Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan yenə qeyri-adi paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib. Bu dəfə o, səhər saatlarında paylaşdığı video ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Paşinyan seçki kampaniyası çərçivəsində tərəfdarları ilə birlikdə avtobusla səfərə çıxarkən görüntülər paylaşıb. Videoda baş nazir avtobusdakı insanları salamlayır, daha sonra telefonunda mahnı səsləndirir. Bundan sonra o, ətrafındakılara jestlə işarə edir və iştirakçılar Paşinyanın tez-tez istifadə etdiyi ürək işarəsini təkrarlayırlar.
Kadrlarda avtobusdakı insanların demək olar ki, hamısının əlləri ilə ürək formasında işarə göstərdiyi görünür. Paşinyan paylaşımına isə qısa mesaj əlavə edib: “Sabahınız xeyir, gününüz uğurlu keçsin, sizi sevirik”.
Qeyd edək ki, Ermənistan baş naziri son aylarda sosial şəbəkələrdə paylaşdığı gündəlik görüntüləri ilə tez-tez müzakirə mövzusuna çevrilir. O, daha əvvəl avtobusda qarğıdalı və pirojki yeməsi ilə diqqət çəkmiş, bəzən isə mahnı fonunda romantik paylaşımlar edərək kofe içdiyi anları izləyicilərlə bölüşmüşdü.
Bu cür paylaşımlar Paşinyanın seçki kampaniyasında daha “sadə və yaxın” siyasətçi imici yaratmaq cəhdinin bir hissəsi kimi qiymətləndirilir.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ