Onlayn ictimai-siyasi qəzet
“Daşnaksütyun” partiyası iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinə koalisiya-blok quraraq qatılmaq qərarı verib.
Musavat.com bildirir ki, bu barədə məlumatı partiyanın ali orqanının nümayəndəsi, müxalif “Hayastan” blokunun deputatı İşxan Saqatelyan verib.
Nikol Paşinyanı anti-milli adlandıran Saqatelyan ilk olaraq sabiq prezident Robert Köçəryanın liderlik etdiyi müxalif blokla koalisiya qurmaq üçün danışıqlara gedəcəklərini açıqlayıb.
Bəs seçkilərdə “Daşnaksütyun” - Qarabağ klanı ittifaqı mümkündürmü? Belə bir ittifaq Paşinyana qalib gələ bilərmi?

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, “Daşnaksütyun” partiyasının (ARF) öz ətrafında blok formalaşdırması və bu blokun Qarabağ klanı ilə ittifaqa girib-girməyəcəyi həm İrəvanda, həm də regionda izlənilir:
““Daşnaksütyun” Ermənistan siyasətində ideoloji baxımdan köklü, lakin seçici bazası daralan partiyadır. 2021-ci il seçkiləri göstərdi ki, onlar təkbaşına geniş elektorat cəlb etmək qabiliyyətini böyük ölçüdə itirib. Buna görə də daşnaklar blok formatında seçkiyə getməyə məcburdur. Əsas məqsəd parlamentdə təmsilçiliyi qorumaq və mümkün olarsa, Paşinyan sonrası dövr üçün mövqe saxlamaqdır. Bu kontekstdə “Daşnaksütyun” üçün Qarabağ klanı ilə əməkdaşlıq taktiki baxımdan məntiqli görünür.
Xocalı caniləri Robert Köçəryan və Serj Sərkisyanın rəhbərliyi ilə hərəkət edən Qarabağ klanının isə Ermənistan cəmiyyətində nüfuzu çox aşağıdır. Köçəryanla Sərkisyanın öz aralarında soyuqluq, bəzi məsələlərə münasibətdə fikir ayrılığı mövcuddur. Bu klanın maliyyə və media resursları böyük olsa da, ictimai nüfuz sarıdan resursları azdır. Cəmiyyətin əhəmiyyətli hissəsində mənfi imicə malik olan Qarabağ klanının liderlərinin adı korrupsiya, avtoritarizm və müharibə mirası ilə assosiasiya olunur. Bu səbəbdən Qarabağ klanı təkbaşına seçkidə qalib gəlmək iqtidarında deyil, lakin blok daxilində “lokomotiv rolunu” oynamaq istəyir və Rusiyadan dəstəyə ümid edir”.
Deputat qeyd edib ki, “Daşnaksütyun” partiyası ilə Qarabağ klanını revanşist mövqedə olmaları bağlayır və yaxınlaşdırır. Bu mənada onların arasında seçkidə məhdud formatda ittifaq baş tuta bilər:
“Daha çox “pərdələnmiş ittifaq” modeli mümkündür. “Daşnaksütyun” ideoloji ön planda, Qarabağ klanı isə maliyyə və təşkilati arxa planda qala bilər. Yəni bu ittifaq rəsmi koalisiya deyil, daha çox koordinasiyalı seçki əməkdaşlığı formasında özünü göstərə bilər. Lakin belə bir koalisiyanın hakimiyyətə gəlməsi və ya parlamentdə həlledici gücə çevrilməsi çətindir”.
Etibar Seyidağa,
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ