Onlayn ictimai-siyasi qəzet
Bir neçə ay öncə Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı alimlərin qarşısında konkret və ölçülə bilən vəzifələr qoydu. Dövlət başçısı xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarının elmi baxımdan yeni inkişaf mərhələsinə daxil olduğunu vurğulayaraq, alimləri bu prosesin birbaşa iştirakçısına çevrilməyə çağırdı. Prezident çıxışında bərpaolunan enerji sektorunun artıq Azərbaycanın yeni sənaye istiqamətinə çevrildiyini, təkcə son beş ildə Qarabağ və Şərqi Zəngəzurda 30-dan çox su elektrik stansiyasının inşa edildiyini, günəş və külək elektrik stansiyalarının sürətlə qurulduğunu və 2030-cu ilə qədər alternativ enerji generasiya gücünün 6 min meqavata çatdırılmasının hədəfləndiyini açıqladı.
Dövlət başçısı bu miqyaslı enerji strategiyasının yalnız texniki deyil, eyni zamanda elmi əsaslara söykənməli olduğunu açıq şəkildə bildirdi və Azərbaycan alimlərini bu sahədə daha fəal olmağa dəvət etdi. Prezident eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun sovet dövründə yetərincə tədqiq edilmədiyini, müasir peyk texnologiyaları və zondlama metodları ilə bu ərazilərin təbii resurs potensialının yenidən araşdırıldığını qeyd etdi. Qızıl, gümüş, mis və polimetal yataqlarının aşkarlanması istiqamətində artıq genişmiqyaslı geoloji işlərin aparıldığını bildirən dövlət başçısı alimlərin bu prosesə cəlb olunmasını dövlət strukturları üçün birbaşa tapşırıq kimi təqdim etdi.
Prezidentin bu çağırışı əslində elmin klassik kabinet çərçivəsindən çıxaraq real iqtisadi inkişafın, yeni sənaye quruculuğunun və regionların dirçəldilməsinin aparıcı qüvvəsinə çevrilməsi mesajı idi. İndi əsas sual budur: bu çağırışdan sonra elm cameəsi hansı real addımları atdı, Qarabağ və Şərqi Zəngəzurda hansı elmi təşəbbüslər ortaya çıxdı?
BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

"Cənab Prezidentin göstərişi ilə artıq bir neçə aydır Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı geoloji işlər aparılır. Azərbaycan alimləri və aidiyyəti dövlət qurumları bu prosesə fəal şəkildə cəlb olunaraq müvafiq tapşırıqları icra edirlər. Ölkə başçısı çıxışı zamanı həm də nəzərə çatdırıb ki, yaxın aylarda bu istiqamətdə mühüm nəticələrin əldə olunacağı gözlənilir: “Qızıl, gümüş, mis və polimetal yataqlarının aşkarlanması və istismarı ölkə iqtisadiyyatına ciddi töhfə verəcək, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq”.
Prezident çıxışında bərpaolunan enerji layihələrinə də xüsusi diqqət yetirib, alternativ enerjini müasir dövrün əsas tələblərindən biri kimi dəyərləndirib. Aydındır ki, ənənəvi istilik enerjisindən istifadənin həm iqtisadi baxımdan baha başa gəlməsi, həm də ətraf mühitin çirklənməsinə səbəb olması bu sahədə ciddi problemlər yaradır. Məhz buna görə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan hesab edirəm ki, artıq Azərbaycan alimləri tərəfindən alternativ enerji mənbələri üzrə elmi əsaslandırılmış layihələrin hazırlanaraq dövlət başçısına təqdim edilməsinin vaxtı yetişib.
Prezident vurğulayıb ki, siyasi hadisələr nəticəsində – Gülüstan və Türkmənçay müqavilələri ilə – zaman-zaman Azərbaycan torpaqları kiçildilib, fərqli din və məzhəb sahibləri həmin ərazilərə yerləşdirilib. Lakin dövlət başçısının dediyi kimi, Azərbaycan xalqının yolu Zəngəzur və Qərbi Azərbaycandan keçir: insanlar ora silahla və tanklarla deyil, şəxsi avtomobilləri ilə gedərək dədə-baba yurdlarını gəzəcək, əraziləri müşahidə edəcək və əzizlərinin ruhları qarşısında hörmətini göstərəcək. Bu, xalqımız üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir.
Əlbəttə ki, Azərbaycan zəngin bioloji müxtəlifliyə, əlverişli torpaq-iqlim şəraitinə və geniş təbii resurs potensialına malik ölkələr sırasındadır. Bu sərvətlərin elmi əsaslarla öyrənilməsi, qorunması və səmərəli istifadəsi həm ekoloji təhlükəsizliyin təmin olunması, həm də ölkənin iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Düşünürəm ki, neftin tükənən təbii resurs olması səbəbindən post-neft dövrünə hazırlıq bu gün elmi və iqtisadi siyasətin əsas prioritetlərindən biri olmalıdır. Bu kontekstdə aqrar sahənin inkişafı neftdən asılılığın azaldılmasında mühüm rol oynaya bilən strateji istiqamətlərdəndir. Azərbaycanın torpaq və su ehtiyatlarının tərkibi və ekoloji xüsusiyyətləri bir çox ölkələrdən fərqlənir, bu da istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə birbaşa təsir göstərir. Yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullar həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətinə malikdir və bu sahənin ölkəyə ciddi gəlir gətirə biləcək potensialı vardır.
Bu baxımdan, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusilə biologiya və aqrar elmlərinin qarşısında da mühüm vəzifələr müəyyən edir. Təbii ehtiyatların elmi əsaslarla tədqiqi, innovativ yanaşmaların reallaşdırılması və əldə olunan nəticələrin ölkənin sosial-iqtisadi inkişafında tətbiqi bu sahədə əsas prioritetlərdəndir”.
Professor hesab edir ki, Prezidentin səsləndirdiyi fikirlər Azərbaycan elminin gələcək inkişaf prioritetlərini aydın şəkildə müəyyən edir: “Dövlət başçısının nitqində elmin milli maraqlara xidmət etməsi və ölkənin strateji inkişaf məqsədləri ilə vəhdətdə fəaliyyət göstərməsi xüsusi vurğulanıb. Bu baxımdan, ölkəmizin flora və fauna ehtiyatlarının elmi əsaslarla, kompleks və sistemli şəkildə dərindən araşdırılması qarşıda duran ən mühüm və zəruri vəzifələrdən biridir.
Güman edirəm ki, Azərbaycanın hər bir vətəndaşı, hər bir gənci dövlət başçısının Azərbaycan alimləri və bütövlükdə cəmiyyətimizin qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirəcək, Vətənimizin daha da inkişaf etməsinə, çiçəklənməsinə töhfə verəcək".
Afaq Mirayiq,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ