deməyə əsas verir. Elə ekspertimizin də şərhindən ortaya çıxan qənaət budur ki, Rusiya-Ukrayna müharibəsində üfüqdə sülh görünmür.

Beynəlxalq məsələlər üzrə ekspert, hüquqşünas Sahib Məmmədov Musavat.com-a açıqlaması zamanı bildirib ki, Ankoric görüşü (ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində baş tutan görüşdən söhbət gedir - red.) zamanı irəli sürülən təkliflər Rusiya tərəfindən qəbul olunmuşdu:
“Hər halda, Rusiya tərəfi belə fikirlər səsləndirir. Həmin şifahi razılaşma əslində münaqişənin başa çatması anlamı vermirdi, lakin onun uzun müddətdə dondurulmasını nəzərdə tuturdu. Amma imzalanmamış həmin sənəddə 19 bənd nəzərdə tutulurdu və faktiki olaraq Ukrayna ərazi güzəştlərinə getməli idi. Həmin müddəalar içərisində Ukraynanın razılaşmadığı digər şərtlər də var idi. Ona görə də Ankoric raşılaşması öz əhəmiyyətini itirdi. Təəssüf ki, bu prosesdən sonra tərəflər arasında döyüşlər daha da şiddətləndi, həm də müharibənin xarateri əhəmiyyəti şəkildə dəyişdi. Hazırda tərəflər arasında döyüşlər yalnız döyüş əməliyyatı zonasında davam etmir, ölkənin dərinliklərinə də sirayət edib. Belə olan halda Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibə elə bir həddədir ki, hər hansı atəşkəsdən və münaqişənin dondurulmasından danışmaq belə mümkün deyil”.
S.Məmmədov zəruri bir xatırlatma edib:
“Prezident İlham Əliyev Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların sadə bir atəşkəslə və ya qısamüddətli barışıqla dayanmasının çətin olacağını bidirmişdi. Azərbaycanda atəşkəs 26 ildən çox davam etmişdi, amma atəşkəs münaqişənin sülh yolu ilə həllinə gətirmədi. Sadəcə, ATƏT-in Minsk Qrupu dondurulmuş münaqişənin danışıqlar yolu ilə həll olunması deyil, status-kvonun saxlanılması və münaqişənin mübahisə fazasına keçirilməsi üçün əlindən gələni etdi. Rusiya həmsədr dövlət kimi Qarabağ probleminin həllində birtərəfli mövqe nümayiş etdirdi və nəticədə biz torpaqlarımızı müharibə yolu ilə azad etməli olduq. Rusiya aktiv münaqişələrin - müharibələrin - dondurulmasının nə olduğunu yaxşı bilir və bu baxımdan Ukrayna ilə davam edən müharibənin şərt irəli sürülmədən dondurlmasıyla razılaşmır. Rusiya hesab edir ki, prinsipial razılaşma olmasa və onun “ilkin səbəblər” adlandırdığı səbəblər aradan qalxmasa, münaqişənin dondurulmasının mənası yoxdur”.
Hüquqşünas qeyd edib ki, Rusiya nəzarətinə götürdüyü əraziləri geri qaytarmaq niyyətində deyil, Ukrayna isə ərazi itkisini qəbul etmir:
“Bu halda atəşkəs və ya aktiv müharibə fazasının dondurulması problemin həlli demək deyil”.
Ekspert bir daha Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirdiyi fikirlərə istinad edib:
“O qeyd edirdi ki, istənilən atəşkəs “yalnız müvəqqəti bir möhlətdir, ölkələrə yenidən qruplaşmaq, səfərbər olmaq və hərbi əməliyyatları davam etmək üçün vaxt verir”. Əslində, Rusiyanın münaqişənin şərtlər qəbul olunmadan dayandırmaq istəməməsinin səbəbi də budur. Rusiya əldə etdiklərindən imtina etmək fikrində deyil, Ukrayna isə heç bir ərazi itkisinə getmək istəmir. Bu halda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “real dünyada bu cür müharibələrin yalnız tərəflərdən birinin faktiki kapitulyasiyası və ya yekun sülh aktının imzalanması ilə başa çatır””.
E.Paşasoy,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ