Onlayn ictimai-siyasi qəzet
SSRİ mülki aviasiyasının ən məşhur sərnişin təyyarələrindən biri olan Tu-154 ilk uçuşundan 58 il sonra da aviasiya tarixinin ən tanınan laynerlərindən biri olaraq qalır. Bu təyyarənin tarixində Azərbaycanla bağlı olduqca maraqlı və dramatik səhifə də var.
Musavat.com xəbər verir ki, Tu-154 ilk dəfə 3 oktyabr 1968-ci ildə havaya qalxıb. İlk sınaq təyyarəsi СССР-85000 bort nömrəsini daşıyırdı, onun komandiri isə sınaqçı pilot Yuri Suxov idi. Cəmi bir il sonra – 1969-cu ildə yeni sovet layneri Fransada keçirilən Le-Burje aviasiya sərgisində nümayiş etdirilmişdi.
Təyyarənin yaradılması üzərində iş 1960-cı illərdə Andrey Tupolevin rəhbərlik etdiyi konstruktor bürosunda aparılıb. Tu-154, Tu-104, An-10 və İl-18 kimi əvvəlki nəsil sərnişin təyyarələrini əvəz etmək üçün hazırlanmışdı.
Üç mühərrikin gövdənin arxa hissəsində yerləşdirilməsi və xarakterik T formalı quyruğu Tu-154-ə özünəməxsus görünüş verirdi. Təyyarənin kruiz sürəti təxminən 850–900 km/saat idi. Modifikasiyadan və salonun quruluşundan asılı olaraq 150-dən çox sərnişin daşıya bilirdi.
Tu-154-ün əsas üstünlüklərindən biri SSRİ-nin müxtəlif iqlim və aerodrom şəraitində işləyə bilməsi idi. Təyyarə uzaq bölgələrə uzun məsafəli sərnişin daşımalarında geniş istifadə edilirdi.
Ümumilikdə 1026 Tu-154 istehsal olunub. Təyyarələr təkcə SSRİ-də deyil, Şərqi Avropa, Asiya, Afrika və Yaxın Şərqin müxtəlif ölkələrində də istifadə edilib.
Bu məşhur laynerin tarixində Azərbaycanın da xüsusi yeri var. Azərbaycan mülki aviasiyası SSRİ-də Tu-154-ü ilk istifadə edənlər sırasında olub. Tu-154-lərin qəbul edilməsi üçün 1976–1980-ci illərdə Bakı hava limanının uçuş-enmə zolağı da yenidən qurulub. Təyyarələr uzun illər Bakıdan SSRİ-nin müxtəlif iri şəhərlərinə uçuşlar həyata keçirib.
Tu-154-ün Azərbaycanla bağlı ən dramatik hadisələrindən biri isə 19 may 1978-ci ildə baş verib.
Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı aviadəstəsinə məxsus СССР-85169 bort nömrəli Tu-154B Bakı–Leninqrad istiqamətində 6709 nömrəli müntəzəm sərnişin reysini həyata keçirirdi.
Təyyarə Bakıdakı Binə aeroportundan saat 10:30-da havaya qalxıb. Maraqlıdır ki, həmin Tu-154B cəmi iki il əvvəl – 1976-cı ildə istehsal edilmişdi və hadisəyədək 3308 uçuş saatı toplamışdı.
Uçuş zamanı, təxminən 9600 metr yüksəklikdə, yanacağın sərfiyyat çəninə ötürülməsi dayanıb. Təyyarənin digər çənlərində yanacaq qalmasına baxmayaraq, mühərriklərin qidalandığı çəndə yanacaq tükənib.
Nəticədə Tu-154-ün hər üç mühərriki bir-birinin ardınca dayanıb.
Mühərriklərin dayanması ilə generatorlar da işləməyib və təyyarənin elektrik sisteminin mühüm hissəsi enerjisiz qalıb. Ekipaj üç mühərriki dayanmış nəhəng sərnişin təyyarəsini yerə endirmək məcburiyyətində qalıb.
Pilotlar Tu-154-ü açıq sahəyə yönəldiblər. Təyyarə yerə toxunduqdan sonra 1518 metr sürüşüb, müxtəlif maneələrə çırpılıb və yanğın başlayıb.
Göyərtədə 126 sərnişin və 8 ekipaj üzvü – ümumilikdə 134 nəfər olub. Dörd sərnişin həlak olsa da, 130 nəfər sağ qalıb. Ekipaj üzvlərinin hamısı xilas olub.
Hadisənin araşdırılması zamanı üç mühərrikin dayanmasına sərfiyyat çənində yanacağın tükənməsinin səbəb olduğu müəyyənləşdirilib. Yanacağın digər çənlərdən ora ötürülməsinin dayanmasının isə bir neçə mümkün səbəbi nəzərdən keçirilib.
Tu-154 yalnız sərnişin daşımaları ilə tarixə düşməyib. Onun bazasında müxtəlif uçan laboratoriyalar yaradılıb, Tu-154LL isə sovet “Buran” kosmik proqramı çərçivəsində aparılan sınaqlarda istifadə olunub.
Ən qeyri-adi layihələrdən biri Tu-155 idi. Tu-154 bazasında hazırlanmış bu eksperimental təyyarə alternativ yanacağın aviasiyada istifadəsini sınaqdan keçirmək məqsədi daşıyırdı. 1988-ci ildə Tu-155 mayeləşdirilmiş hidrogenlə uçuş həyata keçirib, daha sonra mayeləşdirilmiş təbii qazla da sınaqlar aparılıb.
Tu-154 onilliklər ərzində dünyanın müxtəlif ölkələrində xidmət göstərib və müxtəlif hesablamalara görə, istismar tarixi ərzində təxminən 1,5 milyard sərnişin daşıyıb.
Rusiyada Tu-154-ün son müntəzəm kommersiya sərnişin reysi 28 oktyabr 2020-ci ildə həyata keçirilib. Bununla təyyarənin müntəzəm sərnişin daşımalarında təxminən yarım əsr davam edən böyük dövrü başa çatıb.
Bu gün Tu-154-lərin bir hissəsi muzeylərdə və aerodromlarda qorunur.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ