İnsanlara hürriyət, millətlərə istiqlal!

Özdeniz ailəsinin sehirli dünyası və ya bir saatlıq cam sənətçisi olmağın həzzi -FOTO, VİDEO

Türk dövlətlərinin bir qrup media mənsubunun Türkiyə səfərinin növbəti ziyarət ünvanı barədə ötən yazımızda məlumat vermişdik. Dünyanın möhtəşəm şəhərləri sırasında yer alan İstanbulun Çamlıca adlanan hissəsindəki Beykoz Cam və Büllur Muzeyini ziyarətdən sonra sənətkarların olduğu odaya – emalatxanaya yollanırıq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Türkiyənin Özbəkistandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin informasiya dəstəyi ilə reallaşan bu səfərdə zövq aldığımız daha bir möhtəşəm ünvandır.

Bizi Caner qarşılayır. “Ailəcə bu işlə məşğuluq. Mənim atam da sənətçidir. Bir azdan o da gələr və sizə bu sənətlə bağlı bilgi verər”-deyərək şüşə böcək hazırlamağa başlayır. İlk dəfə belə bir əl işinə şahidlik etdiyimizdən bir da heyrətlənirik, rəngarək şüşələrin alov dilimlərinə “yem” olub, böcəyə çevrilməsini izlədikcə...Masanın üzərində, qarşıdakı dolabda isə çoxsaylı əl işləri var: cürbəcür muncuqlar, insan, quş, heyvan fiqurları, daha nələr...Caner əl işini bitirib, “böcəy”i “soyumağa qoyur. Çünki soyumasa, zədələnə bilər.

Bu zaman usta gəlir, Canerin atası Ahmet Özdeniz. Səmimi salamladıqdan sonra bizi cam sənətinin incəliklərindən danışır. Ailəlikcə bu sənətə bağlıdırlar, iki oğlu və özü...1500 dərəcədə hazırlanan şüşə fiqurlardan sevə-sevə bəhs edir. Sənətin incəliklərindən bəhs etdikcə savavi rəqslərin ifaçısının şüşə fiqurunu hazırlayır,..Deyir 42 ildən bəridir şüşələrin içərisindədir. Əsərləri İstanbulda və Türkiyənin digər şəhərlərində məşhurdur.

Sonra da Türk dövlətlərindən gəlmiş media mənsublarına bir-bir şüşə fiqurlar hazırlamağın sirrini əyani olaraq öyrədir. Hər kəs istəyinə uyğun əşyanı seçir. Mən də Azərbaycan bayrağının rənglərinə uyğun şəkildə göz muncuğu hazırlamaq istəyirəm. Əvvəlcə alovun dillərində nisbətən böyük şüşəni əridirəm, sonra onu barmaqlarımın ucunda fırladıram ki, dairəvi olsun. Daha sonra mavi, qırmızı və yaşıl rəngli çubuqlarla nöqtələyirəm dairələnmiş fiquru. Hər iki əl işləməlidir, dayandınsa, zəhmətin hədər gedəcək. Alınır! Ahmet usta sonda əl işimdən razı qalır... Üç rəngli göz muncuğu! Məmləkətimizə, Türk dünyamıza nəzər dəyməsin!

Beləcə, bir saat boyunca zövq alırıq bu, gözəl məkanda. Özdeniz ailəsinin sirli sənətinə bələd olmaqla yanaşı, bir saat ərzində cam sənətçisi olmağın həzzini yaşayırıq. İnsanların öz sənətinə nə qədər bağlı olmaları, Türkiyə dövlətinin bu sənətkar ailəsinə necə yüksək qiymət verdiyini, hər cür şərait yaratdığını müşahidə etmək qürurlandırır. Vətəndaş Vətən üçün, ululardan qalma cam sənətinin sirlərini yaşatmaq üçün çalışır, dövlət də qarşlığında hər cür təşəbbüslərə yaşıl işıq yandırır. Yüz illər keçəcək və Beykoz Cam və Büllur Muzeyinin 1480 cam əsərlərinə əlavələr ediləcək, Özdeniz ailəsinin əl işlərindən ibarət. Sonucda qazanan məmləkət insanı, qos-qoca Türkiyə, Türk dünyası olacaq, sənətə, sənətkara qiymətin ən böyük qazancı budur...

 

Elşad Paşasoy,

Musavat.com

İstanbul

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR