Onlayn ictimai-siyasi qəzet
Deputat Kristine Vardanyan Ermənistanda “artsax bayrağına qarşı mübarizə”nin başlandığını açıqlayıb. Musavat.com bildirir ki, onun sözlərinə görə, “artsax bayraqları” parlamentdə müxalifət masalarından və digər yerlərdən xəbərdarlıq edilmədən yığışdırılıb.
"Biz bunu bayraq döyüşünə çevirməməliyik, çünki bir tərəf onu yerləşdirir, digəri isə götürür. Biz elə bir ölkə qurmalıyıq ki, artsax bayrağının mövcudluğu heç kim üçün problem yaratmasın", - Vardanyan bildirib. O, bu əski parçasının onlar üçün dəyərli olduğunu və onu həm ofislərində, həm də iş otaqlarında saxladıqlarını vurğulayıb.
Qeyd edək ki, Ermənistan parlamentində müxalifətdən olan deputatların masasında keçmiş mifik rejimin əski parçası olurdu. “Ermənistan parlamentində “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “bayraqları”nın nümayiş etdirilməsi müharibə təhlükəsi yaradan amillərdən biridir”. Bunu bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) davam etdirilməməlidir və parlamentdə “Qarabağ bayraqları”nın olması yeni gərginlik üçün zəmin yaradır.
“Qarabağ hərəkatı” davam etməməlidir, Ermənistan parlamentində “Qarabağ bayraqları”nın olması isə müharibə təhlükəsi yaradır. İnsanlar masanın üzərinə “bayraq” qoyduqda bununla həmin müzakirələri başlayır və qızışdırırlar. Bundan sonra kimin ilk nə dediyini və ya necə cavab verdiyini müəyyən etmək çətin olur”, - deyə Ermənistanın baş naziri bildirib.
Emil Salamoğlu
Musavat.com
03 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ