Onlayn ictimai-siyasi qəzet
2026-cı ilin yanvar-iyun aylarında Qazaxıstanda neft hasilatı azalıb.
Musavat.com Milli Statistika Bürosunun məlumatına istinadən xəbər verir ki, Qazaxıstanda neft və qaz kondensatının istehsalı 2026-cı ilin yanvar-iyun ayları arasında illik müqayisədə 8,4 faiz azalaraq 45,613 milyon tona düşüb.
Neft hasilatının azalmasının əsas səbəbi kimi ölkənin ən böyük yatağı olan “Tengiz”də baş verən qəza göstərilir: Yanvar ayında yatağın qazla işləyən elektrik stansiyasında transformator yanğını baş verib və nəticədə hasilat təxminən iki həftə dayandırılıb. Nəticədə Qazaxıstanın ümumi neft hasilatı birinci rübün sonuna illik ifadədə 20,1 faiz azalma nümayiş etdirib. İkinci rübdə hasilat sürətlə bərpa olunub və illik azalma faizi 2 dəfədən çox geriləyib. Qazaxıstan hökuməti ilin yekununda hasilat həcminə dair proqnoza tam əməl etmək məqsədindədir.

Lakin Rusiya-Ukrayna cəbhəsində baş verən proseslər bu məqsədə çatılmasını çətinləşdirir. Belə ki, ötən ilin noyabrında Ukrayna dəniz dronları vasitəsilə Qazaxıstan neftinin böyük əksəriyyətini dünya bazarına yola salan Qara dəniz sahilindəki Novorossiysk limanında neft yükləyən 3 qurğudan 1-ni sıradan çıxarıb. Qazaxıstan neftini daşıyan Xəzər Boru Kəməri Konsorsiumunun idarə etdiyi terminalda fəaliyyət göstərən qurğu hələ də tam bərpa olunmayıb.
Nəticədə Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) 2026-cı ilin birinci rübündə neft nəqli həcmlərini 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz azaldaraq 13,415 milyon tona endirib. Konsorsiumun ən böyük səhmdarlarından biri olan KazMunayGaz şirkətinin əməliyyat hesabatına görə, 2025-ci ilin yanvar-mart aylarında XBKK sistemi vasitəsilə 17,849 milyon ton neft nəql edilmişdi.
2026-cı ilin aprelində Ukrayna yenidən Novorossiysk neft ixrac infrastrukturu və ora yönələn tankerlərə zərbələr endirib. Nəticədə Qazaxıstan hasilatın bərpa tempini aşağı salmalı olub. 2026-cı ilin yanvar-may ayları arasında XBK Dəniz Terminalında 206 tankerə 25,95 milyon ton neft yüklənib. Bu isə 30 milyon tonlu ötən ilki yükləmədən azdır.
İyulun əvvəlindən isə Ukraynanı Novorossiysk limanına yön alan tankerlərə ardıcıl zərbələrə başlayıb. Beşə yaxın tanker vurulduqdan sonra iyulun 17-də Qazaxıstan Energetika Nazirliyi XBK ilə neft nəqlinin tamamən dayandırıldığını, ehtuyat anbarlar dolduğuna görə hasilatın planlı azaldılmasına başlandığını elan edib.
İyulun 23-də isə nazirlik XBK ilə neft nəqlinin bərpa edildiyinə dair məlumat yayıb: "Xəzər Boru Kəməri Konsorsiumu yükdaşıyıcılardan neft qəbulunu və Novorossiysk limanındakı dəniz terminalı vasitəsilə yükləmə əməliyyatlarını bərpa edib".
Energetika Nazirliyinin sözçüsü Asel Serikpaeva bildirib ki, neft nəqlinin bərpası neft şirkətlərinə boru kəməri sisteminə xam neft tədarükünü və dəniz terminalı vasitəsilə ixrac əməliyyatlarını bərpa etməyə imkan verir.
Nazirlik əlavə edib ki, dəniz terminalında əlavə əməliyyatlar mövcud vəziyyətin qiymətləndirilməsi və zəruri təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Qazaxıstan Energetika Nazirliyi CPC rəhbərliyi, əsas yükdaşıyıcılar və digər iştirakçılarla daim əlaqə saxlayır:
"Nazirlik vəziyyəti izləməyə və Qazaxıstan neftinin davamlı nəqlini təmin etmək üçün tədbirləri əlaqələndirməyə davam edir".

Qeyd edək ki, XBK üç əsas Qazaxıstan yatağından: Tengiz, Kaşağan və Karaçaqanak-dan neft nəql edir. 2025-ci ildə kəmərlə təxminən 70,5 milyon ton neft nəql olunub ki, bu həcmin 75 faizindən çoxu xarici şirkətlərə məxsusdur. Bunlardan ən böyüyü Tengizchevroil (Chevron Corp.), ExxonMobil və ASC NC KazMunayGas, Eni, Shell şirkətləridir. 2026-cı il üçün kəmərlə təxminən 72 milyon ton neftin nəqli nəzərdə tutulur.
Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) qərbi Qazaxıstandakı neft yataqlarını və Xəzər şelfindəki Rusiya yataqlarını Qara dənizdəki Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Marşrutun uzunluğu 1500 kilometrdir. Sistem Qazaxıstan neftinin əsas ixrac marşrutudur və Qazaxıstandan boru kəməri vasitəsilə nəql edilən həcmin 80 faizindən çoxunu təşkil edir.
Ukrayna müharibəsi başlayandan bəri XBK ilə neft nəqlinin dayanması üzrə ondan çox hal qeydə alınıb. Bunların çoxu Rusiyanın yaratdığı süni problemlərlə bağlı olub, yalnız son 3 hal Ukrayna zərbələrindən qaynaqlanır.

Maraqlıdır ki, hər dəfə əsas ixrac marşrutunda problem yarandıqda Qazaxıstanda alternativ marşrutlar məsələsi, o cümlədən Azərbaycan üzərindən neft nəqli gündəmə gəlir. 2022-2023-cü illərdə məsələ Qazaxıstan hökumət rəsmiləri tərəfindən dəfələrlə aktuallaşdırılıb, Xəzər dənizi ilə Bakıya gətiriləcək neft həcmlərinin artırılması müzakirəyə çıxarılıb. Lakinbu müzakirələr elə müzakirə olaraq qalıb, daha çox neftin Azərbaycanın ixrac infrastrukturuna yönləndirilməsi istiqamətində real addımlar atılmayıb. Ötən il Ceyhan limanında Azərbaycan neftinə zərərli maddə qatılması faktından sonra Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəqli 2 ay müddətində tam dayandırılıb. İlin yekununda kəmərlə 1,3 milyon ton Qazaxıstan nefti daşınıb. Bu ilin yanvar-may aylarında Aktau limanı vasitəsilə BTC-yə göndərilən Qazaxıstan neftinin həcmi 596 min ton təşkil edib. Təkcə may ayında Aktau limanı vasitəsilə BTC neft kəməri istiqamətində 125 min ton Qazaxıstan nefti yüklənib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 20 min ton və ya 13,8 faiz azdır.

Halbuki ölkənin energetika naziri Yerlan Akkenjenov bildirmişdi ki, Qazaxıstan 2026-cı ildə BTC boru kəməri vasitəsilə dünya bazarlarına 1,5 milyon tondan 2,2 milyon tona qədər neft ixrac etməyi planlaşdırır. Beş ayda reallaşdırılan həcmlərə nəzər yetirsək, ilin sonunadək gözlənilən həcmin təmin olunması ehtimalının elə də çox olmadığını deyə bilərik.
2026-cı ilin yanvar-may aylarında BTC kəməri ilə Türkmənistan və Qazaxıstandan ixrac olunan ümumi tranzit neftinin həcmi 1 milyon 948,5 min ton (və ya 10,556 milyon ton ümumi tranzitin 15,7 faizini) təşkil edib. Bunun 1 milyon 352,5 min tonu Türkmənistanın olub. 2026-cı ilin yanvar-iyun aylarında BTC-tə Türkmənistan və Qazaxıstandan daxil olan ümumi tranzit neftinin həcmi 2 milyon 248,4 min ton (və ya ümumi nəqletmənin 17,7 faizi) təşkil edib.
Altı ayda kəmərlə ümumi neft nəqli illik ifadədə 8,8 faiz azalmaqla 12 milyon 702,3 min ton olub. Bu zaman həm tranzit, həm də Azərbaycanın öz neftinin həcmi azalıb. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında kəmərlə nəql olunan ümumi neftin həcmi 13 milyon 924,9 min ton, o cümlədən Türkmənistan və Qazaxıstandan daxil olan tranzit neftinin həcmi isə 2 milyon 337,6 min ton təşkil etmişdi.
Qeyd edək ki, Qazaxıstanın Aktau limanının illik neft ixrac gücü 5 milyon tondur. Qazaxıstan liman infrastrukturuna əlavə yatırım etmədən bu qədər həcmi BTC-yə yönəldə bilər. Bunun baş verməməsinin əsas səbəbi isə görünür ki, tranzit haqqı ilə bağlı məsələdir. İllər əvvəl Qazaxıstan daşıma haqqının kəskin artırılması səbəbi ilə Azərbaycan dəmiryolları ilə neft daşınmasını dayandırıb.
Yeri gəlmişkən, bu aydan etibarən BTC-nin operatorluğu SOCAR-a təhvil verilib. Bu, Qazaxıstan neftinin kəmərlə nəqli üçün daha əlverişli şərtlərin təmin olunması baxımından diqqəti cəlb edir...
Dünya,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ