Onlayn ictimai-siyasi qəzet
İqlim dəyişikliyinin Avropa iqtisadiyyatına vurduğu zərbə artıq yalnız ekoloji deyil, həm də ciddi maliyyə və sənaye probleminə çevrilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşmənin yaratdığı itkilər iqlim siyasətinin xərclərindən qat-qat artıqdır.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" geniş təhlil dərc edib.
Nəşr yazır ki, Avropa İttifaqı son bir ildə "Yaşıl Razılaşma" proqramını iqtisadi rəqabət qabiliyyətinə uyğunlaşdırmağa çalışır. Yeni iqlim qanunlarının qəbul edilməsi üçün onların iqtisadi üstünlük yaratması tələb olunur, əvvəlki ekoloji qaydaların bir hissəsi isə Avropa şirkətlərinin Çin və ABŞ ilə rəqabət qabiliyyətini artırmaq məqsədilə yumşaldılır.
Lakin "Politico" qeyd edir ki, bu siyasət Avropanın üzləşdiyi iqlim reallığı ilə toqquşur.
14 min insan həyatını itirib
Məqaləyə görə, iyunun sonundakı rekord istilər nəticəsində 14 mindən çox insan həyatını itirib.
Yay ərzində meşə yanğınları səbəbindən yarım milyona yaxın insan evlərini tərk etməyə məcbur olub, minlərlə ailə isə geri qayıtdıqda yaşayış məntəqələrinin külə döndüyünü görüb.
İqtisadi zərər milyardlarla avro ilə ölçülür
Politico yazır ki, İspaniya, Fransa və Yunanıstandakı meşə yanğınlarının bərpası milyardlarla avroya başa gələcək.
İşçilərin məhsuldarlığı azalır
BMT-nin məlumatına görə, temperatur müəyyən həddi keçdikdən sonra hər əlavə 1 dərəcə əmək məhsuldarlığını 2-3 faiz azaldır.
Eyni zamanda kondisionerlərdən istifadənin artması şirkətlərin enerji xərclərini yüksəldir.
Allianz sığorta qrupu hesablayıb ki, yalnız bu iki amil 2026-2030-cu illərdə Avropa ölkələrinin ÜDM-inə ciddi zərbə vuracaq.
Şirkətin proqnozuna görə:Fransa 240 milyard dollar, İtaliya 147 milyard dollar, Almaniya 131 milyard dollar, İspaniya isə 120 milyard dollar itirə bilər.
Təkcə Almaniyada iyunun sonundakı isti dalğası iqtisadiyyata 6,3 milyard avro ziyan vurub.
Quraqlıq kənd təsərrüfatını çökdürür

Avropada ardıcıl isti dalğaları və yağıntının azalması quraqlığı daha da gücləndirib.
Avropa taxıl assosiasiyası Coceral hesablayıb ki, yalnız iyun ayındakı istilər 9 milyon ton taxıl məhsulunu məhv edib.
Bu isə fermerlər üçün təxminən 2 milyard avro gəlir itkisi deməkdir.
Reyn çayı kritik həddə çatıb
Politico yazır ki, Almaniyanın əsas nəqliyyat arteriyası olan Reyn çayında suyun səviyyəsi 1880-ci ildən bəri ən aşağı həddə düşüb.
Bunun nəticəsində yük gəmiləri yüklərinin 80 faizini boşaltmağa məcbur olur.
Almaniyanın polad nəhəngi Thyssenkrupp artıq xammal çatışmazlığı səbəbindən istehsalı azaltmağa başladığını açıqlayıb.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun eksperti Ştefan Kuts hesab edir ki, vəziyyət davam edərsə, Almaniya iqtisadiyyatı üçüncü rübdə əlavə 0,1-0,2 faiz kiçilə bilər.
Macarıstan enerji böhranı ilə üz-üzədir
Dunay çayında suyun rekord səviyyədə azalması atom elektrik stansiyalarının soyudulmasını çətinləşdirib.
Macarıstanın elektrik enerjisinin 40 faizini istehsal edən Pakş AES fəaliyyətini minimuma endirib və hazırda adi gücünün təxminən 10 faizi ilə işləyir.
Rumıniya hökuməti isə atom stansiyalarını su ilə təmin etmək üçün Dunay yatağındakı qayalardan birini partlatmağa məcbur olub.
Fransada EDF şirkəti quraqlıq səbəbindən üç reaktoru dayandırıb, digərlərinin istehsalını isə azaldıb.
Serbiyada hidroelektrik stansiyalarının istehsalı zəifləyib, Prezident Aleksandar Vuçiç isə ölkənin yeganə neft emalı zavodunun fəaliyyətinin də təhlükə altında olduğunu bildirib.
Yanğınların real qiyməti
ETH Sürix Universitetinin iqlim iqtisadçısı Sara Mayer hesab edir ki, 2011-2018-ci illərdə Portuqaliya, İspaniya, İtaliya və Yunanıstanda meşə yanğınları hər il 2,1 milyard avroya yaxın iqtisadi itki yaradıb.
Lakin onun sözlərinə görə, 2026-cı ildəki yanğınlar həmin rəqəmdən dəfələrlə böyük zərərə səbəb olacaq.
Fransa Ekoloji Keçid Nazirliyi hesablayıb ki, yanmış hər hektar meşənin bərpası 10 min avroya başa gəlir.
İyulun sonuna qədər Avropa İttifaqında 465 min hektardan çox meşə yanıb.
Musavat.com
07 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ