Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Respublikaçılar Partiyası daxilində İsrailə münasibətdə nəzərəçarpacaq dəyişiklik baş verir. Qəzza zolağındakı müharibə və İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan fikir ayrılıqları partiya daxilində skeptisizmi gücləndirib.
Musavat.com xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, xüsusilə gənc respublikaçılar və "Əvvəlcə Amerika" (America First) hərəkatının tərəfdarları arasında İsrailə dəstək əvvəlki illərlə müqayisədə zəifləyib. Bildirilir ki, son 15 ildə Netanyahu demokratlar arasında azalan dəstəyi respublikaçılarla əlaqələri gücləndirməklə kompensasiya edə bilirdi. Lakin indi narazılıq artıq Respublikaçılar Partiyasının öz daxilində də hiss olunur.
İsraili tənqid edənlər arasında təkcə tanınmış konservativ şərhçilər Taker Karlson və Marcori Teylor Qrin deyil, ABŞ-ın vitse-prezidenti Cey Di Vəns də yer alır. Vəns açıq şəkildə İsrail rəhbərliyini Tramp administrasiyasına qarşı hücumlarına görə qınayıb.
Məqalədə qeyd olunur ki, Pew Research Center-in keçirdiyi sorğu da bu dəyişikliyi təsdiqləyir. Sorğunun nəticələrinə əsasən, respublikaçıların 40 faizi İsrailə mənfi münasibət bəsləyir. Yaşı 50-dən aşağı olan respublikaçılar arasında isə bu göstərici 57 faizə çatır.
Bununla belə, Respublikaçılar Partiyasının rəhbərliyinin və evangelist seçicilərin əksəriyyəti hələ də İsraili dəstəkləyir. Bununla yanaşı, Axios xəbərdarlıq edir ki, bu tendensiya davam edərsə, İsrail ABŞ siyasətində ən mühüm dayaqlarından birini zəiflətmiş olacaq.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ