İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ona general rütbəsi verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın hərbi iyerarxiyasında faktiki olaraq mümkün olan ən yüksək pilləyə yüksəlib. Rusiya prezidenti Vladimir Putin ona “ordu generalı” hərbi rütbəsi verib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Kadırova ordu generalının qızılı poqonlarını Rusiya Milli Qvardiyasının – Rosqvardiyanın direktoru Viktor Zolotov Qroznıda keçirilən mərasimdə təqdim edib.

Yeni rütbənin diqqətçəkən tərəfi onun Rusiya hərbi iyerarxiyasındakı yeridir.

Rəsmi sistemdə ordu generalından yuxarı yalnız “Rusiya Federasiyasının marşalı” rütbəsi dayanır. Lakin marşal rütbəsi sonuncu dəfə 1997-ci ildə verilib. Buna görə ordu generalı hazırkı Rusiya sistemində faktiki olaraq əldə edilə bilən ən yüksək hərbi rütbə sayılır.

Kadırov isə bu zirvəyə klassik sovet-rus hərbi karyera yolu ilə gəlmiş zabit deyil. Onun bioqrafiyasında ali hərbi məktəbdən başlayaraq taqım, bölük, batalyon, alay, diviziya və daha böyük hərbi birləşmələrə komandanlıq etməklə keçilən ənənəvi zabit karyerası görünmür.

Bununla belə, Kadırov illər ərzində sürətlə yüksələn general rütbələri alıb. O, 2009-cu ildən polis general-mayoru rütbəsi daşıyıb. 2022-ci ildə isə əvvəlcə general-leytenant, həmin ilin oktyabrında general-polkovnik rütbəsinə yüksəldilib. İndi isə general-polkovnikdən bir pillə yuxarı – ordu generalı olub.

Beləliklə, Çeçenistan rəhbəri artıq rütbə baxımından Rusiyanın ən yüksək səviyyəli peşəkar hərbi komandirləri ilə eyni pillədə dayanır. Məsələn, Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov da ordu generalı rütbəsi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2026

04 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR