İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən "Şimal-Cənub" etirafı - günahkar İrandır?

"Rusiya prezidenti Vladimir Putinin "Valday" Beynəlxalq Diskussiya Klubundakı çıxışının ekspertlər arasında müzakirəsi davam edir. Bu çıxışdan ilk nəticə odur ki, Putin Ukraynaya qarşı müharibəni davam etdirəcək. Buna baxmayaraq, Rusiya prezidenti bu müharibənin ölkəsi üçün mənfi nəticələrinin olduğunu da etiraf edib. Ancaq onun sözlərinə görə, guya Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaqdan başqa alternativi olmayıb".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq bildirib ki, Putin çıxışı zamanı Rusiyanın "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə xüsusi əhəmiyyət verdiyini də vurğulayıb:

"Marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini xatırladan Kreml sahibi ölkəmizlə bağlı heç bir problemin olmadığını, Prezident İlham Əliyevlə bu məsələ ilə əlaqədar əlaqə saxladığını vurğulayıb. Putin layihənin ləngiməsinin İranla bağlı olduğuna işarə edib: ""Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşması təkcə bizdən asılı deyil. Biz kredit resurslarını təmin etməyə hazırıq. Ancaq hazırda iranlı dostlarımız işin özlərinə düşən hissəsini tamamlamalıdırlar". Yəni Putin demək istəyib ki, Tehran üzərinə düşəni etməyib".

Politoloq xatırladıb ki, Prezident İlham Əliyev də daha əvvəl "Şimal–Cənub" dəhlizində çatışmayan əsas dəmir yolu hissəsinin İran ərazisində yerləşdiyini bildirmişdi:

"Söhbət təxminən 150 kilometr və ya daha artıq hissədən gedir. Təxminən 7,2 min kilometrlik "Şimal-Cənub" marşrutu Rusiya, Azərbaycan və İran üzərindən Hindistan istiqamətinə yükdaşımaları sürətləndirmək və Süveyş kanalı üzərindən keçən ənənəvi dəniz marşrutuna alternativ yaratmaq məqsədi daşıyır. Avropanın sanksiyaları ilə üzləşən Rusiyanın "Şimal-Cənub" dəhlizinə ehtiyacı var. Rusiya Hind okeanına alternativ yolları araşdırır. Rusiya bu dəhliz üzərindən müxtəlif ölkələrə, o cümlədən Hindistana çıxış imkanı qazanmaq istəyir. Ancaq nə qədər ki, ABŞ-İran gərginliyi davam edir və müharibənin yenidən başlaması ehtimalı yüksəkdir, dəhlizin işə düşməsi problematikdir. Hindistan da dəhlizin reallaşmasını istəyir. Ancaq bunun üçün Yeni Dehli İran ətrafında gərginliyin ortadan qaldırılmasında, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır. Bunun məhz belə olduğunu Vladimir Putin də son çıxışında bildirib. Putinin sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onunla görüşündə Ukrayna mövzusunu daim gündəmə gətirir".

Elxan Şahinoğlunun sözlərinə əsasən, Modi Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır, qarşıdurmanın davamının heç bir ölkəyə faydası yoxdur:

"Vladimir Putin Modi ilə son görüşündə Hindistanın baş nazirinin müharibəylə bağlı söylədiklərindən narazı qaldığını büruzə verməməyə çalışsa da, "Valday" Beynəlxalq Diskussiya Klubundakı çıxışında hindli həmkarının münaqişə tərəfləri üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR