İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuzda mühüm YENİLİK – Qardaş ölkə bunu da etdi

Türkiyənin HAVELSAN şirkətinin “komandanlıq və idarəetmə” sahəsində mühüm proqram həllərindən biri olan Hərbi Hava Qüvvələrinin İnformasiya Sistemi ("HvBS") çərçivəsində hazırlanmış kritik imkanların bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının əməliyyat ehtiyaclarına uyğun olaraq hazırlanan "HvBS" hava əməliyyatlarının planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi proseslərini vahid rəqəmsal mühitdə idarə etməyə imkan verən qabaqcıl komandanlıq və idarəetmə infrastrukturu təqdim edir.

Mavi Savunma | HvBS, Azerbaycan Envanterine Girdi! Havelsan tarafından  geliştirilen “Hava Kuvvetleri Bilgi Sistemi”nin bazı kritik  kabiliyetleri... | Instagram

Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilmiş sistem əməliyyat mərkəzlərində çalışan heyətə vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməyə, tapşırıq və əməliyyatlarla bağlı məlumatları real vaxt rejimində idarə etməyə, kritik məlumatları vahid mərkəzdən izləməyə və qərar qəbuletmə proseslərini sürətləndirməyə imkan yaradır. Beləliklə, planlaşdırma, koordinasiya və icra proseslərinin sürəti, dəqiqliyi və səmərəliliyi əhəmiyyətli dərəcədə artır.

Bütün bu komponentləri vahid mərkəzdə birləşdirən və dünyada hərbi hava qüvvələrinin ən kompleks informasiya sistemlərindən biri hesab olunan "HvBS" əməliyyat hazırlığı proseslərini daha sürətli həyata keçirməyə və hava əməliyyatlarında yüksək manevr imkanları yaratmağa şərait yaradır.
Sistem modulları müxtəlif komandanlıq səviyyələri arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir, hava əməliyyatları ilə bağlı kritik məlumatların eyni vaxtda izlənilməsinə və əməliyyatların real vaxt rejimində idarə olunmasına imkan verir. Bu tədarük Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində proqram təminatı, idarəetmə və nəzarət texnologiyaları üzrə əməkdaşlığın səviyyəsini göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Türkiyənin HAVELSAN şirkətinin hazırladığı Hərbi Hava Qüvvələrinin İnformasiya Sistemi imkanlarının Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsinə verilməsi təkcə yeni proqram təminatının alınması deyil, ordunun komandanlıq, idarəetmə və qərar qəbuletmə imkanlarının keyfiyyətcə yeni mərhələyə keçməsi kimi qiymətləndirilə bilər:

“Müasir müharibələrdə üstünlüyü artıq yalnız silahların sayı deyil, məlumatın toplanması, emalı və ən qısa müddətdə qərara çevrilməsi müəyyən edir. Bu baxımdan "HvBS" sistemi Azərbaycan Hərbi Hava Qüvvələrinin idarəetmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Hava əməliyyatlarının planlaşdırılması və idarə olunması daha sürətli həyata keçiriləcək, komandanlıq məntəqələrində vahid əməliyyat mənzərəsi formalaşacaq, pilotlar, əməliyyat mərkəzləri və digər bölmələr arasında məlumat dövriyyəsi sürətlənəcək, insan amilindən qaynaqlanan gecikmə və səhvlər minimuma enəcək, real vaxt rejimində qərarların qəbul edilməsi mümkün olacaq. Bu isə xüsusilə pilotsuz uçuş aparatları, qırıcı aviasiya, hava hücumundan müdafiə sistemləri və radiolokasiya vasitələrinin eyni informasiya mühitində fəaliyyətini təmin edərək ordunun şəbəkə mərkəzli döyüş imkanlarını gücləndirir”.

Rövşən Məhərrəmov: "Ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması  qanunvericiliklə nəzərdə tutulmuş praktikadır"

Ekspertin fikrincə, bu tədarük Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin idarəetmə modelinə uyğunlaşdırılması istiqamətində atılan növbəti strateji addımlardan biri hesab oluna bilər:
“Son illər Azərbaycan ordusunda NATO standartlarına uyğun qərargah sistemi, Türkiyə modeli üzrə komando birlikləri, ortaq təlimlər, rabitə və komandanlıq sistemlərinin uyğunlaşdırılması, hərbi təhsil və qərar qəbuletmə mexanizmlərinin yaxınlaşdırılması ardıcıl şəkildə həyata keçirilir. HvBS isə bu prosesin proqram təminatı və rəqəmsal idarəetmə hissəsini gücləndirən mühüm elementdir. Bu, gələcəkdə iki ölkənin hava qüvvələrinin birgə əməliyyatlar zamanı daha yüksək uyğunluq səviyyəsində fəaliyyət göstərməsinə imkan yaradacaq”.

R.Məhərrəmov deyib ki, sistemin tətbiqi Azərbaycanın milli təhlükəsizliyi üçündə bir neçə mühüm üstünlük yaradır: “Birincisi, qərar qəbuletmə müddəti əhəmiyyətli dərəcədə qısalır. Müasir hava döyüşlərində bəzən saniyələr nəticəni müəyyən edir. İkincisi, müxtəlif mənbələrdən, radarlar, HHM sistemləri, pilotsuz uçuş aparatları və digər vasitələrdən daxil olan məlumatlar vahid mərkəzdə birləşdirilir. Bu da hava məkanına nəzarəti daha effektiv edir. Üçüncüsü, əməliyyatların koordinasiyası güclənir və müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyət daha səmərəli təşkil olunur. Dördüncüsü, sistem gələcəkdə yeni silah platformalarının və rəqəmsal idarəetmə texnologiyalarının inteqrasiyasını asanlaşdırır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR