İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurbansız qələbə olmur, Qurbansız "Qarabağ" olmur: İntertoto-dan Enfildədək

2000-ci ildə “Qalatasaray” UEFA kuboku və Avropa Superkuboku almaqla “planka”nı necə qaldırdısa, 2002 dünya kubokunda azarkeşlər Türkiyə milli komandasından Ronaldo, Rivaldo, Karloslu Braziliyanı məğlub edib dünya çempionu olmasını, 2008-ci ildə isə o dövrün güclü Almaniyasını məğlub edib Avropa birincisi olmasını arzulayırdı.

O zaman milli komanda da həm futbol bacarığı, həm döyüş ruhu baxımından bir başqa idi. Amma o qədər yaxın olmasına baxmayaraq hər iki dəfə üçüncü yerlə kifayətləndi. Çünki böyük oyunları öz lehinə çevirmək təcrübəsi çatmadı. 

maxresdefault (1).jpg (87 KB)

Bu gün isə Qurban Qurbanov “Qarabağ”ı o zirvəyə qaldırıb. Ardıcıl zəhmət və ustalıqla zəif çempionatın lideri artıq Avropaya və dünyaya səs salıb. Artıq Avropanın ən güclülərini “gözümüz yeyir”. Futboldan azacıq başı çıxan hər kəs rəqibin itkilərini nəzərə alaraq matça bu oyunda qələbə niyə olmasın düşüncəsi ilə yanaşır. Haqlıdırlar da. “Çelsi” də həmin turnirin təmsilçisi idi. Heç-heçəyə sevindilər. Yaxud “Benfika” zəif rəqib idi? Eləcə də “Kopenhagen”, “Ayntraxt”, son dəqiqələrdə əldən buraxdığımız “Ayaks”. Bunların hər biri zəfər tarixi olan onilliklərin klublarıdır. Əminəm ki bu gün rəqib “Bavariya”, “Barselona”, “Real” olsaydı da düşüncə belə olacaqdı.
Çox yazmışıq çox demişik, müqayisələr, bənzətmələr, tənqidlər və s. 

17696289084100522708_1200x630.jpeg (424 KB)

2000-ci illərdə “Qalatasaray”ın, Türkiyə yığmasının qələbələrindən danışanda Fatih Terim faktoru, türkün döyüş əzmindən yazırdıq. Haqlı da idik.

O zaman Qarabağ işğalda idi. Birinci savaşda çoxlu qurbanlar olmasına rəğmən.

“Qarabağ” Azərbaycan çempionatında belə ortabab bir komanda idi.

Amma uzaq 1999-da “Köhlən at”lar sıçrayış edərək İsrailin “Makkabi” komandasını səfərdə 2-1 məğlub edərək İntertoto kuboku yarışında mərhələ adlamış, Avropada mərhələ keçən ilk Azərbaycan komandası olmuşdu. Bəlkə də kiçik də olsa o uğur bu günlərin işartısı idi.
“Qarabağ” 2014-2015 sezonundan etibarən Avropa Liqasında qrup mərhələsinə qalmaqla beynəlxalq arenada ilk böyük uğurlarına imza atmış oldu. Sonra bir daha da bunu etdi, sonra Çempionlar Liqası qrupu. Döyüşdü, bəzən qalıb gəldi, bəzən məğlub oldu amma böyüdü…O boyda “Qarabağ” oldu!!! 

17696289081807860609_1200x630.jpeg (664 KB)

2020-də 27 illik işğalı bitirmək üçün Azərbaycan dövləti, xalqı, ordusu birgə irəli atıldı və Zəfərə yetişdi. Şəhidlər, qurbanlar verdik. Qurbansız qələbə olmur, Qurbansız Qarabağ olmur. Bu reallığı xalq olaraq yaşadıq, üzüldük, sevindik…

Bu gün “Qarabağ”ın başında bir Qurban var. Ömrünü, ruhunu, gücünü, əzmini “Qarabağ”a Qurban edən Qurbanov.

Az sonra milyonlarla azərbaycanlı, türk ekran başından 90 dəqiqə boyu sizə qurban olaq “Qarabağ” hayqıracaq. Futbolun vətənində dünyanın nəhəngi olan “Liverpul” önündə qələbə gözləyəcəyik. Bu gün Xankəndi, Şuşada keçirilən bayramlar necə möcüzə, yuxu kimi gəlirsə “Enfild”də Avropanın artıq yaxşı tanıdığı “Qarabağ”ın əzmlə meydana çıxması Azərbaycan futbolu adına eyni hisslərdir.

Arzu edək ki, xalqımız bundan sonra Qarabağ üçün qurban verməsin, əmin-amanlıq, sülh daim olsun.

Bizə bir Qurban bəsdir. “Qarabağ”ın Qurbanı, Qurbanın “Qarabağ”ı.

Di haydı “köhlən at”lar! Nəticə nə olursa olsun “dördnala çapın” Britaniya çöllərində!!!

maxresdefault.jpg (81 KB)

Anar Natiqoğlu, Odessa
"Yeni Müsavat" Media Qrupunun Ukrayna təmsilçisi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR