İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament Konvensiyanı təsdiqlədi

Milli Məclis bu gün keçirilən iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, sənədi deputat Nizami Səfərov təqdim edib.

Komitə sədri Səməd Seyidov da sənədin əhəmiyyətindən danışıb.

Konvensiyanın ratifikasiyasının əhəmiyyətindən bəhs olunarkən bildirilib ki, Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Konvensiya preambula və 33 maddədən ibarətdir.
Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, bu sahədə müəyyən əməllərin kriminallaşdırılmasının təmin edilməsi, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Konvensiya transplantasiya məqsədləri və digər məqsədlər üçün insan orqanlarının alverinə, həmçinin qanunsuz götürülmə və qanunsuz implantasiya formalarına tətbiq edilir.

Konvensiyada insan orqanlarının qanunsuz götürülməsi və bu cür orqanlardan istifadənin qarşısının alınması, donor və resipientin qanunsuz axtarışı və cəlb edilməsi, qanunsuz üstünlüklərin təklif və ya tələb edilməsi, habelə qanunsuz götürülmüş orqanların hazırlanması, saxlanması, daşınması, ötürülməsi, qəbulu, idxalı və ixracı kimi əməllərlə bağlı cinayət məsuliyyətinin müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cinayətlərin törədilməsinə köməklik, təhrikçilik və cəhd halları da əhatə olunur.

Sənəddə cinayətlərin istintaqı və təqibi, qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri, habelə beynəlxalq əməkdaşlığın təmin edilməsi ilə bağlı müddəalar təsbit edilib. Həmçinin, cinayət nəticəsində əldə edilmiş gəlirlərin müsadirəsi, zərərçəkmiş şəxslərin hüquqlarının qorunması, onların fiziki, psixoloji və sosial bərpasına yardım göstərilməsi, eləcə də şahidlərin müdafiəsinin təmin olunması ilə bağlı müddəalar əks olunub.

Qanun layihəsinə əsasən, Azərbaycan bəyan edir ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Müzakirələrdən sonra Konvensiya səsverməyə çıxarılaraq qəbul olunub.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR