İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolstoyun adı 20 milyonluq qalmaqalda

Rusiyanın sərt millətçi ritorikası ilə tanınan siyasətçilərindən, uzun müddət dövlət televiziyasının simalarından biri olmuş Pyotr Tolstoyun adı milyonlarla rublluq şübhəli maliyyə əməliyyatı ilə bağlı qalmaqalda hallanır. “Rosnano”nun maraqlarının xaricdə lobbiləşdirilməsi müqabilində Tolstoya 20 milyon rubldan artıq vəsait ödənilib.

Musavat.com Rucriminal.info-ya istinadən xəbər verir ki, qalmaqalın üzə çıxmasından sonra “Rosnano” rəhbərliyində ciddi təşviş yarandığı bildirilir.

Mənbənin iddiasına görə, cümə gününün ikinci yarısında dövlət korporasiyasında və onun rəhbəri Sergey Kulikovun ətrafında əsas müzakirə informasiyanın kim tərəfindən mediaya ötürülməsi olub.

Söhbət “Rosnano”nun “Skay Qelleri” adlı vasitəçi şirkət üzərindən Pyotr Tolstoya 20 milyon rubldan artıq pul ödəməsi barədə iddiadan gedir.

Mənbə bildirir ki, “Skay Qelleri” “Rosnano” tərəfindən vaxtaşırı formal müqavilələr vasitəsilə vəsaitlərin çıxarılması və lobbiçilik xərclərinin ödənilməsi üçün istifadə olunub. İddiaya əsasən, şirkət keçirilən məbləğin 15 faizini özündə saxlayır, qalan vəsaitin taleyinə isə Kulikovun müavinləri Mariçev və Yunusov nəzarət edirdilər.

Qeyd olunur ki, Pyotr Tolstoyla bağlı 20 milyon rubldan artıq ödəniş də məhz bu sxemlə həyata keçirilib.

Məsələnin arxasında isə Lüksemburqda dondurulmuş böyük məbləğ dayanır.

“Rosnano”nun strukturlarından olan RMI şirkətinin hesablarında təxminən 19 milyon avro dondurulmuşdu. Mənbənin iddiasına görə, benefisiar kimi sanksiyalar altında olan Sergey Kulikovun göstərilməsi vəsaitin bloklanmasına səbəb olmuşdu.

“Rosnano” 2025-ci il ərzində həmin pulların açılmasına nail olmağa çalışıb. Bunun üçün xarici hüquq şirkətləri və digər vasitəçilərin tapılması lazım gəlib.

İddiaya görə, məhz bu mərhələdə Pyotr Tolstoy prosesə qoşulub. O, xarici hüquqşünasların tapılmasına kömək edib və məsələnin beynəlxalq səviyyədə həlli üçün lobbiçilik fəaliyyəti göstərib.

Bunun müqabilində Tolstoya 20 milyon rubldan artıq “təşəkkür” ödənişi edilib və pul “Skay Qelleri” ilə bağlanmış formal müqavilə vasitəsilə keçirilib.

Qalmaqalın daha bir maraqlı tərəfi bundan sonra baş verənlərdir.

Məlumata görə, məsələ üzə çıxmağa başlayanda Sergey Kulikov 22,9 milyon rublun geri alınması üçün məhkəməyə müraciət edib. Lakin iddia Pyotr Tolstoya qarşı deyil, vasitəçi “Skay Qelleri” şirkətinə qarşı qaldırılıb.

Həqiqətən də arbitraj materiallarında “Rosnano” və “Rosnanotexinvest”in “Skay Qelleri”yə qarşı 22 910 140 rubl məbləğində iddiasının olduğu göstərilir.

Pyotr Tolstoy uzun illər Rusiyanın dövlət televiziyasında çalışıb, daha sonra siyasətə keçərək Dövlət Duması sədrinin müavini vəzifəsinə qədər yüksəlib. O, ictimai çıxışlarında Ukrayna və Qərblə bağlı sərt mövqeyi ilə seçilib və Rusiya hakimiyyətinin siyasi xəttinin mediada ən fəal müdafiəçilərindən biri kimi tanınıb.

İndi isə onun adı tamam başqa məzmunlu qalmaqalda hallanır: Uzun illər siyasi və vətənpərvərlik ritorikası ilə çıxış edən keçmiş televiziya aparıcısı dövlət korporasiyasının xaricdəki milyonlarla avrosunun blokdan çıxarılması üçün göstərdiyi lobbiçilik xidmətinin müqabilində 20 milyon rubldan artıq ödəniş alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR