Onlayn ictimai-siyasi qəzet
İyulun əvvəlindən Rusiya dronları və raketləri Ukraynanın paytaxtı Kiyevi xüsusi intensivliklə atəşə tutur.
Musavat.com xəbər verir ki, hava həyəcanı siqnalları gecə-gündüz səslənir, sakinləri yaxınlaşan zərbələr barədə xəbərdar edir və onları sığınacaqlara enməyə məcbur edir. Bir çox dronları vurmaq mümkün olsa da, hamısını zərərsizləşdirmək olmur. Ballistik raketlərin əhəmiyyətli hissəsi hədəflərə çataraq binaları dağıdır və mülki şəxslərin həyatına son qoyur. Hazırkı vaxta qədər 100-ə yaxın insan həlak olub.
Atəşlərin intensivliyi elə bir həddə çatıb ki, son həftələrdə ukraynalılar "Instagram" və "TikTok"da yumorlu bir zarafat paylaşmağa başlayıblar:
"Şükür olsun ki, Kiyevdə yaşayıram, buna görə də gələcəyə plan qurmalı olmuram".
Bu barədə "Foreign Affairs" nəşri yazır.
Kiyev müharibəni artıq beş ilə yaxındır yaşayır, buna görə də sakinlər çətinliklərə öyrəşiblər. Lakin bu cür pessimizm yeni təzahürdür. 2026-cı ilin birinci yarısında müşahidəçilər münaqişədə dönüş nöqtəsinin yarandığını bildirirdilər. Rusiyanın bir illik ləng, lakin davamlı irəliləyişindən sonra Ukrayna orta və uzaq məsafəli dəqiq zərbələri daha effektiv endirməyi öyrəndi və bu, cəbhə xəttindən uzaqda yerləşən Rusiya obyektlərini vurmağa imkan verdi. Nəticədə Moskvanın irəliləyişi dayandı. Zatən çoxlu hərbçi itirən Rusiya uzunmüddətli perspektivdə qəbul edilməz görünən itkilər verməyə başladı. Bir çox analitiklər Kremlin tezliklə razılaşmaya getməkdən başqa seçimi qalmayacağını ehtimal edirdilər.
Lakin Ukraynanın yeni imkanları ona qələbəni təmin edə bilmədi. Bu yay Rusiya ballistik raketlərin tətbiqini kəskin artırdı və misli görünməmiş miqyasda sürətli, uzaqmənzilli reaktiv dronlardan istifadə etməyə başladı. Eyni zamanda Moskva hədəflər siyahısını genişləndirdi.
Əvvəllər Rusiya hərbçiləri demək olar ki, bütün atəş gücünü cəbhə xəttinə yaxın şəhər və yaşayış məntəqələrinə, ilk növbədə şərqi Donbassa cəmləyirdilər. İndi isə Rusiya ölkə ərazisinin dərinliklərindəki şəhərləri - birinci növbədə Kiyevi kütləvi bombardman etməyə başlayıb. Zərbələr hətta Ukraynanın qərb sərhədi yaxınlığındakı rayonlara da çatır.
Ümumilikdə bu dəyişikliklər Rusiyanın yeni qələbə nəzəriyyəsinin formalaşdığını göstərir. Moskva artıq müharibəni yalnız şəhərləri ələ keçirməklə və ya hətta Ukraynanın energetika infrastrukturunu dağıtmaqla udacağını hesablamır. İndi onun məqsədi şəhər mərkəzlərinə qarşı terror vasitəsilə bütün Ukrayna iqtisadiyyatını iflic etmək və əhalinin mənəvi ruhunu qırmaqdır.
Rusiya şəhərlərdə həyatı o dərəcədə dözülməz etməyə çalışır ki, sakinlər və müəssisələr oradan getməyə başlasın, eləcə də iri şəhər mərkəzləri arasındakı logistik əlaqələr qopsun. Moskva hesab edir ki, nəticədə ukraynalılar öz hökumətlərini onları qoruya bilməməkdə getdikcə daha çox günahlandıracaqlar və bu da ölkənin geniş şəkildə qəbul edilən birliyini və daxili dözümlülüyünü sarsıdacaq.
Bu planın işləyəcəyinə heç bir zəmanət yoxdur. Ukrayna böyük, mərkəzləşdirilməmiş ölkədir və hətta bir çox tərəfdarlarının düşündüyündən daha böyük imkanlara və dayanıqlılığa malikdir. Lakin Ukrayna iqtisadiyyatı son dərəcədə ağır vəziyyətdədir, hökumət isə örtülməsi üçün xarici yardıma ehtiyac duyulan büdcə kəsiri ilə üz-üzədir.
Moskva məhz bu yardımın yaxın vaxtlarda tələb olunan həcmdə daxil olmayacağına bel bağlayır. Rusiya rəhbərliyi ondan çıxış edir ki, Vaşinqton və Avropanın Kiyevi dəstəkləmək üçün ödəməyə hazır olduğu qiymət məhduddur, Rusiyanın Ukraynanı işğal etmək üçün ödəməyə hazır olduğu qiymət isə məhdudsuz.
Beləliklə, Rusiyanın əsas məqsədi Ukraynanın ərazisi və ya infrastrukturu deyil. Onun məqsədi Ukrayna xalqının və onun tərəfdaşlarının iradəsidir.
Ukraynada heç kəs Rusiya təcavüzünün nəticələrindən tam qorunmayıb. Ölkənin bütün şəhər və regionlarından olan insanlar dövləti müdafiə edərək vuruşub və həlak olublar. Bütün ölkə üzrə mağazalar mal qıtlığı ilə üzləşir, iqtisadiyyat isə kiçilib. Buna baxmayaraq, işğal Ukraynanın müxtəlif hissələrinə eyni dərəcədə təsir etməyib. Cəbhəyanı rayonların sakinləri aramsız atəşlər və birbaşa işğal təhlükəsi ilə üzləşdiyi halda, arxa cəbhədəki insanlar bəzən müharibədən qismən də olsa kənarlaşa bilirdilər.
İndi vəziyyət dəyişir, çünki Rusiya döyüş meydanından uzaqda yerləşən rayonlara zərbələr endirir. Məsələn, əvvəllər Kiyev sakinləri həftədə bir neçə dron və raket hücumu dalğası ilə üzləşirdilər. Bu, gündəlik həyatı ciddi şəkildə pozurdu, lakin şəhəri tamamilə iflic edəcək dərəcədə deyildi. İndi Rusiya demək olar ki, fasiləsiz olaraq paytaxt istiqamətinə, gecə və gündüz zərbə vasitələri yönəldir.
Avqustun 27-də Kiyevdə rekord sayda hava həyəcanı qeydə alınıb - bir sutka ərzində 13 dəfə. Sentyabrın 8-nə keçən gecə bir həyəcan siqnalı on saat davam edib - saat 19:39-dan səhər 5:40-a qədər. İki həftə sonra vəziyyət dəyişməyib: sentyabrın 23-də Kiyevdə 11 həyəcan siqnalı verilib, ertəsi səhər isə onlardan biri doqquz saat çəkib. Hələ bir ay əvvəl şəhər sakinləri böyük gecə hücumunu gözləyərək yatırdılar, lakin anlayırdılar ki, bundan sonra böyük ehtimalla adi iş günü gələcək. Bu gün isə insanlar fasiləsiz siqnallar və xaos şəraitində yaşayırlar.
Hələlik güclənən Rusiya bombardmanlarının əsas ağırlığını məhz Kiyev öz üzərinə götürür. Lakin hücumlar əvvəllər nisbətən təhlükəsiz hesab edilən digər şəhərlərə də təsir etməyə başlayır. İyulun 30-na keçən gecə Rusiya Polşa sərhədindən cəmi 72 kilometr məsafədə yerləşən Lvov şəhərinə 20-dən çox qanadlı raket buraxıb. Nəticədə 35 yaşlı polis əməkdaşı həlak olub, daha 38 insan yaralanıb.
Sentyabrın ortalarında dronlar Ukraynanın qərbindəki Lutsk şəhərinə çatıb və orada sərnişin qatarının vaqonu alovlanıb. Rusiya həmçinin ölkə ərazisinin dərinliklərində yerləşən İvano-Frankivsk, Ternopil və Strıy şəhərlərinə də zərbələr endirib. Bütün ölkə üzrə Rusiya qüvvələri anbarları, əczaçılıq paylama mərkəzlərini və internetin işini təmin edən məlumat mərkəzlərini (data-mərkəzləri) məhv edir. Bir gün zərbələr altında Ukraynanın kanalizasiya sistemlərinin fəaliyyətini təmin edən obyektlər də düşə bilər.
Hava terroru Ukrayna cəmiyyətini tükəndirir. İnsanlar iqtisadiyyatın fəaliyyətini saxlayaraq və getdikcə ağırlaşan şəraitə uyğunlaşaraq demək olar ki, qeyri-mümkün olanı edirlər və haqlı olaraq bütün dünyada rəğbət qazanıblar. Lakin anlamaq vacibdir: ukraynalılar dözümlülüyü ona görə qoruyurlar ki, təslim olmağın onların həyatını daha da pisləşdirəcəyini bilirlər - bunu Rusiyanın işğal olunmuş ərazilərdəki hərəkətləri sübut edir. Bununla belə, onların müqavimət imkanları sonsuz deyil. Hələlik ölkənin sınma nöqtəsinə yaxınlaşdığına dair əlamətlər yoxdur. Lakin bu nöqtənin tam olaraq harada yerləşdiyini heç kəs bilmir.
Kollapsın qarşısını almaq üçün Ukrayna hökuməti təcili olaraq bir neçə konkret addım atmalıdır. Birincisi, parlament artıq Kiyevə vəd edilmiş xarici maliyyələşmənin blokdan çıxarılması üçün lazımi qanunvericiliyi operativ şəkildə qəbul etməlidir. Bir qayda olaraq, belə qanunlar daxili tariflərin və vergilərin artırılmasını nəzərdə tutur. Məsələn, Ukraynanın kreditorları xarici onlayn platformalarda alınan ucuz mallar üçün vergi üstünlüyünün aradan qaldırılmasını - dəyəri 150 avrodan (və ya təxminən 170 dollardan) az olan bağlamalara (əsasən Çindən) əlavə dəyər vergisinin tətbiq edilməsini tələb edirlər.
Müharibə təzyiqi altında sürətlə yoxsullaşan əhaliyə qarşı bu cür tədbirləri tətbiq etmək ağırdır. Buna görə də onlar populyar deyil və deputatlar tez-tez onların qəbulunu təxirə salırlar. Lakin vəziyyət daha çox ləngiməyə imkan verməyəcək dərəcədə təhlükəli hal alıb.
Hökumət həmçinin dövlət satınalmaları sistemini, xüsusən də təhlükəsizlik və müdafiə sektorunda təkmilləşdirməlidir. Bu sahədəki problemlər - məsələn, tədarükü aylarla gecikən öncədən ödənişli müqavilələr - sistem xarakteri daşımır, lakin Ukraynanın tək-tük səhvlərə belə yol vermək lüksü yoxdur. Buna görə də ölkə korrupsiya sxemlərini kökündən kəsməlidir - məsələn, 2025-ci ilin noyabrında dövlət atom energetikası şirkətində aşkarlanmış "otkat" sxemi kimi. Baxmayaraq ki, bu, birbaşa müdafiə xərcləri ilə bağlı deyildi, belə hallar böyük korrupsiya qalmaqallarına təkan verə bilər.
Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və Xüsusiləşdirilmiş Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu son illərdə korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli irəliləyiş əldə ediblər. Onlar məmurlara və cəmiyyətə Ukraynada heç kimin toxunulmaz olmadığını göstərən işləri araşdırırlar. Lakin hökumət korrupsiyanı məhdudlaşdırmaq üçün əlavə tədbirlər görmək iqtidarındadır.
Bununla belə, Ukraynanın öz mövqeyini müstəqil şəkildə möhkəmləndirmək imkanları məhduddur. Kiyev nə qədər islahat aparsa da, acı reallıq ondan ibarətdir ki, ölkənin öz ehtiyaclarını müstəqil maliyyələşdirməyə kifayət qədər vəsaiti yoxdur. 2026-cı ilin sentyabr vəziyyətinə görə, hökumət 2027-ci il üçün tələb olunan xarici maliyyələşmənin həcmini 52 milyard dollar dəyərində qiymətləndirir. Bu zaman hələlik yalnız 20 milyard dollar zəmanət altındadır.
Ənənəvi olaraq ABŞ və Avropa Kiyevə büdcə ehtiyaclarını qrantlar və kreditlər vasitəsilə ödəməyə kömək edirdilər. Lakin Vaşinqton artıq Kiyevə maliyyə dəstəyi göstərmək niyyətində olmadığını aydın şəkildə bildirdi. Avropa İttifaqı 2026 və 2027-ci illər üçün təxminən 100 milyard dollar yardım nəzərdə tutub, lakin əlavə vəsait ayırmağa həvəssiz yanaşır, çünki Avropa dövlətlərinin özləri maliyyə və siyasi təzyiqlərlə üzləşirlər.
Ən aşkar həll yolu Ukraynaya Rusiyanın dondurulmuş təxminən 300 milyard dollar həcmindəki aktivlərini təqdim etmək olardı. Aİ dövlətləri bütövlükdə bu vəsaitlərin Kiyevə verilməsini dəstəkləyirlər. Lakin aktivlərin böyük hissəsi Belçikanın "Euroclear" qiymətli kağızlar depozitarisində yerləşir və Brüssel qorxur ki, onların Ukraynaya verilməsi məhkəmə çəkişmələrinə gətirib çıxaracaq və nəticədə Belçika bu vəsaitləri Moskvaya kompensasiya etməli olacaq.
Avropa Mərkəzi Bankı və Aİ rəhbərliyi də ehtiyatlanır ki, Rusiya ehtiyatlarının müsadirə edilməsi avronun mövqeyinə və Belçikanın etibarlı maliyyə yurisdiksiyası kimi nüfuzuna xələl gətirəcək. Vaşinqton isə öz növbəsində aktivlərin dondurulmuş qalmasını və Moskvaya təzyiq rıçaqı kimi istifadə olunmasını istəyir. Lakin Aİ dövlətləri Ukraynanın maliyyə ehtiyaclarını müstəqil şəkildə təmin edə bilmirlərsə, onlar ABŞ-ın narahatlıqlarına məhəl qoymamalı və Belçikanın potensial hüquqi risklərini kollektiv şəkildə öz üzərilərinə götürərək onun narahatlığını aradan qaldırmalıdırlar. Hətta Avropa ölkələri yardımın həcmini öz hesablarına artırmaq qərarına gəlsələr də, öz vəsaitləri ilə Rusiya pulları arasındakı seçim aydın olmalıdır.
Aİ həmçinin Ukrayna hərbçilərinin pul təminatının maliyyələşdirilməsinə qoyulan tabudon imtina etməlidir. Avropa vəsaitləri Kiyevə ən müxtəlif silah növlərini almağa imkan versə də, Avropa uzun müddət şəxsi heyət xərclərini ödəməyi yolverilməz hesab edirdi. Avropa maraqları baxımından bu qayda məntiqsizdir: mənəvi cəhətdən döyüş sursatlarının ödənilməsi ilə onlardan istifadə edənlərin əməyinin ödənilməsi arasında prinsipial fərq yoxdur.
Lakin Kiyev üçün bu fərq böyük əhəmiyyət kəsb edir. Hərbçilərə pul təminatının ödənilməsi hökumətin ən mühüm və ən xərcli vəzifələrindən biridir. Bu il Ukrayna, proqnozlara görə, hərbi heyətə 35 milyard dollar xərcləyəcək. Bu, Ukrayna rəsmiləri üzərində nəhəng təzyiq yaradır və vergi daxilolmalarının əhəmiyyətli hissəsini udur. Əgər hərbçilərə çəkilən xərclərin heç olmasa bir hissəsi xarici mənbələrdən maliyyələşdirilsəydi, Kiyev hərbi büdcənin dayanıqlığına daha çox əminlik qazanar və əlavə resursları ümumilikdə iqtisadiyyatın möhkəmləndirilməsinə yönəldə bilərdi.
Sözsüz ki, Avropa Ukraynaya silah istehsalında da daha fəal kömək etməlidir. Lakin bu yardımı real ehtiyaclara daha dəqiq uyğunlaşdırmaq lazımdır. Bu gün, məsələn, Kiyevə silah tədarükü haqqında müzakirələrin əhəmiyyətli hissəsi əlavə raket və dron zərərsizləşdirmə vasitələrinin verilməsi üzərində cəmlənib. Lakin hücumdan müdafiənin gücləndirilməsi həyati dərəcədə vacib olsa da, Ukrayna səmasını qorumaq yeganə strategiya ola bilməz.
ABŞ-da "Patriot" raketləri ehtiyatı azalır, ölkə isə ildə maksimum 840 belə raket istehsal edir ki, bunlar da öz silahlı qüvvələri və bütün tərəfdaşlar arasında bölünməlidir. Rusiya isə əksinə, hər il 1 200-dən çox yeni ballistik və kvaziballistik raket istehsal edir və bunları Şimali Koreyadan gələn raketlərlə tamamlayır. Ehtimal ki, zaman keçdikcə ukraynalılar mövcud sistemlərdən daha sürətli və ucuz istehsal oluna bilən hava hücumundan müdafiə vasitələri yaradacaqlar - necə ki, onlar artıq qabaqcıl zərbə dronları işləyib hazırlayıblar.
Lakin o vaxta qədər Kiyev qabaqlayıcı tədbirlər görməli və Moskvanı bu dərəcədə dağıdıcı hava zərbələri endirmək imkanından məhrum etməlidir. Bu isə Rusiyanın istehsal güclərini, buraxılış qurğularını və logistika infrastrukturunu vurmaq zərurəti deməkdir. Qərb paytaxtları isə öz növbəsində Kiyevə operativ şəkildə daha çox uzaqmənzilli silahlar təqdim edə və onların tətbiqi üsullarına qoyulan bütün siyasi və texniki məhdudiyyətləri aradan qaldıra bilərdilər.
Belə məhdudiyyətləri ehtiyatlılıq təzahürü saymaq olmaz. Onlar Moskvaya Rusiyanın daxili rayonlarından təhlükəsiz arxa cəbhə kimi istifadə etməyə imkan verir və prezident Vladimir Putinin əlavə nəticələrlə üzləşmədən müharibəni davam etdirməyə qadir olduğu inamını möhkəmləndirir.
Birləşmiş Ştatların və Avropanın bir çox rəsmiləri Ukraynaya nəyin lazımdığını və hansı addımları atmalı olduqlarını yaxşı anlayırlar. Lakin müharibənin demək olar ki, beş ili ərzində onlar Kiyevə dəstəyi davam etdirmək zərurətindən getdikcə daha çox narazılıq ifadə edirlər. Bəzi liderlər, o cümlədən ABŞ prezidenti Donald Tramp, hətta Putinə təzyiqin gücləndirilməsinə qarşı çıxış edir və diplomatik dilə tutmalar vasitəsilə onu razılaşma bağlamağa inandıracaqlarına ümid edirlər.
Lakin reallıq bundan ibarətdir ki, diplomatiya münaqişəni dayandıra bilməyəcək. Hətta Kiyev Rusiyanın tələb etdiyi kimi Donbassın öz nəzarətində qalan hissəsini güzəştə getməyə razı olsaydı belə, bu qiymətləndirməyə görə, Kremlin iştahı bununla da təmin olunmayacaqdı. Uzun illər ərzində Putin ideoloji olaraq bütün Ukraynanı tabe etməyə yönəlib və onun üzərində nəzarət bərqərar etməyə çalışaraq dəfələrlə gücə əl atıb. Bu məntiqlə, o, indi faktiki olaraq özünü permanent müharibə vəziyyəti ilə bağlayıb.
Rusiya prezidenti ölkənin iqtisadiyyatını və siyasi sistemini münaqişə ətrafında yenidən qurub, investisiyaları silah müəssisələrinə yönəldib və müharibənin ən fəal tərəfdarlarını dövlət aparatının mərkəzi fiqurlarına çevirib. Nəticədə müharibənin dayandırılması onun rejimi üçün hərbi əməliyyatların davam etdirilməsi və genişləndirilməsindən daha böyük risk təşkil edə bilər.
Bununla belə, bəzi Qərb liderləri Ukraynanın onlar üçün böyük əhəmiyyət kəsb etmədiyini düşünərək Kiyevə dəstəyi dayandırmağa meyil edirlər. Lakin bu yanaşma vəziyyəti ayaqüstədən başıüstə çevirir: Ukraynaya müharibənin son olaraq dayandırılmasında kömək etmək birbaşa NATO-nun maraqlarına cavab verir.
İlk növbədə müqayisəli iqtisadi xərcləri nəzərə almaq lazımdır. Osloda yerləşən "Corisk" konsaltinq şirkəti və Norveç Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən hazırlanmış son Norveç araşdırması Rusiyanın qələbəsi halında Avropanın potensial xərclərini dörd il ərzində təxminən 1,3-1,8 trilyon dollar dəyərində qiymətləndirir. Həmin dörd il ərzində Ukraynaya adekvat dəstək isə, əksinə, təxminən 570-910 milyard dollara başa gələrdi.
Bununla yanaşı, Rusiya NATO ərazisinə də zərbə endirə bilər - o cümlədən indiki müharibə başa çatmazdan əvvəl. Putinin ambisiyaları təkcə Ukrayna ilə məhdudlaşmır. 20 il ərzində Rusiya təbliğatı Vaşinqtonu və Avropa dövlətlərini ölkənin düşmənləri kimi qələmə verib. 2021-ci ilin dekabrında, Amerika rəsmiləri müharibənin qarşısını almağa çalışarkən Birləşmiş Ştatlara təqdim edilmiş müqavilə layihələrində Moskva NATO-nun hərbi iştirakının faktiki olaraq 1997-ci il konfiqurasiyasına qaytarılmasını tələb edirdi.
İndi Putin NATO dövlətlərinə qarşı müxtəlif təxribatlara əl atır, o cümlədən alyans ölkələrinin ərazisi üzərində dronların görünməsi buna misaldır. Nəticədə bir çox yüksək rütbəli Qərb rəsmiləri indi xəbərdarlıq edirlər ki, Rusiyanın Aİ-yə hücumu tamamilə mümkün ssenaridir. Rusiya bu cür əməliyyata başlamaq üçün Ukraynada öz məqsədlərinə çatmağı gözləməyə bilsə də, əgər o, bunu Ukrayna kampaniyası başa çatdıqdan sonra edərsə, potensial münaqişənin nəticələri xüsusilə dağıdıcı olacaq.
Ukrayna ordusu bu gün Avropa qitəsində Rusiya hərbi gücünə qarşı yeganə real tarazlıqdır və belə bir ssenaridə bu güc artıq birbaşa Avropaya qarşı yönələ bilərdi. Ukraynaya yardımın davam etdirilməsi isə, əksinə, NATO-ya sayəsində Ukrayna qüvvələrinin bu dərəcədə effektiv olduğu bilik və təcrübənin böyük hissəsini mənimsəməyə imkan verərdi.
Ukrayna müdafiə şirkətləri artıq öz tərəfdaşları ilə paylaşdıqları və daha fəal paylaşa biləcəkləri bir sıra iri innovasiyalar həyata keçiriblər. Lakin Ukrayna müəssisələri kapital qıtlığı və istehsalı genişləndirmək üçün təhlükəsiz meydançaların çatışmazlığını yaşayırlar. Məsələn, Ukrayna hərbi sənayesinin istehsal güclərinin yalnız təxminən 30%-i maliyyələşmə ilə təmin olunub.
Buna görə də Avropa Aİ ərazisində Ukrayna istehsalçıları ilə daha çox birgə müəssisələr yaratmalı, özəl kapitalı cəlb etməyə qadir olan Ukrayna məhsullarının satınalınmasına dair əlavə uzunmüddətli müqavilələr bağlamalı, eləcə də Ukrayna şirkətlərinə Aİ-nin "Security Action for Europe" təşəbbüsü kimi Avropanın müdafiə maliyyələşdirilməsi proqramlarına taməsaslı çıxış təqdim etməlidir. Bu, yalnız Kiyevə daha çox silah istehsal etməyə kömək etməyəcək, həm də görkəmli Ukrayna hərbi mühəndislərini Avropanın istehsal strukturlarına inteqrasiya etməyə imkan verəcək və NATO ordularına hazırkı silah xərclərinin cüzi bir hissəsi müqabilində özünün ən böyük potensial rəqibinə qarşı durmaq üzrə praktiki təcrübə bəxş edəcək.
Beləliklə, Avropa öz müdafiə sənayesini prinsipial olaraq yeni səviyyəyə çıxara bilərdi.
Tramp administrasiyası artıq Ukraynanın hərbi-sənaye bazasına birbaşa sərmayə qoymaq niyyətində olmadığını aydın şəkildə bildirdi. Lakin Kiyev toplanmış biliklərdən ABŞ silahlı qüvvələrinin modernləşdirilməsinə kömək etmək üçün artıq istifadə edir, o cümlədən İranla döyüşlər gedişində dronların tətbiqi məsələləri üzrə Amerika tərəfinə məsləhətlər verir. Bir neçə yüksək rütbəli Amerika rəsmisi, o cümlədən Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keyn bəyan ediblər ki, Vaşinqtonun Ukraynadan öyrənəcəyi şeylər var. Buna görə də administrasiya və Konqres üçün Ukraynanın müdafiə sektoruna özəl Amerika investisiyalarını stimullaşdırmaq vaxtı çoxdan çatıb.
Ukrayna hərbi innovasiyalarını Qərb silahlı qüvvələrinə daha dərin inteqrasiya etməyin ən yaxşı yolu, əlbəttə ki, Kiyevin Qərb institutlarına daxil edilməsi olardı. NATO-ya gəlincə, yaxın perspektivdə belə ssenari ABŞ və Almaniyanın etirazları səbəbindən az ehtimallıdır. Avropa İttifaqı isə, əksinə, Ukraynanın son nəticədə onun üzvü olacağını bəyan etməkdə davam edir, lakin müddətlər və daxilolma prosesinin özü ilə bağlı qeyri-müəyyənlik qalır.
Aİ hər iki məsələyə daha çox aydınlıq gətirməlidir. Ukraynalılar ölkənin sabahsı gün Avropa İttifaqına daxil olacağını gözləmirlər. Lakin onlar tamhüquqlu üzvlüyə aparan yolun ardıcıl və dönməz olduğuna dair müntəzəm olaraq təsdiqlər görmək ümidindədirlər. Ölkə əhalisinə dözümlülüyü qorumağa kömək edən amil bu gün çəkilən əzabların son nəticədə digər Avropa dövlətlərinin vətəndaşlarının artıq zövq aldığı sakit və ləyaqətli həyata gətirib çıxaracağı ümididir. Aİ-yə daxil olmanın aydın perspektivi bu əzmi möhkəmləndirməyə qadirdir.
Uzun illər ərzində Qərb liderləri Moskvanın məntiqini lazımi qaydada anlamaq iqtidarında olmayıblar. İndi, NATO nümayəndələri Kiyevi növbəti altı ay ərzində necə dəstəkləməyi müzakirə etdikləri bir vaxtda, Putin dövləti uzunmüddətli qarşıdurma üçün yenidən qurduğunu aydın şəkildə nümayış etdirir. O, ölkə iqtisadiyyatını dağıtmaq və xarici dəstəyi zəiflətmək vasitəsilə ukraynalıların mənəvi ruhunu qırmaq niyyətindədir. Rusiya Ukraynaya yardımın azaldılmasına nail olmağa çalışaraq Avropa siyasətinə müdaxilə edir.
Əgər Birləşmiş Ştatlar və Avropa Rusiya prezidentinin strategiyasının uğursuzluğa düçar olmasını istəyirlərsə, onlar qarşıdurmaya onun özündən daha uzun müddət dözmək hazırlaşdıqlarını nümayiş etdirməlidirlər.
Ukraynalılar əvvəlki kimi mübarizəni davam etdirmək əzmindədirlər. Son dərəcədə ağır vəziyyətə baxmayaraq, ölkə qışı keçirmək imkanlarına malikdir. Lakin yazda atəşkəs olmayacaq. Buna görə də Avropa və Birləşmiş Ştatların ukraynalıların yalnız sağ qalması üçün deyil, həm də cavab zərbələri endirməsi üçün lazımi hər bir şeyə malik olmasının qayğısına qalmasının vaxtı çatıb. Qərb Kiyevi yenidən sakinlərinin gələcəyə planlar qura biləcəyi bir şəhərə çevirmək üçün Ukrayna ilə birgə fəaliyyət göstərməlidir.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ