İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yeni savaşı anons etdi: İki düşmən Azərbaycana qarşı ortaq plan qurub

Cənubi Qafqazda kəskin qarşıdurma vəziyyətində olan Qərb və Rusiyanın yeni regional müharibə məsələsində maraqları böyük ölçüdə uzlaşır... Ona görə də, həm Qərbin, həm də Rusiyanın Cənubi Qafqazda sülh prosesini pozmaq üçün silahlı toqquşmaların bərpası ilə bağlı ortaq hərəkət etdikləri müşahidə olunur...

Cənubi Qafqazda silahlı münaqişə üçün yeni səbəblərin yaradılmaqda olduğu müşahidə edilir. Regional sülh prosesinin mümkün nəticələri Cənubi Qafqazın gələcək taleyini müəyyən edəcək. Ona görə də, hazırda bu prosesin özü belə, yalnız regional deyil, həm də beynəlxalq qarşıdurmanın əsas predmetlərindən birinə çevrilmiş kimi görünür. Və bu, indi bölgədə daha təhlükəli situasiyanın yaranma ehtimalını gücləndirir.

Məsələ ondadır ki, Cənubi Qafqazda sülh prosesinin bloklanmasında maraqlı olan qüvvələr kifayət qədərdir. Elə Ermənistanın özü də sülh sazişinin imzalanmasına qətiyyən həvəsli deyil. Ona görə də, rəsmi İrəvan bir tərəfdən sülh sazişinin imzalanmasından danışir. Digər tərəfdən isə sülh sazişinin imzalanmasına birbaşa əngəl törədən şərtləri də israrla ön plana çıxarır.

Eyni zamanda, Cənubi Qafqazda geopolitik maraqları olan bəzi beynəlxalq güclər də sülh prosesinin uğur qazanmasında maraqlı deyillər. Çünki bu halda, həmin regiondan kənar güclərin Cənubi Qafqazda manevr etmək üçün geopolitik təsir mexanizmləri ümumiyyətlə, qalmayacaq. Bu səbəbdən də, bəzi beynəlxalq siyasi iradə mərkəzləri Ermənistana müxtəlif vədlər verməklə, rəsmi İrəvanı sülh sazişinin imzalanmasından uzaq tutmağa, danışıqlar prosesini əngəlləməyə çalışırlar.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını istəməyən beynəlxalq siyasi iradə mərkəzləri sırasında Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasına iddialı ölkələr xüsusi yer tutur. Bu baxımdan, ABŞ, Rusiya, Fransa və Avropa Birliyinin Cənubi Qafqazda sülh prosesini pozmaqda maraqlı olduqları qətiyyən şübhə doğurmur. Ona görə də, müxtəlif bəhanələr uyduraraq, bu regionda sülhün və əmin-amanlığın yaxın gələcəkdə mümkün olmayacağı barədə təəssürat yaratmağa cəhd göstərirlər.

Ancaq Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsi barədə anlaşma növbəti dəfə sübut etdi ki, birbaşa təmaslar sülh sazişinə apara biləcək ən optimal yoldur. Yəni, regiondan kənar güclərin pozucu müdaxiləsi olmazsa, Azərbaycan və Ermənistan ən qısa zamanda yekun sülh sazişini imzalaya bilər. Çünki hazırda Azərbaycan və Ermənistan arasında yeni savaşın baş verməsi üçün elə bir ciddi səbəb mövcud deyil. Hələlik həllini tapmamış problemlərin isə ikitərəfli, birbaşa təmaslar ilə nizamlanması tamamilə mümkündür.

Təbii ki, sülh prosesinin belə pozitiv inkişaf perspektivləri vasitəçilik missiyasına iddialı beynəlxalq dairələri qətiyyən qane etmir. Ona görə də Azərbaycan və Ermənistan arasında növbəti dəfə müharibə törətməyə çalışırlar. Fransa Ermənistanı yeni müharibə üçün silahlandırır, gücləndirməyə cəhd göstərir.

Rusiya siyasi dairələri isə Cənubi Qafqazda yeni savaşın qaçılmaz olduğu barədə "qara propoqanda" aparırlar. Bu baxımdan, regionda yeni savaşın olub-olmayacağı hazırda daha çox Ermənistandan asılıdır. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və yeni müharibənin olmasını qətiyyən istəmir. Ancaq Ermənistan regionda sülh prosesini əngəlləməyə cəhd göstərən xarici güclərin təlimatları ilə hərbi təxribatlar törədərsə, bu halda, silahlı toqquşmaların baş vermə ehtimalı da arta bilər.

2d3bbafb868e834f7976d7b27d18a453.jpg (296 KB)

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının toplantısında dilə gətirdiyi bəzi iddialardan revanşızmə meyllənmə əlaməti sezilir. Üstəlik, erməni baş nazir öz iddialarını Rusiya prezidenti Vladimir Putinə yönəlik ittihamlar üzərindən gündəmə gətirməyə çalışıb. Çünki o, Kreml sahibinin "Dağlıq Qarabağ"ın Azərbaycanın bir hissəsi olması barədə 2020-ci ildə dilə gətirdiyi bəyanatın 10 noyabr üçtərəfli sazişə zidd olduğunu vurğulayıb.

Yəni, nə qədər qəribə də olsa, erməni baş nazir Kreml sahibini məhz "Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir" açıqlamasına görə qınayır. Halbuki, bu, heç də yeni reallıq deyil. Çünki "Dağlıq Qarabağ"ın Azərbaycana məxsus olduğu BMT sənədlərində də təsbit olunmaqla yanaşı, bütün dünya ölkələri tərəfindən təsdiqlənib. Hətta baş nazir Nikol Paşinyan özü də dəfələrlə "Dağlıq Qarabağ" da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Üstəlik, erməni baş nazir bu barədə Praqa Bəyannaməsini də şəxsən imzalayıb.

İndi belə anlaşılır ki, Ermənistanın beynəlxalq himayədarları rəsmi İrəvana "Dağlıq Qarabağ" mövzusunu yenidən mübahisəli məsələ kimi gündəmə gətirmək barədə təlimat veriblər. Əks halda, baş nazir Nikol Paşinyan Qarabağın "ermənisizləşdirilməsi" ilə bağlı məntiqsiz, absurd və əsassız iddialara cəsarət etməzdi. Ardınca isə erməni baş nazirin dolayısı ilə "Qarabağ məsələsi"nin hələ tam həll olunmadığına eyham vurmasının arxasında da xarici müdaxilənin mövcudluğu qətiyyən şübhə doğurmur.

Təbii ki, rəsmi İrəvanın davamlı olaraq, yaxın vaxtlarda sülh sazişinin imzalanma ehtimalını qabartdığı bir mərhələdə birdən-birə gözlənilmədən 2020-ci ildən öncəki dövrə geri dönmək cəhdi olduqca müəmmalı məqamdır. Hər halda, bütün bunlar qətiyyən təsadüfi ola bilməz. Bunu hətta sadəcə, baş nazir Nikol Paşinyanın şəxsi mövqeyi kimi izah etmək də mümkün deyil. Və bu baxımdan, Cənubi Qafqaz üzərində yeni məkrli oyunlara start verilmiş ola biləcəyindən şübhələnmək üçün əsaslar da mövcuddur.

3c6010dfe7ce369616e4cb2caf60a546.jpg (422 KB)

Böyük ehtimalla Ermənistanın beynəlxalq himayədarları, xüsusilə də, Fransa və rəsmi Parisin patronajlığı altında olan Avropa Birliyi Paşinyan hakimiyyətinə müəyyən vədlər, hətta təminatlar verib. Hər halda, Fransanın ermənilərdən daha çox erməni mövqeyindən çıxış etdiyi də inkaredilməz reallıqdır. Rəsmi Paris Ermənistanın hərbi potensialını gücləndirmək üçün də əlindən gələn hər şeyi edir. Və bu proses rəsmi İrəvanın revanşist mövqeyə sürükləməsi anlamı daşıyır.

Digər tərəfdən, Hindistan da Ermənistanın silahlandırılmasında Fransa ilə ortaq hərəkət edir. Belə ki, son məlumatlara görə, Hindistan tezliklə Ermənistana 600 milyon dollar dəyərində "Akaş" raket sistemləri göndərməyi planlaşdırır. Yəqin ki, belə sürətlə silahlanma və xarici himayədarların vədləri rəsmi İrəvanı yenidən cəsarətlındirməyə başlayıb.

Maraqlıdır ki, Kreml və rəsmi İrəvan arasında kəskin ziddiyyətlər olsa da, Ermənistanın yenidən silahlandırılması prosesinə Rusiyanın da bulaşdığı ortaya çıxıb. Belə ki, Hindistan Ermənistana Rusiya ilə ortaq istehsal etdiyi raket sistemləri göndərməyə hazırlaşır. Üstəlik, rəsmi Dehli Kremlin icazəsi olmadan həmin raket sistemlərini hər hansı ölkəyə, eləcə də Ermənistana sata bilməz. Əgər, satırsa, deməli, Rusiya buna artıq razılıq verib. Və bu, təsdiqlənəcəyi təqdirdə, Azərbaycan-Rusiya münasibətlərini zədələyə biləcək məsələdir.

Belə anlaşılır ki, Cənubi Qafqazda kəskin qarşıdurma vəziyyətində olan Qərb və Rusiyanın yeni regional münaqişə məsələsində maraqları böyük ölçüdə uzlaşır. Çünki həm Qərb, həm də Rusiya Cənubi Qafqazda sülh prosesinin pozulmasına cəhd göstərir. Buna nail olmağın ən real yolu isə regionda yeni müharibənin törədilməsinə bağlıdır. Yəni, hazırda bir-birinə düşmən olan Qərb və Rusiya ortaq şəkildə Cənubi Qafqazda silahlı toqquşmaların bərpasına cəhd göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR