İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “sıxılmış qaz” kimi: Sosial etirazlar partlama ehtimalı ilə üz-üzə  

Kreml internetdə qalan son “boşluqları” – o cümlədən Teleqramın fəaliyyətini məhdudlaşdırmaq kimi addımları – qapamağa başlayıb. Rəhbərlik hesab edir ki, əgər Ukraynadakı müharibə başa çatdıqdan sonra sərt tədbirlər görülməsə, Rusiyada geniş miqyaslı narazılıq və kütləvi etirazlar baş qaldıra bilər.

Ekspertlər bu vəziyyəti SSRİ-nin Əfqanıstandan uğursuz çıxışı sonrası yaranan sosial gərginliklərə bənzədir. Həmin dövrdə hökumət daxildə kütləvi etirazlarla üzləşmiş və gərginliyi azaltmaq üçün sərt tədbirlər tətbiq etmişdi.

Bu barədə məlumat “Röyters” agentliyində yayımlanan məqalədə əksini tapıb. Məqalədə vurğulanır ki, Kreml hakimiyyəti potensial etiraz dalğalarının qarşısını almaq üçün həm sosial mediaya nəzarəti gücləndirir, həm də informasiya məkanını daha sıx bağlayır.

Analitiklər bildirirlər ki, Ukraynadakı müharibənin bitməsi Rusiyada siyasi və sosial gərginliyi artıran əsas katalizator olacaq və bu, Kreml üçün yeni idarəetmə və təhlükəsizlik çağırışlarını ortaya çıxaracaq/axar.az

Bəs bu proqnozlar nə dərəcədə realdır?

Kütləvi narazılıq halında Kreml hansı addımları ata bilər və bu addımlar siyasi sabitliyi qorumağa kifayət edərmi?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, müharibələr yalnız savaş meydanlarında qazanılmır:

"Bəzən savaş meydanlarında əldə olunan qələbələr ölkələrin potensialından artıq yüklənməsi ilə nəticələnir və iqtisadi gücü zəifləyən imperiyaların çöküşü başlayır. Nə yazıq ki, Rusiya bu amilləri nəzərə almadan Ukrayna savaşına girdi. Nəticədə hər iki ucu məğlubiyyət olan bir sindromla qarşılaşdı. İndi bu sindromdan çıxmaq üçün əlləşir. Amma bu sindromdan üzüsulu çıxış da mümkün deyil. O, məcburən sonu gələnə qədər savaşmalı və ya məğlubiyyətini etiraf edib geri çəkilməlidir. Hər iki ehtimal Rusiyanın bir dövlət kimi parçalanması ilə nəticələnəcək. Çünki bütün dövlətlər öz təbəələrinə və ya vətəndaşlarına gələcəyə ümid bəxş etməlidir. İnsanlar inanmalıdırlar ki, çəkdikləri əziyyət müvəqqətidir və bir müddətdən sonra sona çatacaq. Rusiya cəmiyyətində isə buna inam yoxdur. Xüsusilə müharibənin bütün yükü azsaylı etnik qrupların, çiyinlərinə düşür. Müharibələrdə əsasən türksoylular ölür və bu da onların imperiyaya sədaqətlərini imtahana çəkir".

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Siyasi şərhçinin fikrincə, bir müddətdən Şimali Qafqazda, Tatarıstan və Başqırdıstan kimi vilayətlərdə ciddi çaxnaşmalar baş verəcək:

"Etnik rusların yaşadığı bölgələrdə də müharibənin yorğunluğu yaşanacaq. İqtisadi vəziyyətin getdikcə pisləşməsi, Avropa ilə əlaqələrin zəifləməsi, məcburən Çin, Hindistan kimi Asiya ölkələrinə yönəlmələr rusların da düşünən beyinləri üçün müdhiş qırılma nöqtələri yaradacaq. İranla müharibə bir müddət onun vəziyyəti stabilləşdirməsinə kömək edə bilər. Bir müddətdən sonra İran da iqtisadi cəhətdən çökəcəyindən və tranzit xətləri təhlükə səbəbindən bağlandığından bu tənəzzül Rusiyaya da sıçrayacaq. Bütün bu neqativliklər şimal qonşumuzda da dərin xəyal qırıqlıqlarına yol açacaq. Nəticədə sosial partlayışlar qaçılmaz olacaq”.

Heydər Oğuz qeyd edib ki, Rusiya İran-ABŞ-İsrail savaşına iqtisadi tənəzzüldən qurtuluş fürsəti kimi baxırdı:

“Həqiqətən də bu müharibə Rusiyaya yeni imkanlar qazandırırdı. Amma Ukrayna ilə savaşın davam etməsi Rusiyanın qazandığı dividentlərin səngimək bilməyən müharibələrə xərclənməsinə gətirib çıxarır. Beləcə, Rusiya o potensialını da iqtisadi yüksəlişə xərcləyə bilmir. Ən əsası, Ukrayna savaşında verdiyi ağır itkilər də Rusiyanın verimli insan resurslarının da azalmasına yol açır. Yerdə əli iş tutmayan, içki düşkünü olan sosial qruplar qalır. Müharibə təhlükəsi ağlı başında olan adamları da ölkədən didərgin düşməsini sürətləndirir”.

Heydər Oğuzun fikrincə, bu amillər də Rusiyanın iqtisadi vəziyyətinin yaxın zamanlarda düzəlməyəcəyini göstərir:

“Üstəlik, Rusiyanın cəbhədə də vəziyyəti ürəkaçan deyil. Son zamanlar Ukraynanın bir çox cəbhələrdə irəlilədiyi barədə məlumatlar gəlir. Ukraynaya Avropa dövlətlərinin maddi yardımları, Rusiyanın isə təkbaşına mübarizə aparması amili tükəndirmə savaşında vəziyyətin ikincinin əleyhinə nəticələnməsi perspektivi yaradır. Bir sözlə, hansı tərəfdən baxsanız, Rusiya uduzan tərəfə çevrilə bilər”.

Rusiyanın onu gözləyən təhlükədən sosial şəbəkələrə girişi məhdudlaşdırmaqla çarə axtarmasının rasional iş olmadığını bildirən siyasi şərhçinin fikrincə, bu kimi tədbirlər geniş miqyaslı tənəzzülün qarşısını almır:

“Əksinə, vətəndaşları ümumi təhlükəyə qarşı təşkilatlanmasının qarşısını alır. Beləcə, getdikcə dünya ilə əlaqəsini itirən toplum qlobal təcrübələrdən də yararlana bilmir, daha çox qəflətə qapılır və özünü inkişaf etdirmək şansını itirir. Bu da ilk dövrlərdə bəlkə stabilliyin qorunmasına fayda verir. Amma geniş zaman kəsimində isə problemlərin və narazılıqların daha da artmasını tətikləyir, cəmiyyəti radikal tədbirlərə əl atmağa həvəsləndirir. Rusiya qarşı-qarşıya qaldığı problemləri ağıllı yolla həll edə bilməsə, sıxılmış qaz kimi partlayışa məruz qalacaq. Ölkənin bütövlüyünü qorumaq da çətinləşəcək”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR