Onlayn ictimai-siyasi qəzet
Rusiya sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər öncəsi xarici ölkələrə müraciət edərək, həmin ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində yaradılacaq seçki məntəqələrinin təhlükəsizliyinin təmin olunmasını və səfirliklərin qarşısında nümayişlərin keçirilməsinə yol verilməməsini istəyib.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Xarici İşlər Nazirliyinin seçki üzrə komissiyası sədrinin müavini Maksim Rayder deyib. Rayderin sözlərinə görə, Moskva xarici dövlətlərin Rusiya vətəndaşlarının səsverməsi ilə bağlı “beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməsini” gözləyir.
O bildirib ki, Rusiyanın bütün xarici ölkələrin Xarici İşlər nazirliklərinə müvafiq notalar göndərilib. Bu sənədlərdə seçki günü Rusiya diplomatik nümayəndəliklərinin yaxınlığında nümayişlərin keçirilməsinin qadağan edilməsi də daxil olmaqla, seçki məntəqələrinin mühafizəsi üçün “adekvat tədbirlərin” görülməsi tələb olunur. “Seçki günü xarici nümayəndəliklərimizin yaxınlığında nümayişlərin qadağan edilməsi də daxil olmaqla, seçki məntəqələrinin qorunması üçün adekvat tədbirlər tələb edən notalar xarici ölkələrin bütün xarici işlər nazirliklərinə göndərilib”, – Rayder deyib.
Rusiyada Dövlət Duması seçkiləri sentyabrın 18-20-də keçiriləcək. Seçkilərdə 450 deputat mandatı uğrunda mübarizə aparılacaq. Onlardan 225-i partiya siyahıları üzrə, digər 225-i isə birmandatlı seçki dairələri üzrə seçiləcək.
Seçki kampaniyasının başlaması ilə Moskvanın xaricdəki seçki məntəqələrinin təhlükəsizliyi məsələsini önə çıxarması Rusiyanın əvvəlki seçkilər zamanı qarşılaşdığı etiraz aksiyaları və təhlükəsizlik riskləri fonunda diqqət çəkir. Xarici ölkələrdə Rusiya səfirlikləri qarşısında keçiriləcək mümkün aksiyaların seçki prosesinə təsir etməsinin qarşısını almaq Moskvanın diplomatik gündəliyinin əsas məsələlərindən birinə çevrilib.
Azərbaycanda cəmi bir seçki məntəqəsi olacaq. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sentyabrın 20-də Bakıdakı Rusiya səfirliyinin konsulluq şöbəsində 8017 saylı seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə saat 08:00-dan 20:00-dək keçiriləcək. Rusiya səfirliyi də Azərbaycan üzrə yalnız bu məntəqənin yaradıldığını təsdiqləyib.
2016-cı ildə də Rusiya vətəndaşları Azərbaycanda Bakıdakı 8017 saylı məntəqədə səs veriblər. Həmin vaxt Azərbaycanda seçki hüququ olan Rusiya vətəndaşlarının sayının təxminən 5 min olduğu barədə məlumat yayılmışdı. 2011-ci il seçkilərində isə Azərbaycanda iki məntəqə fəaliyyət göstərirdi – Bakıdakı səfirlikdə 5006 saylı və Qəbələdəki Rusiya hərbi şəhərciyində 5007 saylı məntəqələr. Nəticədə 1654 Rusiya vətəndaşı səs vermişdi ki, bu da konsulluq qeydiyyatında olan 6330 Rusiya vətəndaşının 26 faizi idi. Həmin göstərici 2007-ci illə müqayisədə təxminən 11 faiz yüksək olub.
Bəs Moskva niyə bu dəfə niyə belə narahatdır? Burada mühüm məqam odur ki, söhbət sadəcə seçki məntəqələrinin mühafizəsindən getmir. Maksim Rayderin açıqlamasında diplomatik nümayəndəliklərin yaxınlığında nümayişlərin məhz seçki günü qadağan edilməsinin tələb olunduğu bildirilir. Moskvanın narahatlığının arxasında bir neçə amil görünür. Rusiya rəsmiləri artıq xaricdəki seçki məntəqələrində “təxribatlar”, saxta exit-pollar və seçkilərin legitimliyini şübhə altına alan məlumatların yayılacağından danışırlar. Federasiya Şurasının müvafiq komissiyasının rəhbəri Vladimir Cabbarov da xaricdəki məntəqələrdə mümkün təxribatlardan və saxta sorğulardan danışıb.

Digər tərəfdən, Rusiyada müharibə və siyasi repressiyalar fonunda xaricdə yaşayan Rusiya vətəndaşlarının bir hissəsinin hakimiyyətə qarşı etiraz mövqeyində olması Moskvanın hesablamalarını dəyişib. Məsələn, seçkilərin əsas günü – sentyabrın 20-də müxalif “Mirnaya Rossiya” partiyasının tərəfdarlarını ant-müharibə aksiyasına çağırdığı barədə məlumat yayılıb. Eyni zamanda Rusiya hakimiyyəti xaricdəki nümayişlərin seçki prosesinə təsir edə biləcəyindən ehtiyat edir. Bu seçkilər üzrə bütün xarici ölkələrin XİN-lərinə göndərilən notalarda məhz nümayişlərin qadağan edilməsinin ayrıca tələb kimi irəli sürülməsi əvvəlki seçkilərdən fərqli və kifayət qədər sərt addım təsiri bağışlayır...
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ