İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbək süpürgəçi Rusiyaya vicdan dərsi keçdi- Xəcalət çək, Kreml!

Sankt-Peterburqda baş verən hadisə təkcə bir uşağın möcüzəvi şəkildə xilas edilməsi ilə deyil, həm də cəmiyyətə verilən dərin mesajla yadda qaldı.

Musavat.com xəbər verir ki, yeddi yaşlı oğlan yaşayış binasının yeddinci mərtəbəsindən yıxılarkən həyətdə işləyən süpürgəçi Xayrullo İ. saniyələr içində qərar verərək onu havada tutmağa nail olub.

Ağır zərbəni öz üzərinə götürən miqrant işçi qabırğa və bilək sümüklərindən xəsarət alıb. Həkimlərin məlumatına görə, uşaq sağ qalıb, onda baldır sümüklərinin və döş qəfəsinin sınıqları, həmçinin qapalı kəllə-beyin travması aşkarlanıb. Vəziyyəti nəzarət altındadır.

Hadisə geniş rezonans doğurub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev xilaskar süpürgəçini “Jasorat” (“Cəsarət”) medalı ilə təltif edib. Rəsmi sənəddə onun göstərdiyi igidliyin və humanist davranışın yüksək qiymətləndirildiyi bildirilib.

Lakin bu hadisə yalnız bir fərdin qəhrəmanlığı deyil. Bu, illərdir Rusiyada müxtəlif stereotiplərlə üzləşən müsəlman miqrantlara qarşı formalaşmış ikili standartlara cavab kimi də dəyərləndirilə bilər. Çox vaxt sosial təzyiqlərə, alçaldıcı münasibətə və ümumiləşdirilmiş ittihamlara məruz qalan insanlar məhz çətin anda ən yüksək insani keyfiyyətlərini nümayiş etdirirlər. 

Xayrullo İ. nə milliyyətini, nə də dini kimliyini düşünərək hərəkət etdi. O, sadəcə insan həyatını xilas etdi. Cəmiyyətin bəzi dairələrinin “yad” kimi təqdim etməyə çalışdığı bir miqrant saniyələr içində vicdanın və insanlığın tərəfində dayandı.

Bu, ilk belə hadisə deyil. İllər ərzində Rusiyada yaşayan azərbaycanlı və digər müsəlman miqrantların yanğınlarda, qəzalar zamanı və fövqəladə situasiyalarda həyat qurtarması ilə bağlı faktlar dəfələrlə gündəmə gəlib. Buna baxmayaraq, onlara qarşı formalaşmış neqativ ritorika davam edib.

Sankt-Peterburqdakı son olay isə bir daha göstərdi: qəhrəmanlıq pasporta baxmır, insanlıq millət seçmir. Bəzən cəmiyyətə ən böyük dərsi məhz “adi” hesab edilən insanlar verir. Bu dəfə həmin dərsi bir süpürgəçi verdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR